`Ermənilərin Azərbaycan ərazisində nə işi var?`
Belə bir sərlövhəli məqalə Özbəkistanın Sharh.uz portalında yerləşdirilib.
Məqalədə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın təkcə Dağlıq Qarabağ bölgəsini deyil, ona bitişik yeddi rayonunu da işğal etdiyi, bir milyondan artıq azərbaycanlının öz dədə-baba torpaqlarından qovulduqları, onların əmlakının və evlərinin dağıdıldığı, bütün bu məsələlərin BMT, NATO, Avropa Şurasının sənədlərində öz əksini tapdığı diqqətə çatdırılır.
Müəllif belə bir sual verir: “Ermənilər niyə azərbaycanlıların əsəbləri ilə oynayırlar?”. Müstəqil dövlətin torpaqlarının 20 faizini ələ keçirmək, vətəndaşlarını evsiz-eşiksiz qoymaq, onların əmlakını talamaq, bu azmış kimi işğal altındakı ərazilərdə hərbi təlimlər keçirməklə onsuz da gərgin olan vəziyyəti bir az da ağırlaşdırmaq - bütün bunlar lovğalıq və dikbaşlıq deyilmi? Belə bir vəziyyətdə özünə hörmət edən hər bir dövlət Azərbaycanın atdığı addımı atardı”.(AzərTAc)