“Qarabağ”dan azarkeşlərə SÜRPRİZ

“Qarabağ”dan azarkeşlərə SÜRPRİZ
  05 Noyabr 2014    Oxunub:2444
UEFA Avropa Liqasının qrup mərhələsində noyabrın 6-da keçiriləcək "Qarabağ" - "Dnepr" oyunun hazırlıqlar davam edir.
AzVision.az-ın məlumatına görə, bu barədə Ağdam təmsilçisinin “Facebook” səhifəsində məlumat yerləşdirilib.

“"Dnepr"lə matça biraz tez gəlməyinizi hamınızdan xahiş edirik. Çünki oyundan əvvəl bayraq şou üçün stadionun tamamilə dolu olmağı vacibdir. Aşağıda yazacağımız məlumatları mütləq diqqətlə oxuyun və yaxınlarınıza bildirin:

1. Stadionda 31.000 bayraq olacaq. Hər oturacağa 1 bayraq qoyulacaq. Hər kəs öz oturacağındakı bayrağı götürsün və oyunçular meydana daxil olan zaman dalğalandırsın. 31.000 bayraq eyni anda dalğalanmalıdır.

2. Oyundan əvvəl "Anadır arzulara hər zaman Qarabağ" mahnısını məşhur bir xanəndəmiz səsləndirəcək. Sizdən xahişimiz nəqarəti bütün stadion birlikdə oxusun. Nəqarət hissəsi budur: "Anadır arzulara hər zaman QARABAĞ, Danışan dil-dodağım tar-kaman QARABAĞ, QARABAĞ can QARABAĞ ANA YURDUM!"

3. Start fiti səslənən zaman "İmarət" fan-klubu ilə birlikdə bütün stadion birlikdə ilk saniyə susub, ardından "1-2-3 QARABAĞ, QARABAĞ, QARABAĞ" şuarlarını var qüvvənizlə səsləndirməyi sizlərdən xahiş edirik.

Bir daha xatırladaq ki, Bakıda qazanacağımız bir qələbə, bir 3 xal çox şey deməkdir. İstər ölkə reytinqi, istərsə də "Qarabağ"ımızın öz reytinqi və qarşıdakı illərdə daha zəif rəqiblərlə qarşılaşmağı və eyni zamanda qrupdan çıxmaq üçün hava-su kimi lazım olan qələbədir. Ona görə də stadionda tum çırtlamaq lazım deyil. 90 dəqiqə dayanmadan dəstəkləmək və ən azı meydandakı 11 futbolçumuz kimi yorulmaq lazımdır.

Qeyd: Oyundan əvvəl, və oyun zamanı polislərlə hər hansısa bir münaqişəyə girərək gərginlik yaratmayın! Qoyulan qaydalara və onların dediklərinə əməl edin!”, – deyə məlumatda vurğulanır.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti