Milli Məclis bir neçə qanuna dəyişiklik etdi

Milli Məclis bir neçə qanuna dəyişiklik etdi
  28 Oktyabr 2014    Oxunub:1935
Azərbaycanda 5 yaşı tamam olmuş uşaqlara yeni fərdi identifikasiya kartı veriləcək.
AzVision.az xəbər verir ki, bu barədə "15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında" qanuna edilən dəyişikliklərdə nəzərdə tutulub.

Milli Məclisdə çıxışı zamanı qanun layihəsi barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, layihə Milli Məclisə Prezident İlham Əliyev tərəfindən təqdim olunub. Hazırkı qanunvericiliyə görə, "15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında" qanun qüvvəyə minənədək doğum haqqında şəhadətnamə almış 15 yaşı tamam olmamış vətəndaşlara şəhadətnamə ilə birlikdə verilən fərdi identifikasiya kartı vətəndaşın 15 yaşı tamam olana kimi etibarlıdır.

Yeni layihədə isə vətəndaşa doğum haqqında şəhadətnamə ilə birlikdə verilən fərdi identifikasiya kartının müddəti azaldılıb. Bu kartlar vətəndaşın 5 yaşı tamam olana kimi etibarlı olacaq. 5 yaşı tamam olmuş vətəndaşa verilən fərdi identifikasiya kartı isə vətəndaşın 15 yaşı tamam olana kimi etibarlı sayılacaq.

5 yaşı tamam olmuş vətəndaşa verilən fərdi identifikasiya kartının üzərində bir sıra lazımi məlumatlardan əlavə, onun fotoşəkli də yerləşdiriləcək.

Fərdi identifikasiya kartının 5 yaşı tamam olmamış vətəndaşa 5 iş günü ərzində verilməsinə və ya dəyişdirilməsinə görə dövlət rüsumu ödənilməyəcək.

5 yaşı tamam olmuş vətəndaşa fərdi identifikasiya kartının verilməsinə və dəyişdirilməsinə görə, həmçinin bu kartın 3 və ya 1 iş günü müddətində verilməsinə və ya dəyişdirilməsinə görə "Dövlət rüsumu haqqında" qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu alınacaq.

Kartın üzərindəki məlumatlarda səhv olduqda həmin kart müvafiq orqana daxil olduğu gündən 1 iş günü ərzində dövlət rüsumu alınmadan dəyişdiriləcək.
Yeni layihəyə əsasən, fərdi identifikasiya kartına yerləşdirilən elektron daşıyıcıya (çip) vətəndaşın gözlərinin rəngi əlavə edilməyəcək.

Qeyd edək ki, qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq qəbul edilib.

Bundan əlavə Milli Məclisdə Cinayət Prosessual Məcəlləsinə əlavə və dəyişiklik müzakirəyə çıxarılıb. Layihəyə əsasən məcəllənin 102.2-ci maddəsinə belə bir cümlə əlavə edilir: "Cinayət prosesində zərər çəkmiş şəxsin nümayəndəsi qismində zərər çəkmiş şəxs tərəfindən verilmiş və notariat qaydasında təsdiq edilmiş etibarnaməsi olan vəkillər və ya zərər çəkmiş şəxsin qohumları iştirak edə bilərlər".

Məcəlləyə yeni 340.2-1. maddəsi əlavə olunur: “Dövlət ittihamı bir neçə dövlət ittihamçısı tərəfindən müdafiə edildikdə məhkəmə çıxışı onların öz razılığına əsasən müəyyən edilən dövlət ittihamçısı tərəfindən səsləndirilir. İşdə təqsirləndirilən şəxsin bir neçə müdafiəçisi, zərər çəkmiş şəxsin (xüsusi ittihamçının), mülki iddiaçının və ya mülki cavabdehin bir neçə nümayəndəsi olduqda məhkəmə çıxışını müdafiə və ya təmsil olunan şəxsin müəyyən etdiyi müdafiəçi və ya nümayəndə səsləndirir. Göstərilən hallarda müvafiq məhkəmə çıxışından sonra məhkəmə iclasında fasilə elan edilmədən digər dövlət ittihamçısı, müdafiəçi və ya nümayəndə məhkəmə çıxışına əlavələr səsləndirə bilər".


Layihəyə əsasən məcəllənin digər maddələrinə texniki dəyişiklər də edilib. Səsvermə nəticəsində əlavə və dəyişikliklər qəbul olunub.

Anar Kəlbiyev


Teqlər:





Xəbər lenti