Azərbaycanlı biznesmenin oğlu 5 nəfəri öldürdü

Azərbaycanlı biznesmenin oğlu 5 nəfəri öldürdü
  10 Noyabr 2014    Oxunub:2816
Moskvanın Kutuzov prospektində azərbaycanlı sürücünün günahı ucbatından dəhşətli qəza baş verib. Ağır qəza nəticəsində sürücü Vaqif Mirzəyev də daxil olmaqla 5 nəfər həlak olub.

Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Moskvada yaşayan 24 yaşlı Vaqif Mirzəyev özünün bahalı “BMW M5” markalı avtomobilini saatda 200 km sürətlə idarə edirmiş. Bunu qəza şahidləri deyib.

Şahidlərin sözlərinə görə, bazar gününə keçən gecə saat 3-də baş vermiş qəza sırf V.Mirzəyevin günahı ucbatından baş verib: “O, yolun gah sağ, gah da sol tərəfinə çıxaraq dəhşətli sürətlə hərəkət edirdi. Bəzən qarşıdan gələn avtomobillərin yoluna çıxırdı”.

Moskva yol polisindən bildirilib ki, qəza Kutuzov prospektindəki 24 saylı binanın qarşısında baş verib. V.Mirzəyevin maşını yolun kənarında dayanmış taksiyə çırpılıb. “BMW M5” zərbənin təsirindən dərhal alışıb. Onu söndürmək mümkün olmayıb. Yanğını yalnız yanğısöndürmə və xilasetmə briqadalarının gəlişindən sonra söndürüblər.

Bundan sonra aparılmış ilkin təhqiqat zamanı V.Mirzəyevin və onun iki sərnişininin yanaraq öldüyü məlum olub. Ölənlərdən birinin şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb. Yalnız o məlumdur ki, həmin şəxs gənc kişidir. Taksidə də iki nəfər ölüb. Onlar taksi sürücüsü Koba Canelidze və onun sərnişini, 38 yaşlı Svetlana Bokovadır. V.Mirzəyevin maşınında olan 21 yaşlı Darya Dyadyura adlı gənc qadın isə onurğa sütununun sınığı və yanıq diaqnozu ilə xəstəxanaya aparılıb. O, “BMW M5”nin arxa oturacağında oturubmuş.

V.Mirzəyevin dostları Rusiya mətbuatına bildiriblər ki, o, iti sürət həvəskarı olub. Dostları onu da deyib ki, Vaqifin heç vaxt pul problemi olmayıb: “Vaqif varlı ailədən idi. Atası zəngin biznesmendir. Vaqifin əvvəllər “Mercedes ML350” markalı maşını vardı. “BMW M5” markalı maşını isə iki ay əvvəl almışdı”.

Rusiya mətbuatının araşdırmaları nəticəsində o da məlum olub ki, V.Mirzəyev vaxtaşırı olaraq avtomobil yarışlarında iştirak edib.

V.Mirzəyevin yaxın dostu Georgi Kikabidze deyib ki, o, hətta mükafatlar da qazanıbmış: “Vaqif stritreyserlərin (gecələr küçələrdə sürətlə maşın sürmək həvəskarlarının-red.) yarışlarının hamısında lap başda olardı. O, gecələr maşın sürmək həvəskarı idi. Bir dəfə də gecə qəza törətmişdi, amma o zaman ölüm-itim olmamışdı”.

O da məlum olub ki, V.Mirzəyev 4 il imiş maşını sürücülük vəsiqəsi olmadan sürürmüş. Onu sərxoş halda maşın sürdüyü üçün sürücülük vəsiqəsindən hələ 2010-cu ildə məhrum edibmişlər. V.Mirzəyev sürücülük vəsiqəsini bir də 2017-ci ildə ala biləcəkmiş.

Daha bir maraqlı fakt ondan ibarətdir ki, V.Mirzəyev iki il qabaq baş vermiş yol qəzasında da əsas fiqurantlardan olub. Belə ki, iki nəfərin ölümü ilə nəticələnən ağır qəza törətmiş David Arakelov adlı gənc hadisə yerindən məhz yaxın dostu V.Mirzəyev tərəfindən “Mercedes ML350”də qaçırılıbmış.


Teqlər:





Xəbər lenti