Məmmədyarov Strasburqda hesabat verdi

Məmmədyarov Strasburqda hesabat verdi
  13 Noyabr 2014    Oxunub:1707
Azərbaycan Respublikasının xarici işlər naziri cənab Elmar Məmmədyarov Avropa Şurasının Nazirlər Komitəsinin iclasında çıxış edib.

Bu gün Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsindəki sədrliyi başa çatmaq üzrədir. Bildiyiniz kimi bu, mənim ölkəmin 2001-ci ildə Avropa Şurasına tam və bərabər hüquqlu üzv seçilməsindən sonra ilk sədrliyi olub.

Mövcud vəziyyətdə mən bildirməkdən fəxr duyuram ki, Azərbaycan sədrliyi dövründə Avropa Şurasının məqsədlərinin təşviq edilməsində əhəmiyyətli səylər göstərib. Bu altı ay qitəmizin tarixində çox gərgin keçib. Bunu nəzərdə saxlayaraq, Avropa Şurasının gündəliyindəki aktual məsələləri və üzv dövlətlərin qarşılaşdığı davamlı çağırışları nəzərə almaq Azərbaycanın sədrliyinin prioritetləri olub.

İndi isə sizləri bizim prioritet fəaliyyət istiqamətlərimizə uyğun olaraq görülən işlər barədə daha ətraflı məlumatlandırmaq istərdim.

Korrupsiyaya qarşı mübarizə sədrliyin prioritet vəzifələrindən birini təşkil edib. Mənim ölkəm Bakı şəhərində 30 iyun – 1 iyul 2014-cü il tarixlərində korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq standartlar və milli təcrübələr üzrə konfrans təşkil etməklə Avropa Şurasının səylərinə töhfə verib. Konfransda anti-korrupsiya qanunvericiliyi, korrupsiyaya qarşı preventiv tədbirlər, beynəlxalq əməkdaşlıq və ayrı-ayrı ölkələrin müvəffəqiyyətləri və üzləşdiyi problemlər kimi aktual məsələlər müzakirə edilib.

Azərbaycan Avropa Şurası idman nazirlərinin sentyabr ayında İsveçrənin Makolin şəhərində keçirilən 13-cü konfransında “İdman yarışlarının manipulyasiyasına dair Avropa Konvensiyası”nın imzalanmasından xüsusi məmnunluq duydu. Bu konvensiya artmaqda olan korrupsiya fenomeninə qarşı mübarizədə əsas alət olacaqdır. Biz bu sənədin 2015-ci ildə Bakı şəhərində keçirilməsi nəzərdə tutulan Avropa Oyunlarından öncə qüvvəyə minməsi üçün tezliklə ratifikasiyası üçün tələb olunan sayın əldə olunacağına inanırıq.

Sentyabr ayında Bakı şəhərində “İnsan hüquqları və qabaqcıl idarəetmə kontekstində dövlət xidmətlərinin göstərilməsi” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Bu məsələnin Avropa Şurası tərəfindən ilk dəfə olaraq müzakirə olunması xüsusi qeyd edilməlidir. Konfransda Azərbaycan qabaqcıl təcrübələrin mübadilə edilməsi üçün dövlət xidmətlərini göstərən agentliklərin beynəlxalq platformasının yaradılması təklifini qaldırıb. Biz üzv dövlətlərdən Avropa Şurasının məqsədlərinə nail olunmasında böyük rol oynayan bu təşəbbüsü dəstəkləmələrini gözləyirik.

Müxtəlif mədəniyyətli cəmiyyətlərin birləşməsi Azərbaycanın sədrliyinin prioritetləri arasında olub. Sentyabr ayının əvvəllərində Bakı şəhərində “Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqə” mövzusunda mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə 2014-cü il üçün Avropa Şurasının mübadilə görüşü keçirilib. Bakı mübadilə görüşü bir daha nəticələri tezliklə müvafiq məruzəçilər qrupu tərəfindən nəzərdən keçiriləcək və mümkün növbəti tədbirlər üzrə qərar qəbul ediləcək bu platformanın əhəmiyyətini vurğulayıb.

Bu geniş fəaliyyət xətti çərçivəsində Bakı həmçinin Avropa Şurasının ilk Mədəniyyət və Rəqəmsallaşdırma üzrə Platforma Mübadiləsinə, “Avropa İrs Günləri”nin qeyd edilməsi tədbirinə, “Avropa Şurasının (AŞ) Mədəni Marşrutlar üzrə İllik Məşvərət Forumu”na da ev sahibliyi etmişdir. Sədrlik çərçivəsində həmçinin “Nifrət nitqinə yox hərəkatı” kampaniyası çərçivəsində onun nailiyyətlərini möhkəmləndirmək məqsədilə Azərbaycanın Qəbələ şəhərində forum təşkil edilib.

Azərbaycan özünün növbəti prioritetinə uyğun olaraq hər kəsin ayrı-seçkiliyə məruz qalmadan sosial hüquqlara çıxışını təmin etmək üçün Avropa Şurasının öhdəliklərini tamamlamağa çalışmışdır. Bu kontekstdə biz Avropa Şurasının sosial həmrəylik strategiyasını və fəaliyyət planını nəzərdən keçirmək üçün ötən sentyabr ayında Bakı şəhərində konfrans təşkil etdik. Milli insan hüquqları institutlarının qadınların hüquqlarının təmin edilməsində oynaya biləcəyi rol iyun ayında Bakı şəhərində keçirilmiş Avropa Ombudsmanlarının Konfransında geniş müzakirə edilmişdir.

