Müsavatın müşavirəsində QALMAQAL

Müsavatın  müşavirəsində QALMAQAL
  23 Noyabr 2014    Oxunub:1927
İsa Qəmbər Qubad İbadoğluna səsini qaldırıb .
Bu gün Müsavat Partiyasının ümumrespublika müşavirəsi keçirilib.

APA-nın məlumatına görə, müşavirədə çıxış edən partiyanın başqanı Arif Hacılı bildirib ki, partiyanın VIII qurultayından sonra partiya rəhbərliyi bir çox rayon təşkilatı ilə görüş keçirib, partiyanın qarşısında duran vəzifələr və qurultaydan sonra ortaya çıxan problemlər müzakirə olunub: “Onlar da bununla bağlı bəyanat qəbul edib, partiya rəhbərliyinin mövqeyini dəstəkləyiblər”.

O, ölkədə keçiriləcək bələdiyyə seçkilərindən də danışaraq, partiyada seçki ilə bağlı qərar qəbul edildiyini xatırladıb. A. Hacılı qeyd edib ki, Müsavat Partiyasının üzvlərinə seçkilərdə iştirakla bağlı sərbəstlik verilib və ayrı-ayrı yerlərdə üzvlər öz namizədliklərini irəli sürüblər. Onun sözlərinə görə, partiyanın üzvlük vəsiqələri dəyişdiriləcək və yeniləri ilə əvəz olunacaq. A. Hacılı qeyd edib ki, qurultaydan narazı qalanların irəli sürdüyü təkliflər partiyada geniş diskussiya olunub: “Müsavat Partiyası Nizamnaməyə uyğun fəaliyyət göstərir. Partiyanın qurultayında Nizamnamənin bütün tələblərinə əməl olundu. Seçki prosesi, şəffaf, alternativ qaydada keçdi. Rəhbərliyin seçkilərə heç bir təzyiqi olmadı. Təəssüf ki, partiyanın bəzi üzvləri təqdim etdiyi arayışın nəticələrini gözləmədən partiyanın qurultayını tənqid etdilər”.

O, başqanlığa sabiq namizəd Səxavət Əlisoyun da ittihamlarına cavab verib, onun partiyadan çıxarılma səbəbini açıqlayıb: “Başqanlığa namizəd olmuş Səxavət Əlisoy mənim saxtakarlıqla seçildiyimi və seçkilərin də saxtakarlıq şəraitində keçirildiyini iddia edib. Nizamnaməyə zidd davranaraq, partiya strukturlarının qərarlarına məhəl qoymayıb. Müsavat Partiyasının qurultayının legitimliyinin şübhə altına almağa heç bir əsas yoxdur. Bu proseslər durdurulmalıdır. Qeyri-müəyyənliyə son qoyulmalıdır”.

A. Hacılı Müsavat başqanlığına sabiq namizəd Qubad İbadoğlunun qurultay ərəfəsindəki pozuntularla bağlı Mərkəzi Nəzarət-Təftiş Komissiyasına (MNTK) təqdim etdiyi arayışdakı iddialara da münasibətini bildirib: “Arayışda göstərilir ki, qurultayda saxtakarlıq deyil, ədalətsizlik olub. Bu arayış MNTK tərəfindən araşdırılıb və cavab verilib. Ancaq mən bir neçə məsələyə aydınlıq gətirmək istəyirəm. Burada iddia olunur ki, qurultaydan əvvəl partiyanın rayon təşkilatları qeyri-qanuni olaraq buraxılıb. Ancaq bu, belə deyil. Bir neçə rayon təşkilatının sədri vəfat etdiyindən Divanın qərarı ilə yeni sədr təyin olunub. Başqa bir iddia var ki, Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsində Arif Hacılının adamları çox olub. Halbuki Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi təşkil ediləndə mən həbsxanada olmuşam. Belə olan halda mən komitəyə necə təsir göstərə bilərdim? Belə qeyri-ciddi məsələləri qaldırmaq Müsavat üzvlərinin mənafeyinə ziddir”.

