İŞİD-ə qoşulan 6 azərbaycanlı həbs edildi
Virtualaz.org saytı “Rosbalt”a istinadən xəbər verir ki, əməliyyatın gedişində onlarla şübhəli həbs olunub. O cümlədən Moskvada İŞİD-ə qoşulan 6 azərbaycanlı saxlanılıb.
FTX-nin İŞİD tərəfdarlarına qarşı əməliyyatları son iki həftə ərzində Başqırdıstanda və Moskvada həyata keçirdiyi xəbər verilir. Saxlanılan Azərbaycan vətəndaşları Moskvanın Skotoproqonnıy keçidində avtoservislərin birində işləyib. Onlardan biri avtoservisin direktorudur.
“Əvvəllər onlar normal, işgüzar uşaqlar idilər, ancaq haradasa bir il əvvəl radikal islamçıları təbliğ edən şəxslərə qoşulublar. Saqqal buraxdılar. Sonra bizə məlumat daxil oldu ki, avtoservisdən əldə edilən gəlirlərin bir hissəsi Suriyaya göndərilir. Bundan əlavə, işçilər və onların direktoru digər Azərbaycan vətəndaşları arasında öz ideyalarını yayaraq onları Suriyaya döyüşməyə getməyə inandırmağa çalışırdılar” - deyə FTX-dəki mənbə bildirib.
Nəticədə Rusiyanın əks-kəşfiyyat xidməti həmin şəxslərin Rusiya üçün təhlükə təşkil etdiyini qərara alaraq onları “İslam Dövləti”nin maliyyələşdirilməsi ittihamı ilə həbs edib.
Mənbənin bildirdiyinə görə, son iki həftə ərzində FTX-nin Moskvada yaxaladığı İŞİD-çilər arasında Qafqaz və Orta Asiya əsilli bir neçə qrup şəxs də var.
“Analoji əməliyyatlar Rusiyanın digər regionlarında da keçirilir, tədbir davam edir. Əks-kəşfiyyatçılar Başqırdıstan sakinlərinin Suriya və eyni zamanda Pakistan-Əfqanıstan sərhədinə göndərilməsinə dair bir neçə faktı araşdırmaqdadır” - mənbə əlavə edib.
“Bizim tərəfimizən aşkarlanan belə faktlardan birinə görə Başqırdıstanda 20 nəfərdən ibarət ailə gəlirli bizneslə məşğul olub. Ancaq sonra ailə üzvlərindən kişilər, ardınca qadınlar radikal islama meyl ediblər. Əvvəlcə onlar gəlirlərinin böyük hissəsini “İslam Dövləti”nə və “Taliban”a göndərməyə başlayıblar. Daha sonra ümumiyyətlə aktivlərini sataraq ailəliklə Pakistan-Əfqanıstan sərhədinə yollanıblar. Tanışlarının dediyinə görə, ailə Başqırdıstanda cihad olmadığı üçün cihad gedən yerlərə getməyə qərar veriblər” - deyə mənbə bildirib.
Mənbənin dediyinə görə, Rusiya Federal Təhlükəsizlik Xidməti ölkə ərazisində müsəlmanlar arasında “İslam Dövləti”nin tərəfdarlarının sürətlə artmasından ciddi narahatdır.
“İslam Dövləti” Rusiyada tərəfdarlar toplamaq üçün həm internetdən təbliğat aparır, həm də öz emissarlarını göndərir.
Teqlər: