Abdulla Gül Azərbaycana gəlir

Abdulla Gül Azərbaycana gəlir
  13 Noyabr 2014    Oxunub:2041
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) Baş katibi Rövşən Muradov İstanbulda Türkiyənin 11-ci prezidenti Abdullah Güllə görüşüb.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, görüşdə 2015-ci ilin aprel ayında keçiriləcək III Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıqlar, Azərbaycanla Türkiyə arasında mədəni əlaqələrin inkişafı, bu münasibətlərin gücləndirilməsində NGBM-nin rolu və Abdullah Gülün sabiq prezident kimi verə biləcəyi töhfələr müzakirə olunub.

NGBM-nin baş katibi Rövşən Muradov Mərkəzin fəaliyyəti, həyata keçirdiyi layihələr, 2015-ci ilin aprel ayında təşkil olunacaq III Qlobal Müştərək Cəmiyyətlər Forumu haqqında Abdullah Gülə geniş məlumat verib. R.Muradov sabiq prezidenti bütün türk dünyası adından təşkilatın fəaliyyətində yaxından və aktiv iştirak etməyə, qarşıdakı foruma qatılmağa dəvət edib.

Mərkəzin əhəmiyyətini vurğulayan Abdullah Gül Azərbaycanda dünyanın nüfuzlu ictimai-siyasi liderlərinin birləşdiyi belə bir beynəlxalq əhəmiyyətli təşkilatın yaradılmasını sevindirici hal kimi qiymətləndirib və əlavə edib ki, bu, təkcə Azərbaycanın deyil, eyni zamanda, bütün türk dünyasının bəşəriyyəti narahat edən qlobal problemlərin həll yollarının tapılmasında iştirakını təmin edə bilər. Mərkəzin dəvətini yüksək dəyərləndirən eks-prezident III Qlobal Müştərək Cəmiyyətlər Forumunda iştirak etməklə Azərbaycana öz dəstəyini göstərəcəyini bildirib. A.Gülün fikrincə, atılmış hər bir addım iki dövlət arasında əlaqələrin daha da inkişaf etdirilməsinə xidmət göstərməlidir.

Xatırladaq ki, 2007-2014-cü illərdə Türkiyə Respublikasının Prezidenti olmuş Abdullah Gül buna qədər ölkənin xarici siyasət idarəsinə (2003-2007) və hökumətə (2002-2003) rəhbərlik edib.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin əməkdaşlığı çərçivəsində III Qlobal Müştərək Cəmiyyətlər Forumunda 40-dan çox ölkənin sabiq dövlət və hökumət başçısının iştirakı gözlənilir.


Teqlər:  





Xəbər lenti