Müsavat başqanının müavini Elman Fəttah isə çıxışında partiyadaxili məsələlərdən danışıb. O qeyd edib ki, partiyada bütün qərarlar kiminsə təsiri ilə deyil, konsensus yolu ilə qəbul olunub: “Başqanlığa və ya partiya strukturlarına namizəd olan heç kəsə təzyiq, aqressiya olmayıb. Yalnız müəyyən məsələlər sosial şəbəkələrdə qaldırılıb. Seçkidən sonra da bəzən haqsız ittihamlara cavab vermişik. Partiyanın bütün üzvləri bilməlidir ki, Müsavat əleyhinə olan qüvvələrin sistemli şəkildə qarayaxma kampaniyası aparması partiyanın parçalanmasına gətirib çıxara bilər”.

Başqanlığa sabiq namizəd Tural Abbaslı isə çıxışında qeyd edib ki, Müsavat üzvləri bir-birinə qarşı emosional davranmamalıdır: “Qurultayın nəticələri ilə bağlı bizim etirazımız yoxdur. Ancaq mən haqsız yerə təhqir olunan insanlardan biriyəm. İndi biz bir-birimizə qarşı vuruşuruq. Mənim iradım Müsavat rəhbərliyinədir. Çünki qalib tərəf səbirli olmalıdır. Bu şəraitdə Nizamnaməni pozanlara qarşı tədbirlərin görülməsinin əleyhinəyəm. Biz fraksiya yaradaraq öz sözümüzü deməliyik. Mən rəhbərliyin siyasətini bəyənmirəmsə, fraksiya yaradaraq sözümü deyəcəyəm”.

Başqanlığa sabiq namizəd Qubad İbadoğlu isə qeyd edib ki, Müsavatın bu günə gəlməsinin bir neçə səbəbi var. O, Müsavatda daxili demokratiyanın olmadığını vurğulayıb: “Müsavat dəyişməlidir. Qurultaydan qabaqkı Müsavat İsa Qəmbərlə bağlı idi. Müsavatın indiki dönəmi isə İsa Qəmbərin xarizması ilə idarə olunan deyil. Müsavatdakı keçid dövrü onu göstərdi ki, partiyada daxili demokratiya problemi var. Müsavatçılar Azərbaycanı demokratik görmək üçün ilk növbədə partiyadaxili demokratiyadan başlamalıdır. Təəssüflər olsun ki, idarəetmədə aqressiya önə çıxdı, bəzi müsavatçılar partiyadan çıxarıldı. Qərarlar birtərəfli oldu. MNTK-nın apardığı müzakirələr, verdiyi qərarlar Müsavatda daxili ziddiyyətlərin artmasına səbəb oldu. Kamil Xəlilbəyli sosial şəbəkələrdə təhqir olunduğu halda, partiyadan çıxarıldı”.

Bundan sonra Q. İbadoğlunun çıxışına yerdən replikalar atılıb, zalda qalmaqal yaranıb.

Q. İbadoğlu çıxışına davam edərək qeyd edib ki, Müsavat rayon təşkilatlarının qəbul etdiyi bəyanatlar partiyanın parçalanmasına xidmət edir: “Gedənləri xəyanətkar adlandırmaq təhqirə bərabərdir. Arif Hacılının ailə üzvləri mənim əleyhimə qalxıb. Vaqif Hacıbəylinin sosial şəbəkələrdə yazdığı fikirlərin əksəriyyəti mənim əleyhimə yönəlib. MNTK tərəf ola bilməz. Sevinc Hüseynova tərəfə çevrilib. Hesab edirəm ki, Müsavat Partiyası demokratik üsulla idarə olunmalıdır. Arif Hacılı İsa Qəmbər deyil”.

Qubad İbadoğlu özünün təkliflər paketini də açıqlayıb. O təklif edib ki, MNTK sədri ilə bağlı məsələyə yenidən baxılsın, partiyadan çıxarılanlar Müsavata qaytarılsın və partiya Nizamnaməsi nəzərə alınaraq, növbədənkənar qurultay çağırılsın.

