Erməni qaçqınların torpaqlarımızdakı “beşmərtəbələri”

Erməni qaçqınların torpaqlarımızdakı “beşmərtəbələri”
  06 May 2013    Oxunub:1316
Suriyadan qaçan ermənilərə Azərbaycan torpaqlarında evlər tikilir.
Qərbi Azərbaycan torpaqlarında, eləcə də işğal olunmuş rayonlarda Suriyadan köçürülən ermənilər üçün beşmərtəbəli evlər tikiləcək. AzVision.az xəbər verir ki, Suriya ermənilərinin məskunlaşdırılması çərçivəsində Eçmiyəzdin, Masis və Aştarakda yeni evlərin tikintisi üçün 5 ha yer ayrılıb. Həmvətənlərinə “qahmar” çıxan Erməni hökuməti iqtisadi cəhətdən zəif olduğunu etiraf edərək evlərin tikintisi üçün lazım olan maliyyə vəsaitinin bir hissəsini elə Suriya ermənilərinin özlərinə ödətdirmək qərarına gəlib.

Başqa sözlə desək mənzillərin pulunu qaçqınlar hissə-hissə özləri verəcək, yalnız cüzi hissəsini sponsorlar ödəyəcək. Hələ məsələ o yerə gəlib ki, suriyalı qaçqınlar özləri də təmənnasız olaraq evlərin tikintisində fəhlə kimi işləməyi təklif ediblər. Yeri gəlmişkən bir sponsor tapılıb, lakin adı hələlik açıqlanmır.

Bu arada arzu edərlərsə, Suriyalı qaçqınlar üçün işğal olunmuş Azərbaycan torpaqlarında “həyət evləri” də tikilə bilər. Bu evlərin tikintisi isə pulsuz olacaq və Ermənistanın Memarlıq-İnşaat Universiteti tərəfindən həyata keçiriləcək.

Qeyd edək ki, evlərin tikintisi üçün ərazi prezident Serj Sərkisyanın tapşırığı əsasında ayrılıb.

Artıq ev sahibi olmaq istəyən 600 qaçqın erməni ailəsi müraciət edib. Lakin Ermənistan hökuməti hələlik yalnız 100 ailəni evlə təmin edə biləcəyini bildirib.

Nəzərinizə çatdıraq ki, Suriyada daxili münaqişə başlamazdan əvvəl 70-80 min erməni yaşayıb. Son iki il ərzində bu ölkəni 20 min erməni tərk edib. Onlardan 12 mini Ermənistanda sığınacaq tapıb, lakin ölkədəki acınacaqlı həyat şəraiti onları qane etmədiyindən Avropa və ABŞ-a üz tutublar.

Hazırda Ermənistanda7 min suriya ermənisi yaşayır ki, onların da əksəriyyəti işğal olunmuş Azərbaycan torpaqlarında məskunlaşdırılıb.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti