Bankomatlar qəpiyimizi niyə qaytarmır?

Bankomatlar qəpiyimizi niyə qaytarmır?
  07 Noyabr 2014    Oxunub:7422
Bankların yaratdıqları imkanlardan istifadə edən müştərilərin tez–tez qarşılaşdıqları problemlərdən biri də ödəmə aparatlarının qəpiklə pul qaytarmamasıdır. Manatdan istifadə edən vətəndaşlar belə halda artıq qəpiklərini geri ala bilmirlər. Həmçinin, qəpiklərin sonradan bankdakı hesablarının üzərinə gəlmədiklərini də deyirlər.

AzVision.az-a bununla bağlı danışan iqtisadçı-ekspert Vüqar Bayramov deyir ki, bankomatlarda qəpiklərdən istifadə olunmaması praktik olaraq yığılıb qalan həmin pulların müxtəlif qurumlar tərəfindən mənimsənilməsinə gətirib çıxarır:

“Yığılan pullar bank tərəfindən vətəndaşın hesabına əlavə olunmalıdır. Amma təəssüf ki, banklar və digər qurumlar bunu həyata keçirmirlər. Bunun da iki əsas səbəbi var. Birinci səbəb onunla bağlıdır ki, bankomatlara qəpik salınması üçün ora xüsusi proqramın yazılmasına ehtiyac var. Həmin proqram vasitəsilə bankomat qəpiyi tanıyır və onu qalıq kimi vətəndaşa geri qaytarır. Bu proqramların yazılması nisbətən bahalıdır. Banklarda bu proqramın yazılmasına maraqlı deyillər. Çünki həm vəsaiti xərcləmək istəmirlər, həm də düşünürlər ki, bu, prosedurların sərtləşməsinə gətirib çıxara bilər. Eyni zamanda, qəpiklər yığılaraq sonradan böyük vəsaitə çevrilir. Praktik olaraq bununla da banklar həmin vəsaitə sahib çıxmış olurlar. Mərkəzi Bank və müxtəlif dövlət qurumları bankomatların quraşdırlmasına nəzarət etməlidirlər”.

Ekspertin sözlərinə görə, bu qurumlar tərəfindən qəpiklərin geri qaytarılması məcburi xarakter daşımalı, qəpikləri qaytarmayan bankomatlardan istifadə qadağan edilməlidir.

“Bu inzibati tədbirləri dövlət qurumları və Mərkəzi Bank etməlidir. Bu gün bankomatların əksəriyyəti qəpikləri qəbul etmirsə, bu, o deməkdir ki, Azərbaycanda qəpiyin alıcılıq qüvvəsi olduqca zəifdir. Bu, həm də psixoloji olaraq infliyasiyanı sürətləndirən faktordur ki, istehlak bazarına psixoloji təzyiq göstərir”.

Məsələ ilə bağlı `Bank Of Baku`nun Reklam və İctimaiyyətlə Əlaqələr Departamentindən AzVision.az-a bildiriblər ki, müştərinin ödədiyi bütün vəsaitlər onun hesabına oturdulur:

“Müştəri manatla ödəyirsə, qəpiklə borcu olsa belə, kredit hesabıdırsa kreditini azaldır, digər hesablarıdırsa, yığılır... Bizdə billinqlər və annuitet cədvəllər manata yuvarlaqlaşdırılıb müştəriyə göstərilir”.

“Unibank”-dan AzVision.az-a verilən məlumatda isə deyilir ki, müştərinin ödədiyi hər artıq qəpik növbəti aylar üzrə ödənişindən çıxılır:

“Unibank KB öz müştərilərinin rahatlığı üçün kredit ödənişləri zamanı çox geniş imkanlar yaradıb. Unibank müştəriləri öz kreditlərini bank filiallarına gəlmədən də onlayn ( www.unibank.az və www.hesab.az saytlarında), bankomatlardan, MilliÖn və Manat ödəmə terminallarından, bankın cash-in aparatlarından və `Azərpoçt`un çoxsaylı şöbələrindən ödəyə bilərlər. Heç bir halda müştərinin ödəniş hüququ pozulmur. Ödəmə aparatlarının işləmə funksiyası ilə qəpiklə ödəniş etmək mümkün olmadığından, müştərinin ödədiyi hər artıq qəpik onun növbəti aylar üzrə ödənişindən çıxılır. Müştəri bankın fliallarında və eləcə də “Azərpoçt” şöbələrində ödənişlərinin həmin ay borclu olduğu həcmdə, yəni qəpik qalığı ilə də ödəyə bilər.

Məsələn, sizin 50 manat 88 qəpik borcunuz varsa, kredit ödənişinə bankın kassasına 50 manat 90 qəpik ödəyərək öz 2 qəpik qalığınızı kassadan ala bilərsiniz. Onlayn ödənişləri zamanı da ödədiyiniz məbləği ödəniş qrafasına – məsələn, 50 manat 82 qəpik yazarsanız, kartınızdan həmin məbləğ çıxılacaq. Ödəniş terminalları sırf müştərilərinin vaxtına qənaət etmək, işdən sonra ödənişlərini rahat şəkildə həyata keçirmələri üçündür”.

Şahanə RƏHİMLİ


Teqlər:  





Xəbər lenti