Layihələrə 2 milyon ayrılıb

Layihələrə 2 milyon ayrılıb
  05 Dekabr 2014    Oxunub:1629
Dağlıq Qarabağ münaqişəsi və azərbaycanlılara qarşı soyqırımların araşdırılması ilə bağlı qrantların ayrılması üçün xüsusi kateqoriya yaradılacaq.
Dekabrın 5-də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

Gənclər Fondundan AzVision.az-a verilən məlumata görə, yığıncağın gündəliyinə 6-cı qrant müsabiqəsi çərçivəsində təqdim olunmuş layihələrin müzakirəsi, Fond tərəfindən maliyyələşdirilən layihələrin monitorinqi qaydalarının təkmilləşdirilməsi və digər məsələlər daxil edilib.

Müşahidə Şurasının sədri, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov 6-cı qrant müsabiqəsi barədə məlumat verərək bildirib ki, bu il sentyabrın 5-dən oktyabrın 20-dək Fonda “A” (yerli layihələr), “B” (beynəlxalq layihələr) və “C” (fiziki şəxslərin layihələri) kateqoriyaları üzrə 1248 layihə təklifi daxil olub. Müşahidə Şurasının üzvləri əvvəlki müsabiqələr çərçivəsində maliyyələşdirilmiş layihələrin hesabatlarını indiyədək təqdim etməmiş gənclər təşkilatlarının və fiziki şəxslərin müraciətlərinə baxılmaması barədə razılığa gəliblər. Aparılan müzakirələr nəticəsində “A” kateqoriyası üzrə 137 layihədən 103-ü, “B” kateqoriyası üzrə 24 layihədən 13-ü, “C” kateqoriyası üzrə 1087 layihədən 292-nin dəstəklənməsi məqsədəuyğun sayılıb. Barələrində müsbət qərar qəbul olunmuş 408 layihənin maliyyələşdirilməsi üçün Fond tərəfindən 2 086 100 manat vəsaitin ayrılması nəzərdə tutulub.

Fondun icraçı direktoru Fərhad Hacıyev erməni diasporuna qarşı mübarizənin effektivliyinin artırılması istiqamətində daha təsirli və ardıcıl tədbirlərin görülməsinin vacibliyini vurğulayıb, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və azərbaycanlılara qarşı soyqırımların araşdırılması ilə bağlı xarici tədqiqatçılar və tələbələr üçün qrant müsabiqələrinin keçirilməsinin zəruri olduğunu qeyd edib. Bu məqsədlə xüsusi kateqoriyanın müəyyən edilməsi və ya mövcud olanlardan birinin yenisi ilə əvəz olunması barədə təkliflər səslənib. Müşahidə Şurası tərəfindən qəbul edilmiş sənədlərə müvafiq əlavə və dəyişikliklərin layihəsinin hazırlanması üçün Şura üzvləri və Fondun əməkdaşlarından ibarət tərkibdə İşçi Qrup yaradılıb. Yeni kateqoriya üzrə müsabiqənin 2015-ci ilin əvvəllərində elan edilməsi qərara alınıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti