Elmira Süleymanova 444 nəfəri azadlığa buraxdırıb

Elmira Süleymanova 444 nəfəri azadlığa buraxdırıb
  12 Dekabr 2014    Oxunub:2316
“Ombudsman Elmira Süleymanovanın fəaliyyəti dövründə ümumilikdə 444 məhkum, o cümlədən qadın, yeniyetmə, ahıl, əlil, ağır xəstə olan və başqa məhkumlar əfv edilərək azadlığa buraxılıb”.
Bu barədə AzVision.az-a Ombudsman Aparatının Mətbuat xidmətindən məlumat verilib. Məlumatda qeyd olunub ki, İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova fəaliyyət dövrü ərzində özlərinin və ailə üzvlərinin müraciətlərinə əsasən, məhkumların qanun çərçivəsində əfv edilməsinin mümkünlüyünü araşdırıb, bəzilərinin törətdikləri hərəkətlərdən peşmançılıq çəkdiklərini, islah olunduqlarını və artıq cəmiyyət üçün ictimai təhlükə törətmədiklərini nəzərə alaraq, “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun 1.7-ci maddəsinə əsasən, növbəti dəfə məhkumların əfv olunması ilə bağlı Əfv Komissiyasına müraciətlər ünvanlayıb.

Müvəkkilin müraciətləri nəzərə alınaraq, sonuncu əfv sərəncamı ilə 7 məhkum əfv olunub. Qeyd edək ki, fəaliyyəti dövründə Ombudsmanın vəsatətləri üzrə ümumilikdə 444 məhkum, o cümlədən qadın, yeniyetmə, ahıl, əlil, ağır xəstə olan və b. məhkumlar əfv edilərək azadlığa buraxılıb.

Dövlətin humanist siyasəti nəticəsində heç bir ölkədə görünməyən göstəricilərə nail olunub, qısa müddət ərzində 10 Amnistiya Aktı qəbul edilib, 57 əfv sərəncamı imzalanıb. Nəticədə isə minlərlə insan ailəsinə, cəmiyyətə qovuşub.
Müvafiq sahədə qanunvericilik aktları liberallaşdırılıb, penitensiar müəssisələrdə cəza çəkən şəxslərə qarşı rəftar və şərait, habelə qida rejimi, onlara tibbi yardım göstərilməsi və islah olunma prosesində son illərdə təkmilləşmə müşahidə olunur.

Habelə BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”nın Fakültativ Protokolunun respublikamız tərəfindən ratifikasiya olunması nəzərə alınmaqla, Ombudsman təsisatı milli preventiv mexanizm (MPM) kimi müəyyən edilib. Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupu üzvlərinin azadlıqdan məhrumetmə yerlərinə, o cümlədən penitensiar müəssisələrə başçəkmələr həyata keçirməsi, məhkumların və saxlanılan şəxslərin hüquqlarının diqqətdə saxlanılması haqqında ətraflı məlumat verilib.

Hafiz Əhmədov


Teqlər:



Xəbər lenti