Bayrağımızın tarixçəsi - ARAYIŞ

Bayrağımızın tarixçəsi - ARAYIŞ
  07 Noyabr 2014    Oxunub:13172
Noyabrın 9-u Azərbaycanda Bayraq Günüdür. Dövlətimizin müstəqilliyinin, suverenliyinin rəmzi olan Dövlət bayrağının təsis edilməsi haqqında ilk qərar Azərbaycan Xalq Cümhuriyyəti Höküməti tərəfindən 1918 ci il iyunun 21- də Gəncə şəhərində qəbul edilib.Həmin qərara əsasən qırmızı rəngli Dövlət bayrağı üzərində ağ rəngli aypara və səkkizgüşəli ulduz təsvir olunmuşdu.

Bu bayraq cüzi fərqlə Osmanlı imperiyasının bayrağı xatırladırdı. Bugünkü Azərbaycan Respublikasının dövlət rəmzi olan üçrəngli milli bayraq isə 1918-ci ilin noyabrın 9- da Cümhuriyyət Hökümətinin iclasında Fətəlixan Xoyskinin məruzəsi əsasında qəbul edilib.

Hökümətin həmin iclasında Azərbaycanın dövlət bayrağının “ mavi, qırmızı və yaşıl rənglərindən, ağ aypara və səkkizgüşəli ulduzdan ibarət ” olması qərara alındı.

Məhəmməd Əmin Rəsulzadənin ifadəsi ilə desək, Cümhuriyyətin üç rəngli dövlət bayrağı türk milli mədəniyyətini, müasir Avropa demokratiyasını və İslam sivilizasıyasını əks etdirir.

Cümhuriyyətin Dövlət bayrağı Aprel işğalı (1920–ci il, 28 aprel) nəticəsində ləğv edilsə də, Azərbaycan xalqının istiqlal mübarizəsində böyük rol oynadı. 1988-ci ildə Azadlıq hərəkatı başlandıqda üçrəngli bayraq yenidən qaldırıldı.

1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən birinci sessiyasında Azərbaycan Xalq Cümhuriyyətin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi qəbul olundu. Həmçinin 1990-cı ilin noyabrın 29-da “Azərbaycan SSRİ-nin adının və dövlət bayrağının dəyişdirilməsi haqqında” fərman verildi. Bu fərman 1991-ci ilin fevralın 5-də qanunvericilik orqanı tərəfindən təsdiq olundu və Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında əsasnamə hazırlandı.

Azərbaycanda bayrağımız daim təbliğ olunur, ona sevgi aşılanır. 2007-ci ilin noyabrın 17-də Prezident İlham Əliyev Bakıda Dövlət Bayrağı meydanı yaradılması barədə sərəncam imzalayıb. Həmin sərəncama əsasən 2007 –ci ilin dekabrın 30-da Bakının Bayıl qəsəbəsində Dövlət bayrağı Meydanının təməli qoyulub.

Dövlət başçısı 2009-cu ilin noyabrın 17-də Dövlət Bayrağı gününün təsis edilməsi haqqında sərəncam imzalayıb və hər il 9 noyabr Azərbaycanda Dövlət bayrağı Günü kimi qeyd edilir.

2010-cu ilin sentyabrın 1-də Dövlət Bayrağı Meydanının İlham Əliyevin iştirakı ilə açılışı olub. Bayrağın dayağının hündürlüyü 162 metr, bünövrəsinin diametri isə 3.2 metrdir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450kv.m, kütləsi isə təqribən 350 kiloqramdır. Bayrağın dirəyi ən hündür bayraq dirəyi kimi 2010–cu ilin mayın 29-da Ginnesin Rekordlar Kitabına daxil edilib.

Nərmin Məmmədova


Teqlər:





Xəbər lenti