Azərbaycanın biznesmen deputatları - ARAŞDIRMA (FOTOLAR)

Azərbaycanın biznesmen deputatları - ARAŞDIRMA (FOTOLAR)
  24 Oktyabr 2014    Oxunub:46293
Dünyanın bir çox ölkələrində parlament üzvləri öz gəlirlərini açıqlayır, gəlir deklarasiyalarını təqdim edirlər. Deputat mandatı daşıyanlar arasında məşhur holdinq rəhbərləri, milyonçular və iş adamlarına da rast gəlmək mümkündür.

Bu yaxınlarda Ermənistan parlamentinin deputatları 2013-cü il üçün mülk və gəlir haqqında öz deklarasiyalarını təqdim ediblər.


Erməni mətbuatının yaydığı məlumata görə,parlamentdə 19 milyonçu (dollarla götürüldükdə) deputat var. Onlardan 9-u hakim “Respublika” və “Çiçəklənən Ermənistan” partiyalarının üzləri, yalnız bir nəfər (Araik Qriqoryan) isə bitərəfdir.

2013-cü ci ilin yekunlarına görə, erməni deputatlar deklarasiyada ümumilikdə 49,1 milyard dram, 80,7 milyon dollar və 27,1 milyon avro gəlirləri olduğunu göstəriblər. Ermənistan parlamentində ən varlı fraksiya “Çiçəklənənə Ermənistan”dır. Belə ki, onun deputatlarının ümumi gəlirləri 163,6 milyon dollardır. Parlamentdə ən varlı deputata elə həmin fraksiyanın rəhbəri Qarik Çakuryandır. Onun 134,2 milyon dollar gəliri olduğu bildirilir”.

Nədənsə Azərbaycan Parlamentinin üzvlərinin gəlirləri ictimaiyyətə məlum deyil. Deputatlarımız arasında milyonçuların olub-olmaması da bəlli deyil. Buna baxmayaraq mətbuat kluarlarında qeyri-rəsmi olaraq deputatlarımızın gizli saxladıqları biznesləri ilə bağlı müxtəlif məlumatlar yayılır.

AzVision.az Milli Məclis üzvlərinin bəzilərinin bizneslərini oxuculara təqdim edir.


Bu günlərdə yaxın qohumunu həbs etdirməsi xəbəri ilə gündəmə gələn deputat Əsabil Qasımov 2010-cu ildə millət vəkili seçilənə qədər “Karat” MMC şirkətinin prezidenti olub.

2006-cı ildə “Karat” MMC-nin də daxil olduğu “Karat Holdinq” yaradılıb. İki il sonra “Karat” MMC Mənzil Tikinti Kooperativi kimi qeydə alınıb. Həmin holdinqdə və MTK-da idarəçiliyi Ə.Qasımov deputat seçiləndən sonra yaxınlarına tapşırıb.

Mətbuatda yer alan məlumata görə, “Karat Holdinq"in tərkibinə - Karat MTK, İdeal MMC, İzmir MMC (tikinti şirkətləri); Azinvest Tikinti Şirkəti; Everest-M, Şin Servis (armatur alğı-satqısı); Karmen MMC (dəyirman və un alğı-satqısı); Hökməlidə Makaron Fabriki, Hökməlidə Kisə Fabriki; ASTEL MMC (Məhəmmədi, Mehdiabad və Şamaxıda Quşçuluq Fabrikləri), Taxıl Anbarları və Dəyirman Kompleksləri (Şəkidə, Kürdəmirdə, Marneulidə və Gürcüstanın müxtəlif bölgələrində); Gəncə Fatoğlu (un dəyirmanı); Bakı şəhəri, Zərifə Əliyeva küçəsində 18 mərtəbəli iki Marina Plaza oteli; Zərifə Əliyeva küçəsində iki mərtəbəli restoran; Bakı şəhəri Səməd Vurğun küçəsində Ağ Saray Binası; Bakı şəhəri Xan Şuşinski küçəsi 12, İmran Qasımov küçəsi 16, Qulu Quliyev küçəsi 21, Süleyman Rüstəm küçəsi 61-də yerləşən 18 mərtəbəli dörd bina; İzmir küçəsi 7A və 7B-də yerləşən 19 mərtəbəli iki bina; Zərifə Əliyeva küçəsi 53-də yerləşən 23 mərtəbəli bir bina, Süleyman Rüstəm küçəsi, 61-də yerləşən "Premium Market" daxildir.

Rəsmi olaraq adları çəkilən şirkətlər Əsabil Qasımovın adına olmasa da holdinqin onun nəzarəti altında olması şübhəsizdir.