Müsavat Məclisinin üzvü İkram İsrafil isə çıxışında Q. İbadoğlu və tərəfdarlarını Müsavat əleyhinə fəaliyyət göstərməməyə çağırıb. O qeyd edib ki, Q. İbadoğlunun tərəfdarları İsa Qəmbərin əleyhinə yönəlmiş fikirləri dəstəkləyir ki, onlardan biri də Müsavat Qadınlar Təşkilatının sədri Ellada Məmmədlidir.

Bundan sonra zalda “ar olsun” şüarları səsləndirilib. Tura Abbaslı isə zalda şüar səsləndirənlərlə bağlı MNTK tərəfindən tədbir görülməsini tələb edib.

Ellada Məmmədli isə İ. İsrafilin çıxışına etiraz edərək, onu mövqesiz adlandırıb. E. Məmmədli bildirib ki, İ. İsrafil artıq ikinci dəfədir, onu təhqir edir: “Mən İsa Qəmbərlə artıq 25 ildir, eyni yoldayam. Mən fikrimdə müstəqil biriyəm, başqaları kimi qul deyiləm. Bu gün mənim siyasi tələblərimi ödəyən lider kimi Qubad İbadoğlunu görürəm. Bunun üçün məni öldürməlisiniz? Biz düşmənik? Nə demək istəyirsiniz, biz partiyadan gedək? Mənə hədə gəlməyin. Bu hədələrin miqyası olmalıdır. Burada ancaq mənim əleyhimə olan insanlar çıxışa yazılıb”.

E. Məmmədlinin “Burada olanların əksəriyyəti Müsavatçı deyil, kənardan gəlmədir” ifadəsi isə zalda yenidən qışqırıqlara, qalmaqala səbəb olub.

Müsavat başqanının müavini Nüşabə Sadıqlı isə çıxışında qeyd edib ki, A. Hacılını da dəstəkləyənlərə qarşı kampaniya aparılır. O, E. Məmmədlini nəzərdə tutaraq, Müsavat rəhbərliyini ittiham etməməyə çağırıb: “Siz Arif Hacılını dəstəkləyənləri niyə təhqir edirsiniz? Niyə qəbul etmirsiniz? Mən Müsavat daxilində fraksiya yaradanlara da etiraz edirəm. Qubad İbadoğlu pozuntuları qurultayda tribunada deməli idi. Qurultaydan sonra bunu demək lazım deyildi”.

Q. İbadoğlu isə yerindən qalxaraq, “Orda desəydim, vəziyyət bundan da pis olardı” - deyə etiraz edib.

Bundan sonra zalda yenidən “qurultay saxta keçib” iddiaları səsləndirilib.

A. Hacılı bir daha çıxış edərək, kimsə ilə görüşdən imtina etməsi barədə iddiaların əsassız olduğunu vurğulayıb: “Mən hər zaman bildirmişəm ki, hər kəslə dialoqa hazıram. Mən heç vaxt heç kimin arxasında gizlənməmişəm. Ancaq mənim əleyhimə həmişə kampaniya aparılıb. Heç kəs mənə qarşı çox ciddi təhqir və böhtanlarına görə partiyadan azad edilməyib. Ancaq hər hansı bir xanıma, onun ailə üzvlərinə qarşı təhqir və böhtan olan yerdə Nizamnamə qaydaları nəzərə alınmalıdır. Burda haqlı olaraq deyildi ki, Arif Hacılı İsa Qəmbər deyil. Mən bilirəm ki, mənim başqanlığımı qəbul etməyən müəyyən insanlar var. Ancaq bu o demək deyil ki, partiya daxilində qarşıdurma yaranmalıdır. Müsavat vahid komanda olmalıdır. Bunun üçün bizim imkanlarımız genişdir”.

