Azərbaycan cazı Avropa səhnəsində

Azərbaycan cazı Avropa səhnəsində
  05 Noyabr 2014    Oxunub:1736
Noyabrın 4-də Almaniyanın Düsseldorf şəhərində Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycan Respublikasının bu ölkədəki səfirliyinin dəstəyi ilə Azərbaycan mədəniyyəti axşamı keçirilib. “Düsseldorf Teatr Evi”ndə toplaşmış 800-ə yaxın qonaq Azərbaycan caz musiqini canlı olaraq izləyib.
Tədbiri açan səfir Pərviz Şahbazov çıxışında deyib ki, bu konsert Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən silsilə tədbirlərdən biridir. Sonra səfir ölkəmizin zəngin musiqi mədəniyyəti, müxtəlif musiqi janrlarının inkişafı barədə məlumat verib, Azərbaycan xalqının musiqi beşiyi olan Qarabağın Ermənistan tərəfindən işğal olunduğunu bildirib.

Azərbaycanın ümumi inkişafını konkret faktlarla diqqətə çatdıran diplomat, ölkəmizin coğrafi vəziyyətinə görə Avropa ilə Asiya arasında körpü, eləcə də Qərblə Şərq mədəniyyətlərini birləşdirən məkan olduğunu vurğulayıb.

Tədbirin aparıcısı Azərbaycan ilə Almaniya arasındakı tarixi əlaqələr, Azərbaycanda mövcud olan alman irsi, Mehriban xanım Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun respublimalızda və xarici ölkələrdə mədəni irsin qorunub-saxlanması, mədəni münasibətlərin təşviqi və gənclərin təhsil alması imkanlarının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi layihələr barədə məlumat verib. Azərbaycanda caz musiqisinin hələ keçən əsrin 30-cu illərində yarandığını bildirən aparıcı hazırda beynəlxalq aləmdə ən güclü caz ustalarından bir neçəsinin məhz Azərbaycanda yetişdiyini, Bakı Caz Festivalının bu janr üzrə aparıcı musiqi festivallarından biri olduğunu, caz-muğam sintezinin unikallığını vurğulayıb.

Azərbaycan caz musiqisi ustası Elçin Şirinov və Böyük Britaniya caz ustaları Deyv Hamblet və Sem Lasersonun ifasında möhtəşəm konsert proqramı tamaşaçılar tərəfindın alqışlarla qarşılanıb. Şirzad Fətəliyevin balabanda, Mircavad Qafarovun isə udda adları çəkilən caz ustaları ilə birgə milli mahnılarımızı sintez etməsi konsertə rəng qatıb.

Tədbir iştirakçılarına, həmçinin Heydər Əliyev Fondunun yeni nəşri – Berlin Humboldt Universitetində “Azərbaycan tarixi” kafedrasının müdiri professor Eva-Maria Auxun müəllifi olduğu “Azərbaycanda alman irsi” kitabı paylanılıb. Eyni zamanda, “Azərbaycanda alman izləri” fotosərgi və “Almaniya bir rəssamın gözü ilə” adlı rəsm müsabiqəsinin qaliblərinin əsərlərindən ibarət ekspozisiya nümayiş etdirilib.

Tədbirdə Şimali Reyn-Vestfal federal torpağı parlamentinin deputatları, Almaniyanın ictimai-siyasi və mədəniyyət dairələrinin, bu ölkədə akkreditasiya olunmuş diplomatik korpusun və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.


Teqlər:





Xəbər lenti