BMT-yə məktub: “Onlar dərhal köçürülməlidir”

BMT-yə məktub: “Onlar dərhal köçürülməlidir”
  16 Fevral 2013    Oxunub:2083
“Suriya ermənilərinin tələbatının doğma ev-eşiyinə qayıtmaq arzusu ilə yaşayan yüz minlərlə azərbaycanlının maraqlarının ziddinə olaraq təmin edilməsi cəhdləri istənilən halda qanunsuzdur, yolverilməzdir və qəbuledilməzdir”.
Bunlar Azərbaycanın BMT-dəki daimi nümayəndəsi, səfir Aqşin Mehdiyevin BMT-nin Baş katibinə göndərdiyi məktub deyilir.
AzVision.az-ın məlumatına əsasən, Aqşin Mehdiyev Azərbaycanın işğal edilmiş ərazilərində Suriya ermənilərinin məskunlaşdırılması ilə əlaqədar BMT-yə ünvanladığı məktubda bildirib ki, Azərbaycanın Dağlıq Qarabağ regionuna və işğal edilmiş digər ərazilərinə Suriya ermənilərinin köçürülməsi haqqında son məlumatlar Ermənistanın Azərbaycan torpaqlarını qəsdən məskunlaşdırmaq siyasəti yürütdüyünün daha bir əyani sübutudur.

Səfir məktubda vurğulayıb: “Beynəlxalq birliyin diqqətinin Suriya böhranından çıxış yollarının axtarışına yönəldiyi bir vaxtda bu ölkənin xalqının payına düşmüş məşəqqətlərdən digər regionda vəziyyəti və sülhə nail olmaq səylərini bundan sonra da mürəkkəbləşdirmək üçün istifadə olunur. Belə bir fakt heç bir şübhə doğurmur ki, Suriya ermənilərinin tələbatının doğma ev-eşiyinə qayıtmaq arzusu ilə yaşayan yüz minlərlə azərbaycanlının maraqlarının ziddinə olaraq təmin edilməsi cəhdləri istənilən halda qanunsuzdur, yolverilməzdir və qəbuledilməzdir”.
Məktubda bildirilib ki, Ermənistan beynəlxalq hüquqa görə, tətbiq edilən hüquq normalarını Azərbaycan ərazilərinin işğalı kontekstində pozduğu dərəcədə məsuliyyət daşıyır. Bununla əlaqədar qeyd etmək lazımdır ki, işğalçı ölkə Ermənistan təkcə öz silahlı qüvvələrinin və Ermənistan hökumətinin digər orqanlarının və agentlərinin hərəkətlərinə görə deyil, həm də nəzarətində olan, Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz yaradılmış separatçı rejimin hərəkətlərinə görə məsuliyyət daşıyır.

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Aqşin Mehdiyev məktubun sonunda deyib: "Belə məsuliyyətsiz və fitnəkar siyasətin uğur qazanmaq üçün heç bir şansı yoxdur. Beynəlxalq səviyyədə təsdiq edilib ki, həmin ərazilər Azərbaycanın tərkib hissəsidir və Ermənistan öz silahlı qüvvələrini oradan tamamilə çıxarmaq və öz qanunsuz fəaliyyətinin bütün nəticələrini, o cümlədən məskənlərin yaradılmasını ləğv etmək məcburiyyətində qalacaqdır.

Aydın məsələdir ki, Azərbaycanın işğal edilmiş ərazilərində məskənlərin yaradılması və digər qanunsuz hərəkətlər regionda sülhə, təhlükəsizliyə və sabitliyə bilavasitə təhlükədir və öz yurd-yuvalarını tərk etmək məcburiyyətində qalmış yüz minlərlə insanın hüquq və azadlığını pozur. Bununla əlaqədar olaraq, Azərbaycan hökumətinin Azərbaycanın işğal edilmiş ərazilərində cari məskunlaşma fəaliyyətini əsaslı şəkildə araşdırmaq, həmin ərazilərin bundan sonra da hər hansı şəkildə məskunlaşdırılmasına qarşı müqavimət göstərmək məqsədi ilə bütün zəruri tədbirləri görmək və orada məskunlaşan şəxslərin dərhal və qeyd-şərtsiz köçürülməsini təmin etmək xahişini bütün üzv dövlətlərə, Birləşmiş Millətlər Təşkilatının Katibliyinə və müvafiq idarələrə çatdırmağı özümə şərəf bilirəm".




Teqlər:





Xəbər lenti