Xədicə İsmayılı neçə il həbs gözləyir?

Xədicə İsmayılı neçə il həbs gözləyir?
  07 Dekabr 2014    Oxunub:2625
Jurnalist Xədicə İsmayıl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə təqsirləndirilərək, barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib. İstintaqı aparan Bakı Şəhər Prokurorluğunun təqdimatı əsasında bu barədə dünən Səbayel rayon məhkəməsi qərar qəbul edib.
CM-in 125-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin mahiyyəti nədən ibarətdir və bu əməldə təqsirləndirilən şəxsi hansı cəza gözləyir? Bununla bağlı hüquqşünas Xəyal Feyzullayev Analitik.az-a şərhində bildirdi ki, Cinayət Məcəlləsinin 125-ci maddəsində özünü öldürmə həddinə çatdırma dedikdə - təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırma – başa düşülür.


Bu cinayət əməlinin ictimai təhlükəliliyi nəinki başqa şəxsin özünü həyatdan məhrum etməsi və ya buna cəhd göstərməsi, həm də təqsirkarın mənəviyyatdan, insanlıqdan kənar, amansız hərəkətlər etməsi ilə xarakterizə olunur. Bu cinayətdə zərərçəkmiş şəxs qismində yalnız təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olan şəxs çıxış edə bilər.

Burada xüsusilə ona diqqət yetirmək lazımdır ki, təqsirkarın əməlinin CM-in 125-ci maddəsi ilə tövsif edilməsi üçün zərərçəkmiş şəxsin öz sağlamlığına hər hansı zərər vurmaq deyil, özünü öldürmək niyyətində olmasının müəyyən edilməsi zəruridir. Əməlin CM-in 125-ci maddəsi ilə tövsif edilməsi üçün təqsirkarın hərəkətləri qeyri-hüquqi olmalıdır. Lakin onun bütün qeyri-hüquqi hərəkətləri deyil, zərərçəkmiş şəxslə amansız rəftarı, onun ləyaqətini mütəmadi olaraq alçaltma və ya ona hədə-qorxu gəlmədə ifadə olunan hərəkətləri törətməsi zəruri olaraq müəyyən edilməlidir.

Amansız rəftar dedikdə, təqsirkarın zərərçəkmiş şəxsi döyməsi, ona işgəncə verməsi, onu ac, susuz, paltarsız qoyması, gücü çatmayan fiziki işlərə məcbur etməsi və s. başa düşülür.

Zərərçəkmiş şəxsin ləyaqətini mütəmadi olaraq alçaltma dedikdə, onu təhqir etmə, söymə, məsxərəyə qoyma, ona böhtan atma, onun haqqında rüsvayedici məlumatlar yayma və s. başa düşülür.

Hədə-qorxu gəlmə zərərçəkmiş şəxsi maddi və sair yardımdan məhrum etməklə, işdən çıxarmaqla, yaşayış sahəsindən qovmaqla, barəsində rüsvayedici məlumatlar yaymaqla və s. hədələmədə ifadə oluna bilər. Maddi asılılıq dedikdə, zərərçəkmiş şəxsin təqsirkarın tam və ya qismən himayəsində olmasını, ondan maddi yardım alması və s. nəzərdə tutulur.
Xidməti asılılıq dedikdə, işçinin müdiriyyətdən, tabeçilikdə olan şəxsin rəisdən asılılığı başa düşülür.

Sair asılılıq dedikdə, maddi və xidməti asılılıq istisna olmaqla, bütün digər asılılıqlar başa düşülür (məsələn, müəllimlə tələbə, faktiki münasibətdə olan kişi ilə qadın arasında olan asılılıq və s.).

Hüquqşünas qeyd edir ki, bütün bu halların mövcudluğu zərərçəkmişlə təqsirkarın qarşılıqlı münasiətlərinin fərdi qiymətləndirilməsindən asılıdır. Hər hansı əməldə CM-in 125-ci maddəsinin tərkibinin olub-olmaması konkret istintaq aparılması, şəxslərin arasındakı münasibətlərə dair faktların qiymətləndirilməsi ilə müəyyənləşdirilə bilər. Bu da aidiyyti üzrə istintaq oraqının səlahiyyətindədir.
Əməlində CM-in 125-ci maddəsinin tərkibi olan təqsirkar şəxsin 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması nəzərdə tutulur.


Teqlər:



Xəbər lenti