Daha sonra Müsavatın sabiq başqanı İsa Qəmbər partiyada yaranmış vəziyyətlə bağlı çıxış edib: “Biz qurultay sonrası araqarışdıranlarla üzbəüz qalmışıq. Mən oktyabrın 11-də Məclisdə çıxış edərkən bu məsələyə toxunmuşam. Mənim mövqeyim dəyişməyib. Həmin vaxtdan bu günə kimi bu məsələlərlə bağlı çıxış etməmişəm, yalnız bir cümlə yazmışam. Narazıların bir qrupu deyir ki, seçkinin nəticələrindən narazı deyillər, ancaq partiyadaxili demokratiya olmalıdır. Ən böyük qismi isə deyir ki, seçkilərdə ədalət prinsipi pozulub. Ən kiçik qrupu isə saxtakarlığın olduğunu bəyan edib. Kimlərinsə partiyanı saxtakarlıqda ittiham etməsini necə normal qəbul edə bilərik? Hakimiyyət üçün Müsavatın saxtakarlıqda ittiham olunmasından gözəl nə ola bilər? Problem partiyanın içində deyil, hakimiyyətlə Müsavat arasındadır. Biz söz azadlığından danışırıq, bəziləri isə söyüş azadlığı istəyir. Bu şəkildə bizə demokratiya dərsi keçməyə cəhd edirlər”.

O, partiya daxilində fraksiya yaratmaq istəyənlərə də cavab verib: “Hər birimiz Müsavata daxil olanda Nizamnamənin tələblərini yerinə yetirəcəyimiz barədə öhdəlik götürmüşük. Partiyanın strukturlarına legitim qurum yaradıla bilməz. Təəssüflər olsun ki, Müsavatda məğlub tərəf Mərkəzi Nəzarət-Təftiş Komissiyası tərəf saxlamaqda ittiham edir. Qurultaya qədər MNTK tərəfsiz idi, qurultaydan sonra tərəfə çevrildi? Burda bildirdilər ki, MNTK tərəfsiz olmalıdır. Çox maraqlı tezisdir. Amma nədənsə, seçki dövründə MNTK-nın tərəfsiz olması zərurəti haqqında danışmırdılar”.

Qubad İbadoğlu isə buna etiraz edərək: “Qurultaya qədər MNTK tərəf olubsa, bu yanaşma ilə yenə tərəf olmalıdır” - deyə sual ünvanlayıb.

İ. Qəmbər səsini ucaldaraq, “sadəcə, prinsipial olmaq lazımdır, Qubad bəy. “Bu mənim xeyrimədirsə, olmalı, xeyrimə deyilsə, olmamalıdır” deyə bir şey yoxdur”.

Q. İbadoğlu İ. Qəmbərə "Niyə əsəbləşirsiz?" deyib. A. Hacılı isə Q. İbadoğluna yerdən danışmamağı məsləhət görüb.

İ. Qəmbər çıxışına davam edərək, hər şeyin aydın göründüyünü bildirib. O, yeni qurultay tələbinin partiyanın əleyhinə yönəldiyini vurğulayıb: “Narazıların fəaliyyətləri gec, ya tez, Nizamnamə ilə ziddiyyət təşkil edəcək. Hər kəs nə istədiyini ayrı şəkildə müəyyənləşdirsin. Yeni qurultay ideyası partiyaya qarşı yönəlmiş ideyadır. Cəhd edə bilərsiniz, bacarın görək necə olacaq? Amma Nizamnamə hallarının pozulması baş verərsə, bunun qarşısı alınacaq. Partiyanı hədələmək, xəyanətdir. Bunun adı yoxdur. Mən Müsavat Partiyasının seçdiyi Arif Hacılı ilə bir yerdəyəm. Kim bu yolda olmaq istəyirsə, gəlsin, mübarizəmizi davam etdirək. Kimsə özünə başqa lider axtarırsa, buyursun, öz yolunu getsin”.

Bundan sonra zalda yenidən qalmaqal yaranıb, yerdən “İsa Qəmbər qurultay iştirakçılarına təzyiq edib” şüarları səsləndirilib.

İ. Qəmbər isə əsəbi halda “bəsdirin, bu qədər yalan olmaz, yalan danışmayın. Mən təzyiq etsəydim, Arif Hacılı 228 yox, 350 səs toplayardı”.

Bununla da, toplantı başa çatıb.


Teqlər:  





Xəbər lenti