Avropada yoxsulluq, 120 milyon insan təhlükə qarşısında

Avropada yoxsulluq, 120 milyon insan təhlükə qarşısında
  26 Oktyabr 2014    Oxunub:1356
Avropa İttifaqı (Aİ) ölkələrində 120 milyondan artıq insan yoxsulluq və sosial məhdudiyyət təhlükəsi altındadır.
Avropa Komissiyasının rəsmi saytına əsasən, hazırda Aİ əhalisinin 24 faizi yoxsulluq təhlükəsi ilə üz-üzədir. Onların 27 faizi uşaqlar, 20,5 faizi ahıllar və 9 faizi isə əmək qabiliyyətli insanlardır. Yoxsulluq həddində yaşayan qadınların sayı kişilərdən 12 milyon nəfər artıqdır. Həmçinin avropalıların təxminən 9 faizi ciddi maddi çətinlik şəraitində yaşayırlar. Onların gündəlik həyat və normal məişət şəraitini təmin edən avadanlığı almağa vəsaitləri çatmır.

Avropanın intellektual, davamlı və inteqrativ inkişafına töhfə vermək məqsədilə Aİ ölkələri tərəfindən qəbul olunmuş “Avropa 2020“ strategiyasının əsas hədəflərindən biri 2020-ci ilədək 20 milyondan artıq insanı sosial məhdudiyyətlər və yoxsulluq səviyyəsindən xilas etməkdir. Məlumatda, həmçinin qeyd edilir ki, hazırkı vəziyyətdə Aİ ölkələri 2020-ci il hədəflərinə nail olmağa qabil deyillər. İqtisadi və maliyyə böhranı, eləcə də Avropanın müxtəlif ölkələri arasında sosial təminat sistemində ciddi fərqlər bu hədəflərə nail olmaq yolunda ən böyük maneələrdir.

İttifaq ölkələri, Aİ qurumları və müxtəlif sosial tərəfdaşların səmərəli fəaliyyətini təmin etməli olan “Yoxsulluq və sosial məhdudiyyətlərə qarşı Avropa platforması“ sayəsində qitədə yoxsulluğun qarşısının alınması üçün müvafiq siyasi qərarlar, sosial həll yolları və iqtisadi inkişaf istiqamətləri üzərində iş aparılır.


Teqlər:  





Xəbər lenti