ABŞ-la Almaniya qarşı-qarşıya

ABŞ-la Almaniya qarşı-qarşıya
  02 May 2013    Oxunub:1403
ABŞ hakimiyyəti Suriya müxalifətinə silahla təmin etmək niyyətindədir, Almaniya isə buna izn verməyəcəyini bəyan edir.
ABŞ hakimiyyəti Suriya müxalifətinə yardımı artıracaq, lakin hələlik onu silahla təchiz etməyi planlaşdırmır. Bu barədə Ağ Evin mətbuat katibi Cey Karni bəyan edib. «Apardığımız siyasətə uyğun olaraq biz Suriya müxalifətinə silah göndərməmişik və göndərmirik, lakin biz mümkün addımları dəyərləndirməkdə davam edirik», deyə Karni bildirib.

Xatırladaq ki, keçirdiyi son mətbuat konfransında prezident Barak Obama Suriya barəsində istənilən addımların, o cümlədən hərbi güc tətbiqinin mümkünlüyünü təsdiq edib.

Karninin sözlərinə görə, ABŞ bu məsələləri « dostları və müttəfiqləri» və Suriya müxalifətinin əsas qüvvələrindən olan Hərbi Şura ilə müzakirə edir.

Qeyd edək ki, ABŞ-ın Suriya hökumətinin müxalifətə qarşı kimyəvi silahlardan istifadə etdiyinə dair iddialarından sonra qərbdə üsyançıların silahlarla təmin edilməsinə dair çağırışlar yenidən gündəmə gəlib.

Almaniyanın kansleri Angela Merkel isə Suriyaya silahların çatdırılması imkanlarını istisna edib. O bəyan edib ki, rəsmi Berlin gərginlik ocaqlarına silahların ixrac edilməsinə icazə verməyəcək. Merkelin fikrincə mövcud təhlükəsizlik və sabitliyi münaqişə tərəfləri özləri təmin etməlidirlər.

Bu arada Suriya hava qüvvələrinə məxsus döyüş təyyarələri Rakka şəhərinin cənubundakı məhəlləni bombalayıb. Ölən və ya yaralanan olmasa da bu hadisə əhali arasında böyük təşvişə səbəb olub.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti