Azərbaycanlılar Berlində etiraza qalxdı - FOTOLAR

Azərbaycanlılar Berlində etiraza qalxdı - FOTOLAR
  29 Oktyabr 2014    Oxunub:2500
Almaniyadakı Azərbaycan diasporu bu gün Berlində - Reyxstaqın qarşısında etiraz aksiyası keçirib.

Təxminən iki saat davam edən mitinqdə Almaniyanın müxtəlif şəhərlərindən gəlmiş 300-dən artıq soydaşımız iştirak edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AzVision.az-a verilən məlumata görə, əllərində Azərbaycan, Türkiyə bayraqları və müxtəlif plakatlar tutan aksiya iştirakçıları beynəlxalq aləmdən Ermənistanın təcavüzkar, işğalçı siyasətinə dair qətiyyətli mövqe nümayiş etdirməyi, XX əsrin ən dəhşətli insanlıq cinayətlərindən biri olan Xocalı soyqırımına hüquqi qiymət verməyi tələb ediblər. Avropada yaşayan azərbaycanlılar Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində siyasətini dəstəklədiklərini, Azərbaycan dövləti ilə həmrəy olduqlarını ifadə edən şüarlar səsləndiriblər.

Aksiya iştirakçıları bir milyondan çox həmvətənimizin məcburi köçkünə çevrilməsinə laqeyd yanaşan bəzi siyasi dairələri səmimi olmağa, Ermənistanın təcavüzü nəticəsində doğma torpaqlarından didərgin düşmüş azərbaycanlıların da hüquqlarının pozulması faktına həssaslıq göstərməyə çağırıblar. Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanın iqtisadi, siyasi və diplomatik sahələrdə əldə etdiyi nailiyyətləri alqışlayan soydaşlarımız insan hüquqlarının yüksək səviyyədə qorunduğu, demokratik təsisatların bərqərar olduğu, söz azadlığının təmin edildiyi Azərbaycan haqqında bəzi siyasi dairələrin qərəzli mövqeyinin onların müəyyən siyasi və iqtisadi maraqlarından qaynaqlandığını vurğulayıblar.

Soydaşlarımız hesab edirlər ki, Azərbaycan regionda sülhün, təhlükəsizliyin, iqtisadi rifahın təmin olunmasında müstəsna rol oynayır, buna görə də Azərbaycana qarşı mövcud təhlükə və təhdidlər regionun gələcəyini də şübhə altına alır. Aksiya iştirakçıları Azərbaycanda dini və etnik tolerantlığın yüksək səviyyədə olduğunu xüsusi olaraq vurğulayıblar. Ölkəmzin demokratik inkişaf yolu seçdiyi, insan hüquqlarının müdafiəsi, söz azadlığının təmin olunması sahəsində bir sıra uğurlara imza atdığını qeyd edən çıxışçılar, bütün bunlara baxmayaraq, bəzi dairələrin tamamilə qeyri-obyektiv mövqe nümayiş etdirməsinin anlaşılmaz olduğunu bildiriblər.

Aksiyaya qatılan soydaşlarımız Azərbaycanın müstəqil və güclü bir dövlət kimi özünü təsdiq etdiyini, bir sıra təşkilatların və bəzi ölkələrin rəsmi şəxslərinin, habelə dövlət qurumlarının açıqlamalarında müstəqil dövlətin daxili işlərinə qarışmaq cəhdlərinin açıq şəkildə müşahidə olunduğunu vuğuayıblar. Qeyd olunub ki, müasir dünyada sabitliyin və qarşılıqlı etimadın ən vacib şərtlərindən biri qarşılıqlı hörmətdir. Aksiyada çıxış edənlər dünya azərbaycanlılarının Azərbaycan dövləti və Prezidenti ətrafında sıx birləşdiyini, Vətəninin problem və qayğılarına biganə qalmadığını, onun maraqlarının müdafiəsi üçün hər cür fədakarlığa hazır olduğunu bildiriblər. Aksiya iştirakçıları Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətin ölkənin yeganə və ən düzgün inkişaf yolu olduğuna bütün dünya azərbaycanlılarının dərindən inandığını bildiriblər.

Bilefelddəki Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin üzvü Faiq Məmmədov mitinqdə çıxış edərək, azərbaycanlıların Prezident İlham Əliyevin münaqişənin həlli istiqamətində tutduğu mövqenin düzgün olduğuna inandığını, bu məsələdə Azərbaycan dövlətinin atacağı hər bir addımı dəstəkləyəcəklərini ifadə edib. Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin sədri Samirə Patzer-İsmayılova öz torpaqlarında doğmalarının məzarlarını ziyarət edən Dilqəm Əsgərov və Şahbaz Quliyevə qarşı Dağlıq Qarabağdakı qondarma rejimin qurduğu oyuncaq məhkəmə prosesindən dərin narahatlıq keçirdiklərini bildirib, bunu beynəlxalq hüquq normalarının kobud pozulması kimi qiymətləndirib və beynəlxalq məhkəmə instansiyalarını, habelə insan hüquqlarının müdafiəsini prioritet vəzifələri kimi təqdim edən beynəlxalq qurumları və dövlətləri məsələyə müdaxilə etməyə çağırıb.

Mitinqdə çıxış edən Sofiya Məmmədova, Nazilə Bəşirova, Mehparə Baxşəliyeva və digər soydaşlarımız Ermənistan silahlı qüvvələri tərəfindən cəbhə xəttində mütəmadi olaraq atəşkəsin pozulması, nəticədə dinc sakinlərin, o cümlədən qoca, qadın və uşaqların həlak olduğunu bildiriblər. Soydaşlarımız bu faciəli hadisələrə laqeyd qalan təşkilatların müxtəlif siyasi məqsədlərə xidmət edən şəxslər və qurumlarla bağlı qanun çərçivəsində görülən tədbirlərə kəskin reaksiya vermələrinin ciddi suallar yaratdığını qeyd ediblər.

Mitinq zamanı yerli sakinlərə alman və ingilis dillərində Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin əks olunduğu vərəqələr paylanılıb.

Mitinq Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi, Berlin Azərbaycan Evi, Bilefelddəki Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti, Maqdeburq Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti, Drezdendəki Alm.Az. Cəmiyyətinin təşkilatçılığı ilə baş tutub.

Qalereya




Teqlər:  





Xəbər lenti