Qardaşı oğlunun qətl törətməsindən sonra deputat Hüseynbala Mirələmovun sahibi olduğu restoranın adı mətbuata məlum oldu. Belə ki, deputatın qardaşı oğlu “1001 gecə” restoranında silahla bir nəfəri öldürüb, bir neçə nəfəri yaralamışdı. Bundan sonra H.Mirələmov mətbuata açıqlamasında həmin restoranın ona məxsus olduğunu təsdiqləmişdi.



Milli Məclisin Sosial siyasət komitəsinin sədri, Lənkəranın deputatı Hadı Rəcəblinin də fəaliyyəti dövründə özünə yaxşı biznes qurduğu deyilir. Hərçənd ki, deputat bunu inkar etsə də Lənkəranda dəniz kənarında yerləşən möhtəşəm “Palıdlı Sahil” ailəsi istirahət mərkəzinin ona məxsus olması haqda mətbuatda dəfələrlə məlumat yayılıb. Bundan əlavə deputatın Lənkəran və paytaxt Bakıda da bir neçə biznes obyektlərinin olduğu deyilir.



Lənkəranın digər deputatı Rüfət Quliyevin adı biznesmen deputatlar sırasında hallanır . O, “European Tobacco Baku” ASC-nin İdarə Heyətinin sədridir. “European Tobacco Baku” ASC ölkəmizdə tütün məmulatlarının istehsalını yerinə yetirir. "European Tobacco"nun potensial gücü Azərbaycanda siqaretə tələbatın 80-85 faizini qarşılamağa imkan verir.


Deputat Cavanşir Feyziyev “AVROMED” şirkətinin təsisçisidir. C.Feyziyev deputat olmaqla yanaşı dərman biznesi ilə məşğul olur. Hazırda “Avromed” bütün dərman bazarını nəzarət edir.



Əhməd Vəliyev deputat olması ilə yanaşı “Odlar Yurdu” Universitetinin rektoru kimi tanınır.

Həmçinin deputatın “Jalə-Biznes” MMC, “Jalə Plaza”, “Muğanbank” ASC və “Oksigen” klinikasına sahiblik etdiyi barədə dəfələrlə mətbuatda yazılar gedib.



Masallının keçmiş icra başçısı Qəzənfər Ağayevlə yaxın münasibətlərə sahib olan deputat Nəriman Əliyevin adı çəkilən rayonda bir sıra iri obyektlər sahibi olduğu deyilir. N.Əliyev Masallıda biznesmen kimi ad çıxarıb.


Milli Məclisin digər üzvü Xanlar Fətiyev deputat olmaqla yanaşı Gəncə Avtomobil Zavodunun direktorudur. Deputatın Gəncə şəhərində bir neçə biznes obyektlərinin olduğu deyilir.



Deputat Malik Həsənov qardaşı Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənova məxsus “Azinko” şirkətini idarə edir.



Millət vəkili Ərəstun Cavadov Mərkəzi Univermağın İdarə Heyətinin sədridir. Deputatın Ağsu rayonunda bir neçə obyekti var.


Kürdəmirin deputatı Fərhad Qəribov bizneslə məşğul olan parlament üzvlərindəndir. Onunla biznesi ilə bağlı mətbuatda dəfələrlə yazılıb. Məlumatlara görə, Bakıda yerləşən “Çıraq Plaza”, “Şəki” restoranlar şəbəkəsi Fərhad Qəribova məxsusdur.

Bundan əlavə deputat “Debütbank”ın rəhbəridir. F.Qəribov həmçinin Bakıda bir neçə obyektin sahibidir.



Bakı Dövlət Universitetinin (BDU) rektoru, deputat Abel Məhərrəmovun adı da bizneslə məşğul olan parlamentarilər sırasındadır. Qeyri-rəsmi məlumatlara görə, Bakıda fəaliyyət göstərən məşhur “Mona Liza” şadlıq sarayınınrektor-deputata məxsusdur.



Salyandan seçilən deputat, ehtiyyatda olan general-leytenant Əliağa Hüseynov biznesi olan deputatlardandır. Paytaxtın Həsən bəy Zərdabi prospekti 20-də, metronun "20 Yanvar" stansiyasının yaxınlığında yerləşən "Atlantis" şadlıq sarayı və “Adanalı Hasan Kolcuoğlu” restoranın ona məxsus olduğu bildirilir. Deputat bundan əlavə Salyanda ferması da mövcuddur.



Ölkədə bir sıra məmur və deputatlar bizneslə məşğul olsa da adətən bu işi qohumlarının, yaxınlarının adına sənədləşdirirlər. Deputat Rafael Cəbrayılovun tikinti biznesi ilə məşğul olduğu deyilir. Deputat mətbuata verdiyi müsahibələrində bunu inkar edərək özünün yox, qardaşlarının tikinti şirkətlərinin olduğunu qeyd edib.

Adlarını parlamentdə başqa deputatlar da var ki, biznes fəaliyyəti ilə məşğul olduqları deyilir.

Hazırladı: Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti