10 diviziya yaranmalıydı, hələ ancaq biri var

10 diviziya yaranmalıydı, hələ ancaq biri var
  03 Noyabr 2014    Oxunub:5159
Sahib Alıyev

-Sən haradansan?
- Naxçıvandan.
- Naxçıvan haradadır?
- Azərbaycanda.
- Azərbaycanda... bəs ora haradadır?
- Qafqazı tanıyırsan?.. Bax, orada.
- Hə, belə de... Qafqazda, demək gürcüsən...
- Yox.
- Onda ermənisən.
- Nə erməni? Azərbaycanlıyam.
- Azərbaycanlı?


Neçə illər öncə əsgərlikdə olarkən culfalı Ramazanla bir rusun bu danışığını eşidib, söhbətə mən də qarışmışdım: “Bəli, azərbaycanlı. Bilmirsən, azərbaycanlı kimdir- Heydər Əliyev, Müslüm Maqomayev,- bax, biz də onlar kimi azərbaycanlıyıq”.

Mənim bu sözlərimdən sonra həmin rus balasının gözlərinin necə böyüdüyünü görmüşdüm. Və onun o böyüyən gözlərində biz də böyümüşdük. Axı necə böyüməyə bilərdik, gör, kimlərin yerliləri idik! Özü də bu iki nəhəngin adlarını çəkməyim təkcə bizi o rus balasının gözlərində böyütməmiş, bütün xalqımızı gürcüylə erməninin kölgəsindən çıxarmış, Qafqazı azərbaycanlılaşdırmış, elə həm də Azərbaycanlaşdırmışdı.

Mən elə o zamandan anladım ki, bizə “Haradan başlayır vətən” adı altında inşa yazdıran müəllimlərimiz heç düz etməyiblər. Vətən təkcə haradansa başlamır. Vətən həm də kimdənsə, nədənsə başlayır. Vətən sadəcə Şuşanın daşı, torpağı deyil, o daşın və torpağın üzərində böyümüş Xan, Xanın oxuduğu Qarabağ şikəstəsidir! Vətən Dilqəm Əsgərovla Şahlar Quliyevin getdiyi Kəlbəcərlə yanaşı, elə həm də onların özüdür! Və nə yazıqlar ki, Kəlbəcərimiz kimi, bu gün Dilqəmlə Şahbaz da erməni girovluğundadır.

Biz bütün dünyaya onların girovluqda qalmalarına etirazımızı çatdırmaq üçün kampaniya başladaraq, internet üzərindən 80 mindən artıq soydaşımıza çağırış göndərdik. Aradan iki həftədən də artıq vaxt keçir, fəqət, təəssüf ki, hələlik cəmi hər 10 nəfərdən biri bu çağırışa qoşulub. Nədən belə, niyə bu qədər az?! Axı kütləvi informasiya vasitələrində də davamlı olaraq bu haqda xəbələr getdi, keçirilən aksiyanın önəmi vurğulandı. Kimsə deyə bilər ki, erməni bəyəm bizim etirazımızı görüb, onları buraxasıdır? Yox, bu, sadəcə onun üçün atılan addımlardan biridir.

Etiraz səsimizi görən ermənilərin insafa gələcəklərini düşünmürük, təbii ki. Amma onlar görəndə ki, girovların buraxılması tələbilə başlanan kampaniyaya qoşulmaq çağırışı alan 80 min azərbaycanlının hamısı da olmasa, azı 70 mini səsimizə səs verib, bundan sarsılacaqlar. Hələ indinin özündə belə, 8 minin qoşulmasından əndişəyə düşüblər. Niyə? Çünki bununla biz bir toplum olaraq öz mobilliyimizi, milli məsələlər uğrunda təşkilatlanmaq bacarığımızı göstəririk.

Bu haqda demişdim, amma yenə təkrarlayıram ki, Dilqəmlə Şahların girovluqdan buraxılmalarını tələb etməklə biz təkcə bir xalq olaraq onların arxasında durduğumuzu göstərmirik. Həm də torpaqlarımızın erməni tapdağı altında qalmasıyla heç vaxt barışmayacağımızı ortaya qoyuruq. Görəndə ki, hətta həmin torpaqların işğalından sonra doğulan gənclər qarışıq, hər kəs bu məsələdə nə qədər həssasdır, qısa bir zamanda necə təşkilatlanmağı bacarırlar, ermənilərdən də çox onların havadarları öz hesablarını götürəcəklər. Və anlayacaqlar ki, azərbaycanlıları Qarabağsız Azərbaycana öyrəşdirmək, bizə bunu həzm etdirmək alınmayacaq.

Hərə bir cür yanaşa bilər, amma mənim fikrimcə, bizim bu aksiyamız bir savaşdır. Ermənilərlə internet üzərindən aparılan savaş. Bu savaşda azı 10 diviziyayla təmsil olunmaq istədik. Hələlik 8,8 min döyüşçüylə cəmi birini formalaşdırmışıq. Az öncə də vurğuladığımız kimi, hətta bunun özü də ermənilərdə əndişə doğurub. Gəlin, bu əndişəni yeni diviziyaların yaradılmasıyla onlar üçün sarsıntıya çevirək. Və buna çox yox, cəmisi yarımca dəqiqə vaxtınız gedəsidir.

Bəlkə də, kimsə aksiyada yer almaq üçün nə lazım gəldiyini, yəni https://www.facebook.com/SaveAzHostages səhifəsini bəyənmək və #SaveAzeHostages –a qoşulmaq üçün nəyi, necə etməyi bilmir. Mümkündür, amma bu onun səsimizə səs verməməsinə haqq qazandırmır. Çünki belə bir yanaşma düşmən sənin torpağını ələ keçirib, xalqını qırıb-çatarkən tüfəngin ola-ola, onunla necə davranmağı bilmədiyini tutarqa gətirərək, savaşmamaq kimi bir şeydir. Adama deyərlər ki, bilmirsən, bilənlərdən öyrən və savaş, burda çətin nə var ki?..


Teqlər:  





Xəbər lenti