Elman Mehdiyev parlamentdə hesabat verdi

Elman Mehdiyev parlamentdə hesabat verdi
  20 Noyabr 2014    Oxunub:1957
Ölkədəki iqtisadi inkişafa uyğun olaraq orta aylıq əmək haqqının artımı, daimi yeni iş yerlərinin yaradılması, qeydiyyatın gücləndirilməsi və pensiya sisteminə əlavə dövlət dəstəyi hesabına cari ilin 10 ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 2 milyard 402 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 8,8 faiz və ya 194 milyon manat çoxdur.
AzVision.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafi Fondunun sədri Elman Mehdiyev parlamentin bugünkü iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, sosial sığorta gəlirləri əvvəlki ilin yanvar-oktyabr aylarına nisbətən 11 faiz artaraq 1 milyard 386 milyon manata çatıb. Daxilolmaların 65 faizi və ya 904 milyon manatı qeyri-büdcə sektorunun payına düşüb ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 13,7 faiz və ya 109 milyon manat çoxdur. Dövlət büdcəsinin transferti proqnozlaşdırılan həcmdə, yəni 1 milyard 9 milyon manat təşkil edib.

Cari ilin 10 ayı ərzində Fondun xərcləri 2 milyard 377 milyon manat olub və bunun 98 faizi pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilib. Cari ildə pensiyaların indeksləşdirilərək artırılması ilə bağlı Azərbaycan Prezidentinin sərəncamı vaxtında icra olunub, həmin hesaba, eləcə də yeni təyin olunan pensiyalarda sığorta hissəsinin tədricən yüksəlməsi nəticəsində əmək pensiyalarının orta aylıq məbləği 173 manata, yaşa görə pensiyaçılar üçün isə 192 manata çatdırılıb. Bu, yaşa görə orta pensiya məbləğinin 2003-cü illə müqayisədə 10,3 dəfə artımı deməkdir və MDB-nin pensiyanın məbləği nisbətən yüksək olan ilk 4 dövləti içərisində ən yuxarı artımdır. Həmçinin, ölkəmiz, pensiyanın minimum məbləğinin əməkhaqqının minimum məbləğinə nisbətinə görə MDB-nin minimum əməkhaqqı göstəricisi yüksək olan ilk 3 arasında birinci yerdə qərarlaşıb.

Fondun növbəti il üçün büdcəsinə təsir edən makroiqtisadi, demoqrafik, məşğulluq və sığorta-pensiya sisteminin özünəməxsus göstəricilərinin dəyişmə ehtimalları isə belədir: əsas makroiqtisadi göstəricilər kimi ümumi daxili məhsulun 4,4 faiz real artımı şəraitində orta aylıq əmək haqqının real artımı 4,8 faiz, nominal artımı 7,2 faiz, əvvəlki ilə görə istehlak qiymətləri indeksinin 2,3 faiz təşkil edəcəyi nəzərdə tutulur; məşğulluq göstəriciləri üzrə iqtisadi fəal əhalinin orta illik sayı 4848 min nəfər, bundan iqtisadiyyatda məşğul olanların sayı 4639 min nəfər və muzdla işləyənlərin orta illik sayı 1582 min nəfər proqnozlaşdırılır; demoqrafik göstəricilər sırasında bütün əhalinin 21,8 faizini 15 yaşınadək olanlar, 69,0 faizini 15-59 yaşadək olanlar, 9,2 faizini 60 yaşdan yuxarı olanların təşkil edəcəyi gözlənilir; sığorta-pensiya sisteminin özünəməxsus göstəriciləri üzrə pensiyaya çıxma yaşı 1 yanvar 2015-ci ildən kişilər üçün 63, qadınlar üçün 60 yaş, pensiyaçıların orta illik sayı 1277,8 min nəfər götürülür, pensiya hüququ qazanmaq üçün tələb olunan sosial sığorta stajı və məcburi dövlət sosial sığorta haqqının dərəcələri dəyişmir.

Fondun büdcə xərclərinin 97,8%-i və ya 2 milyard 989,2 milyon manatı əhaliyə ödənişlərə, 2,2%-i və ya 67,1 milyon manatı isə digər xərclərə yönəldiləcək. Əhaliyə ödənişlərin 97,4%-ni və ya 2 milyard 910,5 milyon manatın pensiya xərcləri, 2,6%-ni və ya 78,6 milyon manatını isə müavinət xərcləri təşkil edəcək. Növbəti ildə 60 yaşdan yuxarı şəxslərin əhalinin cəmi sayındakı xüsusi çəkisinin 9,2% təşkil edəcəyi nəzərə alınarsa, bu kateqoriyanın əhalinin strukturundakı payının hər 1 faizinə ÜDM-in 0,53%-i qədər pensiya xərci düşür ki, bu da beynəlxalq aləmdə qəbul edilmiş göstəriciyə (0,3-0,48%) uyğundur. 2015-ci ildə pensiyaların baza hissəsinə və ona əlavələrə 1 milyard 536,5 milyon manat vəsait yönəldiləcəkdir ki, bu da cari ildəkindən 18 milyon manat çoxdur.
Əmək pensiyalarının sığorta hisssəsinin cari ilə nisbətən 8,2% və ya 103,9 milyon manat artacağı proqnozlaşdırılır. Bu artımın 20,7 milyon manatı pensiya məbləğlərinin 2015-ci ilin yanvarın 1-dən 2,3%-lik inflyasiya səviyyəsinə uyğun indeksləşdirilmə xərclərinə, qalan hissəsi (83,2 milyon manat) qulluq stajına görə əlavələrin artımına, eləcə də sistemə daxil olan və sistemdən çıxan pensiyaçıların pensiyaları arasındakı fərqin maliyyələşdirilməsinə yönəldiləcək.

Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il üçün büdcəsi haqqında qanunun qəbulu bu prioritetlərə nail olunmasına keçid istiqamətində etibarlı maliyyə təminatını formalaşdıracaq və pensiyaçıların sosial müdafiəsinin daha da gücləndirilməsinə imkan yaradacaq.

Sevinc İltifatqızı
AzVision.az



Teqlər:





Xəbər lenti