Zakir Həsənovdan müharibə mesajı

Zakir Həsənovdan müharibə mesajı
  11 Dekabr 2014    Oxunub:2821
Dekabrın 10-da Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin şəxsi heyət və kadr bölmələrinin rəhbər zabit heyəti, hərbi hüquqşünaslar, psixoloq kurslarının dinləyiciləri, həmçinin xüsusi təyinatlı təhsil müəssisələrinin humanitar fənn kafedralarının müəllim və professor heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, tədbirdə müdafiə naziri Z.Həsənov geniş nitqlə çıxış edib. O, görüşə toplaşan zabitləri salamlayaraq Azərbaycan prezidenti, Ali Baş Komandanı cənab İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğı nəticəsində Silahlı Qüvvələrimizin müasir inkişaf yoluna qədəm qoyduğunu diqqətə çatdırıb.

Müdafiə naziri hazırda bir çox bölgələrdə şəxsi heyətin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində əsaslı tikinti və təmir işlərinin həyata keçirildiyini, çoxsaylı müasir silah və texnika alındığını, hərbi hissələrin məişət-təsərrüfat fəaliyyətinin yenidən qurulduğunu xüsusilə vurğulayıb.

Dövlət rəhbərliyinin göstərdiyi yüksək etimada cavab olaraq Silahlı Qüvvələrin şəxsi heyətinin üzərinə böyük məsuliyyət düşdüyünü bildirən müdafiə naziri torpaqlarımızın 20 faizinin tezliklə işğaldan azad edilməsi naminə hər kəsin vəzifə borcunu yerinə yetirmək üçün özündə məsuliyyət hiss etməsini bir daha qeyd edib.

Ölkəmizin ərazi bütövlüyünün hərbi yolla bərpa ediləcəyinə əminliyini ifadə edən general-polkovnik Z.Həsənov şəxsi heyətin tərbiyə işini və mənəvi-psixoloji hazırlığını müasir tələblər səviyyəsinə yüksəltmək üçün bu sahəyə cavabdeh olan zabitlərin, həmçinin kadr bölmələri işçilərinin, hərbi hüquqşünasların və psixoloqların qarşısında dayanan vəzifələrdən ətraflı danışıb, göstəriş və tövsiyələrini nəzərə çatdırıb.



Teqlər:  





Xəbər lenti