Qlobal layihənin Azərbaycan versiyası hazırlanır: “Qarabağ üçün oxu”

Qlobal layihənin Azərbaycan versiyası hazırlanır: “Qarabağ üçün oxu”
  05 Dekabr 2014    Oxunub:10945
ABŞ-da “Playing for Change” kimi başlayan, Türkiyədə “Doğa için çal” şəklində davam etdirilən layihə indi “Qarabağ üçün oxu” adı ilə Azərbaycanda yenidən reallaşdırılır.

Bu dəfə layihənin təşəbbüskarı AzVision.az saytı, təşkilatçısı R&T Studiyası olacaq.

- Bütün dünyada populyarlıq qazanan bu layihənin ideyası odur ki, ölkənin hər yerindən ucalan səslər birləşərək, cəmiyyətin əsas problemini qabartsınlar. Bizim isə cəmiyyət olaraq bircə əsas problemimiz var: Qarabağ. Ona görə də, qərara almışıq ki, layihəni məhz “Qarabağ üçün oxu” adlandıraq - deyə layihənin bədii rəhbəri, gənc müğənni və aranjmançı Rəmal Rəsul AzVision.az-a bildirib.

Rəmal Rəsulun sözlərinə görə, “Qarabağ üçün oxu” layihəsi ölkənin əksər bölgələrini əhatə edəcək:

- AzVision.az saytının baş redaktoru Vüsal Məmmədov bu işi görməyi mənə təklif edəndə həm çox sevindim, həm də böyük bir məsuliyyət hiss etdim. Çünki bütün ölkədən insanların səslərini Qarabağ üçün birləşdirməyə iddialıyıqsa, bunu son dərəcə keyfiyyətli və səviyyəli etməliyik. Əks halda heç qolları çırmalamağa dəyməz. Və mən əminəm ki, Azərbaycan üçün qeyri-adi bir iş ortaya qoya biləcəyik. Buna inanıram, çünki artıq indidən çox maraqlı yaradıcılıq ideyalarımız var.

Qeyd edək ki, layihənin kastinqi artıq başlayıb. Seçimlərə qoşulmaq istəyənlər layihənin bədii rəhbəri Rəmal Rəsula (050 362 17 39), yaxud AzVision.az saytının baş redaktoru Vüsal Məmmədova (055 635 95 96) müraciət edə bilərlər.

Layihənin devizi belədir: Səsimizi Qarabağ üçün birləşdirək!

AzVision.az





Teqlər:  





Xəbər lenti