“Vətəndaşdan əsaslı-əsassız pul yığırlar” - Deputat

“Vətəndaşdan əsaslı-əsassız pul yığırlar” -  Deputat
  29 Oktyabr 2014    Oxunub:1866
Xəbər verdiyimiz kimi, bu gün Milli Məclisin növbəti plenar iclası keçirilib.
İclasda müzakirə olunan məsələlərdən biri də hərbi qulluqçuların icbari sığortasının ödənilməsi ilə bağlı məhkəmə qərarı olub.

Bu barədə millət vəkili Fazil Mustafa Facebook səhifəsində yazıb:

“Bu gün Milli Məclisdə çox vacib və ağrılı bir məsələyə diqqət çəkdim. Bilindiyi kimi, 28 yanvar 2014-cu il tarixli Azərbaycan Respublikasının Konstutusiya Məhkəməsinin qərarına əsasən 1997-ci il tarixli “Hərbi qulluqçuların icbari şəxsi sığortası haqqında” Qanun qəbul olunana qədər həlak olan, itkin düşən, xəsarət alan, lakin sığorta ödənişini almayan hərbi qulluqçulara qanunla nəzərdə tutulan sığorta ödənişi ödənilməlidir. Adamların əlində məhkəmə qətnaməsi olduğu halda sığorta şirkətləri icra etmək istəmirlər. Bəhanə də onu gətirirlər ki, Konstitusiya Məhkəməsi ödənişin verilmə qaydasını və şərtlərinin qısa muddətdə müəyyən olunmasını həmin qərarda Milli Məclisə tövsiyə edib”.

Deputatın sözlərinə görə, bu, birbaşa konstitusiya pozuntusudur:

“Konstitusiya Məhkəməsi Milli Məclisə heç bir halda tövsiyə verə bilməz. Demək ki, bilərəkdən məsələni Milli Məclisə yönləndirərək dondurublar ki, şəhid ailəsi haqqı çatan 11 min manat sığorta pulunu ala bilməsin. Beləliklə yüzə yaxın şəhid ailəsi hər gün dövlət idarələrinin, məhkəmələrin qarşısında sürünürlər”.

Fazil Mustafa qeyd edib ki, ölkədəki əsas korrupsiya mənbələri də məhz bu sahədədir:

“İcbari sığorta adı ilə milyonlarla manat vətəndaşlardan əsaslı-əsassız pul yığırlar, onun 5 faizini belə vətəndaşa xərcləmək istəmirlər. Azərbaycanda ən ciddi korrupsiya halları sığorta sistemində baş verir. Heç olmazsa şəhidin yetim qalan uşaqlarının qarğışını, bədduasını Milli Məclisə yönləndirməyək, təcili bu problemi həll edək ki, acınacaqlı vəziyyətdə olan bu insanlar haqqı çatan vəsaitlərini ala bilsinlər”.


Teqlər:





Xəbər lenti