Bakıda ev almağın `alman yolu`

Bakıda ev almağın `alman yolu`
  25 Noyabr 2014    Oxunub:4446
Milli Məclisdə büdcə müzakiləri zamanı Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov yeni ipoteka strategiyasının detallarını açıqlayıb.

Elman Rüstəmov qeyd edib ki, əhalinin mənzilə olan tələbatının ödənilməsi üçün alman ipoteka modeli də nəzərdən keçirilir: “Tikinti” və “Əmanət bankları” haqqında qanun layihəsi artıq hazırdır. Bu olduqca ciddi bir institutdur. Almaniyanın müharibədən sonrakı dağıdılmış mənzil təsərrüfatının bərpasında müstəsna rol oynayıb. Bu bankın aktivləri Almaniyanın ÜDM-nin 30 faizni təşkil edir. Bu, dövlətin iqtisadi canlanma, məşğuliyyət, büdcəyə daxil olan vəsaitlərin artırır. Bu modelin üzərində ciddi düşünürük”.

Elman Rüstəmov əlavə edib ki, bütövlükdə Azərbaycanda ipoteka sisteminin yenidən qurulması istiqamətində ardıcıl addımlar atılacaq.

Gənclər ev almaq üçün ümid bəslədiyi ipoteka kreditinə 2015-ci ilin dövlət büdcəsindən Azərbaycan İpoteka Fonduna 50 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Bu, 2014-cü il ilə müqayisədə 10 milyon manat və ya 25% artıqdır.

Bəs, görəsən yeni tətbiq olunacağı gözlənilən alman modeli hansı üstünlüklərə malikdir?

Bununla bağlı iqtisadçı-ekspert Vüqar Bayramov AzVision.az-a açıqlamasında bildirib ki, ipoteka sistemində alman modelinin tətbiq edilməsi ilə bağlı xeyli müddətdir müzakirələr gedir. Onun sözlərinə görə, ipoteka sistemində tətbiq olunması gözlənilən alman modelində əsas məqamlar yaşayış və tikinti banklarının formalaşdırılmasıdır:

“Mərkəzi Bank təxminən 5 il öncə bu modelin tətbiq olunacağını bildirmişdi. Təəssüflər olsun ki, Mərkəzi Bank bu modelin tətbiqini yubandırır. Alman modelində vətəndaş müəyyən qədər əmanət yatırmaqla ipoteka krediti almaq imkanına malik olacaq. Bu imkan verəcək ki, vətəndaş öz əmanəti hesabına ipoteka kreditlərindən faydalanma imkanlarına malik olsun. Digər əhəmiyyətli üstünlüklərindən biri ondan ibarətdir ki, vətəndaş bu modeldən istifadə etməklə ilkin ödəniş məbləğini məhz həmin banklar vasitəsilə ödəyə bilsin”.

Ekspert bildirib ki, alman modelinin tətbiq edilməsi əhəmiyyətlidir: “Bu model banklar tərəfindən daha ətraflı öyrənilməyib. Həmçinin vətəndaşların istehlak bankları ilə işləməsi təcrübəsi olmadığına görə, bu da müəyyən çətinliklər formalaşdırır. Bütün bunlara baxmayaraq sözügedən modelin tətbiq olunması vacibdir. Bu imkan verəcək ki, gənc ailələr ilkin ödəniş vermədən, məhz ipoteka krediti alaraq mənzilə sahib ola bilsinlər”.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti