`Jurnalistlər unutmamalıdırlar ki...` - Əli Həsənovdan müraciət

`Jurnalistlər unutmamalıdırlar ki...` - Əli Həsənovdan müraciət
  11 Dekabr 2014    Oxunub:1728
“Hər iki ölkənin jurnalistləri də münasibətlərini ölkələrimizin strategiyasına müvafiq olaraq və dövlət başçılarının müəyyən etdiyi təməl üzərindən davam etdirməli, faktları bölüşərək paylaşmalı, media texnologiyaların hansı səviyyədə olmasından asılı olmayaraq vahid hədəflərə doğru birgə fəaliyyətlə çıxış etməlidirlər”.

AzVision.az xəbər verir ki, bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

Ə.Həsənov bildirib ki, hazırda ənənəvi media strukturları öz yerini modern media strukturlarına verir:

“Bu da ondan irəli gəlir ki, bəşəriyyətdə texnologiyalar dəyişir, insanlar arasındakı ənənəvi ünsiyyət vasitələri yerini virtual ünsiyyət vasitələrə verir. Buna müvafiq olaraq da həm Azərbaycan, həm Türkiyə mediası getdikcə modernləşəcək. Jurnalistlər bir şeyi unutmamalıdırlar ki, hansı şəraitdə, hansı vasitələr ilə fəaliyyət göstərmələrindən asılı olmayaraq, onlar hər iki dövlətin, xalqın maraqlarını nəzərə alaraq bu maraqların təmin olunmasına öz töhfələrini verməlidirlər. Jurnalistika böyük qüvvədir, bu sahənin rolu barədə Ümummilli lider Heydər Əliyev həmişə deyib ki, əgər jurnalistlərin fədakar əməyi olmasa, bizim həyata keçirdiyimiz işlər haqqında məlumatlar insanlara çatdırıla bilməz. Bu da olmazsa, insanlara çatdırılmazsa dəyərini tapa bilməz, bu da olmazsa idarəçilikdə mübarizlik itər. Jurnalistlər idarəçilər və idarə olunanlar arasında ən sıx əlaqə vasitəsidirlər. Hakimiyyətin siyasətini xalqa çatdırır, xalqın idarəçiliklə bağlı rəyini isə hakimiyyətə çatdırır”.

Əli Həsənov bildirib ki, 1993-cü ildən Azərbaycanda azad medianın inkişafı sahəsində atılan addımlar, Azərbaycan mediasını bu gün nəinki təkcə ölkəmizdə, bütün ölkənin aparıcı media strukturlarından birinə çevirib:

“Azərbaycan jurnalistikasının səsi bu gün nəinki postsovet məkanından, bütün dünyadan gəlir. Bir neçə gün bundan qabaq mən İranda toplantıda çıxış edərkən Azərbaycanda İslam Ölkələri Jurnalistlər Birliyi haqqında danışanda təsəvvürünüzə gətirin ki, dünyanın 55-dən çox dövləti bu təşəbbüsü necə ürəkdən dəstəklədilər”.

Ə.Həsənov qeyd edib ki, biz həmin müsəlman ölkələrində baş verən hadisələri CNN, BCC və dünyanın digər transmilli mediasından alırıq:

“Lakin bunu araşdırdıqda həmin ölkədə baş verən hadisələrlə dünyaya yayılan xəbər arasında o qədər uyğunsuzluq görürük ki, ümumiyyətlə hadisənin təfərrüatı kənarda qalır. Suriyada, Misirdə, İranda, Dağlıq Qarabağda, Qəzzada, Yəməndə, Tunisdə və digər müsəlman ölkələrində baş verən hadisələr yalnız o transmilli media orqanlarının təmsil etdiyi kimidirmi? Məgər bütün dünya ölkələri o hadisələr haqqında bunların jurnalistləri kimimi düşünür. Əlbəttə yox. Ancaq biz səsimizi öz ölkəmizin hüdudlarından kənara çıxara bilmirik. Bu da gətirib ona çıxarır ki, dünyada müsəlman dövlətləri və xalqları arasında qərəzlilik var. Bu gün islam ölkələr vəhşi, terrorizm törədən bir dövlət kimi təqdim olunur. Lakin hamımız yaxşı bilirik ki, İslam dini bəşər sivilizasiyasına hansı dəyərləri, üstünlükləri gətirib. İslam sivilizasiyasının yer kürəsinə gətirdiyi dəyərlərin çoxu bu gün başqa ad altında dünyada təbliğ olunur”.



Teqlər:  



Xəbər lenti