“Bəzi radikal qruplar gəncləri öz təsir dairəsinə salmağa çalışır”

“Bəzi radikal qruplar gəncləri öz təsir dairəsinə salmağa çalışır”
  03 Noyabr 2014    Oxunub:1817
“Milli-mənəvi dəyərlərimiz və gənclər” mövzusunda konfrans keçirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Odlar Yurdu Universiteti ilə birgə “Milli-mənəvi dəyərlərimiz və gənclər” mövzusunda konfrans keçirib. Universitet rəhbərliyi, müəllim və tələbə heyətinin iştirak etdiyi konfansı giriş sözü ilə açan Odlar Yurdu Universitetinin rektoru, millət vəkili, professor Əhməd Vəliyev konfransın əhəmiyyətindən danışaraq qeyd edib ki, gənclərin radikal dini cərəyanların təsiri altına düşməməsi və bu istiqamətdə məlumatlandırılmasının təmin edilməsi üçün maarifləndirici tədbirlərin keçirilməsinə ciddi ehtiyac var. O, bildirib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə belə bir konfransın keçirilməsi məhz bu ehtiyacdan yaranıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ölkəmizdəki dövlət-din münasibətlərindən ətraflı danışaraq bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışı sürətlənib.

O, bu istiqamətdə Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edib və hazırda Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərimizin qorunması və təbliği istiqamətində həyata keçirdiyi işlərdən danışıb.
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı gənclər arasında dini maarifləndirmə işinin aparılmasının zərurətindən, bəzi radikal qrupların gəncləri öz təsir dairəsinə salmağa çalışmasından danışaraq, bunun qarşısının alınması üçün görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyini vurğulayıb.

Komitə sədri qeyd edib ki, Azərbaycanda dini radikalizmə qarşı mübarizə qanun çərçivəsində aparılır və bu mübarizədə ən effektiv vasitə maarifləndirmə işidir.

Konfransda məruzə ilə çıxış edən Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov ölkədə dövlət-din münasibətlərinin qanunvericilik bazasından, xalqımızın zəngin tolerantlıq ənənəsindən, müstəqilliyimizin bərpasından sonra milli-mənəvi dəyərlərimizə qayıdış prosesinin özünəməxsusluğundan, mövcud dini durumdan, zərərli dini cərəyanların təbliğat metodlarından və onlara qarşı həyata keçirilən tədbirlərdən danışıb. G. İsmayılov din sahəsində qarşıya qoyulan məqsədlər barədə məlumat verərək, dini radikalizmlə mübarizədə gənclərin rolunun xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.

Konfransın sonunda müəllim və tələbələri maraqlandıran suallara cavablar verilib.

Mirvari Nəcəf


Teqlər:  





Xəbər lenti