TQDK bölgələrdə imtahan keçirir

TQDK bölgələrdə imtahan keçirir
  02 May 2013    Oxunub:1812
TQDK tərəfindən növbəti monitorinq imtahanları keçiriləcək
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası aprelin 29-da, 30-da və mayın 1-də Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanına əsasən Gəncə, Göygöl, Şəmkir, Tovuz, Qazax, Ağstafa, Mingəçevir, Şəki, Qax, Balakən, Oğuz, Qəbələ və İsmayıllı rayonlarında ümumi təhsil müəssisələrinin V və XI sinif şagirdləri arasında monitorinq imtahanları keçirib.

Qurumun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, imtahan bütün binalarda təlimata uyğun keçirilib.

Növbəti monitorinq imtahanları 6, 7 və 8 may tarixlərində Bərdə, Ucar, Göyçay, Ağdaş, Şirvan, Kürdəmir, Biləsuvar, Masallı, Neftçala, Salyan, Lənkəran, Quba və Şabran rayonlarında ümumi təhsil müəssisələrinin V və XI sinif şagirdləri arasında keçiriləcək.

Monitorinq imtahanı XI siniflər üzrə 119 orta ümumtəhsil müəssisəsində, V siniflər üzrə isə 182 orta ümumtəhsil müəssisəsində keçiriləcək.

XI siniflərin imtahanı saat 10:00-da, V siniflərin imtahanı isə saat 12:00-da başlanacaq.

İmtahanlarda 4386 nəfər XI sinif şagirdinin, 5935 nəfər V sinif şagirdinin iştirak etməsi nəzərdə tutulur.

Ümumi təhsil müəssisələrinin XI sinif şagirdləri mayın 6-da Azərbaycan dilindən, mayın 7-də riyaziyyatdan, mayın 8-də isə fizika fənnindən imtahan verəcəklər.

Azərbaycan bölməsinin V sinif şagirdləri mayın 6-da Azərbaycan dilindən, mayın 7-də isə riyaziyyat fənnindən imtahan verəcəklər. Rus bölməsinin V sinif şagirdləri isə mayın 8-də rus dili fənnindən imtahan verəcəklər.

AzVision.az


Teqlər:





Xəbər lenti