Sədrliyi ərzində Azərbaycan gənclər və təhsil məsələlərinə də diqqət ayırıb. Avropa Şurasının bu sahədəki səylərinə dəstək vermək məqsədilə Azərbaycan bəzi hallarda Avropa Şurasının coğrafiyasından kənara çıxan bir sıra beynəlxalq tədbirlər təşkil edib.

Bakı şəhərində keçirilən Avropa Şurasının “Demokratik Vətəndaşlıq və İnsan Hüquqları sahəsində Təhsil” Xartiyasının koordinatorlarının görüşünün, “Yerli demokratiya və gənclər” mövzusunda beynəlxalq konfransın və Avropa Vahid Təhsil Məkanı Konsepsiyasının həyata keçirilməsi üzrə təhsil nazirlərinin 4-cü iclasının məqsədi Təşkilatımızın səylərini təkmilləşdirmək olub.

Mən Avropa Şurasının güclü institusional dəstəyi ilə 28-30 oktyabr 2014-cü il tarixində, Bakı şəhərində keçirilmiş Birləşmiş Millətlər Təşkilatının “Gənclər siyasəti üzrə 1-ci Qlobal Forum”unu qeyd etmək istəyirəm. 80-dən artıq ölkədən gələn 700-ə yaxın gənclər nazirləri, gənclər siyasəti liderləri və mütəxəssisləri gənclər siyasəti üzrə qlobal təşəbbüsün yaradılması və dövlət gənclər siyasəti sahəsində təcrübə mübadiləsinə çağıran “Gənclər siyasəti üzrə Bakı Bəyannaməsi”ni qəbul ediblər.

Bununla yanaşı, Konvensiya sisteminin səmərəliliyinə xüsusi diqqət yetirərək insan hüquqlarının müdafiəsi və təşviqi məsələsi ötən ay Bakı şəhərində keçirilən “İnsan hüquqları və əsas azadlıqları haqqında Avropa Konvensiyasının ölkədaxili tətbiqində milli hakimlərin rolu” mövzusunda yüksək səviyyəli konfransda müzakirə edilib.

Azərbaycan həmçinin sədrlik üstünlüklərindən istifadə edərək Avropa Şurasının qonşu regionlarla bağlı siyasətinə dəstək verib. 7-8 noyabr 2014-cü il tarixində Bakı şəhərində keçirilən qonşuluq siyasəti üzrə yüksək səviyyəli konfransda qonşu regionlardan olan tərəfdaş ölkələrlə dialoqun dərinləşdirilməsi üzrə nailiyyətlər nəzərdən keçirilib. Həm Avropa Şurasına üzv dövlətlərdən, həm də tərəfdaş ölkələrdən olan iştirakçılar bu siyasətə birmənalı dəstəklərini ifadə ediblər. Avropa Şurası və tərəfdaş ölkələrinin hal-hazırda 2012-2014-cü illər ərzində həyata keçirilən əməkdaşlıq fəaliyyətlərini nəzərdən keçirdikləri dövrdə olmaları onu göstərir ki, bu konfransın nəticələrinin gələcək illərdə prioritetlərimizin müəyyən edilməsində bizim üçün təlimat rolunu oynayacaq.

Sədrlik dövrü həmçinin Nazirlər Komitəsi ilə Parlament Assambleyası arasında sıx qarşılıqlı əlaqə ilə yaddaşda qalıb. Bu xüsusda, Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri, cənab İlham Əliyev Assambleyanın iyun ayındakı sessiyasında çıxış edib. Nazirlər Komitəsinin sədri olaraq mən iyun və oktyabr sessiyalarında Komitəmizin fəaliyyəti üzrə hesabatları Parlament Assambleyasına təqdim etdim və onun üzvləri ilə fikir mübadiləsi apardım. Həmçinin ötən may ayında Bakı şəhərində Parlament Assambleyasının Daimi Komitəsinin iclasında çıxış etdim.

Biz Avropa Şurası ilə digər beynəlxalq təşkilatlar arasında qarşılıqlı fəaliyyətin və əməkdaşlığın möhkəmləndirilməsi səylərimizi də gücləndirmişik. Bu xüsusda, Azərbaycan hal-hazırda Birləşmiş Millətlər Təşkilatı ilə Avropa Şurası arasında əməkdaşlıq haqqında qətnamə layihəsi üzrə BMT-də konsensus əldə etmək üçün qeyri-rəsmi danışıqlar aparır.

Son olaraq mən hamının xeyrinə olacaq konsensusa əsaslanan nəticələrin əldə edilməsi istiqamətində sədrliklə uzlaşma və dialoq ruhunda işləyən üzv və müşahidəçi qismində iştirak edən dövlətlərə, Avropa Şurasının qurumlarına və Katibliyə bütün sədrlik dövrü ərzində göstərdikləri yüksək səviyyəli əməkdaşlığa görə təşəkkürümüzü bildirmək istərdim. Sizi əmin etmək istəyirəm ki, biz sədrlik müddətinin başa çatmasından sonra da Belçika və Bosniya və Herseqovinaya ümumi prioritetlərimizin həyata keçirilməsində dəstək verməkdə davam edəcəyik.

Siz sədrlik fəaliyyətləri ilə bağlı daha təfərrüatlı məlumatları nümayəndə heyətlərinə paylanacaq yazılı hesabatdan əldə edə bilərsiniz.


Teqlər:





Xəbər lenti