Müxalifət iqtidarla dialoqdan razı qaldı - SORĞU

Müxalifət iqtidarla dialoqdan razı qaldı - SORĞU
  13 Dekabr 2014    Oxunub:1525
Bu gün Azərbaycan Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun təmsilçiliyi və müxalifət partiyalarından bir qrupunun rəhbərinin iştirakı ilə iqtidar-müxalifət diaqloqu keçirilib. APA görüşdə iştirak edən və etməyən siyasi partiya rəhbərlərinin buna münasibətini öyrənib.

Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa görüşü faydalı hesab edib. O bildirib ki, belə bir addımın iqtidar tərəfindən atılması Azərbaycanın gələcəyi, xüsusilə partiya demokratiyasının inkişafı ilə bağlı proseslərə çox böyük yardım edəcək: “Düşünürəm ki, bu görüş dialoqa doğru atılan bir addım idi və görüşün də mahiyyəti o idi ki, gələcəkdə iqtidar-müxalifət arasında, xüsusilə də siyasi partiyalar müstəvisində qalıcı dialoq mühiti mövcud olsun, konkret mövzular ətrafında müzakirələr aparılsın. Görüşdə partiya sədrləri tərəfindən bir sıra ciddi təkliflər, tənqidlər səsləndirildi. Ümumiyyətlə, ölkənin taleyi ilə bağlı məsələlərdə iqtidar-müxalifət arasındakı münasibətlərin daha da ciddi hüquqi çərçivəyə salınması və parlament, bələdiyyə seçkiləri ilə bağlı proseslərdə müəyyən tərəfdarın olması məqsədəuyğun sayıldı. Hesab edirəm ki, faydalı bir görüş oldu, xüsusilə də Əli Həsənovun kifayət qədər səmimi, açıq bir davranışla bu mühiti yaratmasını qeyd etməliyəm. Təbii ki, bu, ölkə prezidentinin təqdiri və razılığı ilə baş tutan görüş idi”.

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxalı isə görüşün sosial sifariş olduğunu vurğulayıb. O, görüşün nəticələrinin müsbət olacağına ümid etdiyini bildirib: “Bu barədə təkliflər uzun müddət Milli Məclisdə, mətbuatda səsləndirilib ki, ölkənin bir sıra tanınmış insanlarının xarici siyasət, daxildəki proseslərlə bağlı fikirləri önəmlidir. Ən əsası da odur ki, bu görüş hər iki tərəfdən qarşılıqlı addımların atılmasıdır və gələcəkdə yəqin ki, davam etdiriləcək. Əli Həsənovun açıqlaması da bizi qane etdi”.

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə də görüşün səmimi atmosferdə keçdiyini və razı qaldığını bildirib: “Mən əvvəllər də demişəm ki, iqtidarla müxalifət arasında dialoq olmalıdır. Bugünkü görüşdən çox razıyam. Çünki çox səmimi söhbət oldu, hörmətli Əli Həsənov səmimi bir mühit yaratdı. Düşünürəm ki, bu görüş iqtidar-müxalifət münasibətlərinin inkişafında, siyasi partiyaların maliyyələşməsi və bir çox problemlərin həllinə müsbət təsir göstərəcək. İnanıram ki, bu görüşlər davamlı olacaq”.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Söhrab Abdullayev də görüşü müsbət dəyərləndirib: “Bu, dialoq üçün ilk görüş idi və razılaşdırıldı ki, bu görüşlər dialoq şəklində davam etdirilsin. Tale yüklü məsələlərlə bağlı iqtidar-müxalifət arasında müzakirələrin bundan sonra da aparılması barədə razılıq əldə olundu. Bir çox məsələlər qaldırıldı, təkliflər səsləndirildi. Hesab edirəm ki, görüş çox səmimi atmosferdə keçdi və stimul oldu”.

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri (DİP) Asim Mollazadə isə deyib ki, Azərbaycanda iqtidar-müxalifət dialoqu çoxdan baş tutmalı idi: “Çünki hər bir ölkədə siyasi partiyalar dövlətin çox mühüm institutudur. Biz belə görüşləri davam etdirməliyik. Siyasi partiya sistemini ölkədə möhkəmlətmək üçün birgə iş görülməlidir. Azərbaycan bir sıra mühüm və xalqı maraqlandıran məsələlər barədə mütəmadi fikir mübadiləsi aparmalıyıq”.

Azərbaycan Xalq Partiyasının sədri, görüşün təşəbbüskarlarından biri olan Pənah Hüseyn isə görüşün belə formatda keçirilməsini məqsədəuyğun saymadığı üçün tədbirdə iştirak etməyib: "Bu, siyasi partiyalarla hakimiyyət nümayəndəsinin görüşüdür. Görüşə qatılmamağım barədə geniş açıqlamam sonra olacaq. Hələlik deyə bilərəm ki, görüşün bu formatda keçirilməsini məqsədəuyğun saymırdım. Çünki əvvəlcədən, istər görüşün formatı, istərsə də, orada müzakirə olunacaq məsələlər barədə müəyyən razılıqlar olmalıdır".

P. Hüseyn bildirib ki, görüş qapalı keçirildiyindən, oradakı müzakirələr barədə ətraflı informasiyası yoxdur.

Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı isə qeyd edib ki, o, bugünkü tədbiri bir qrup partiya sədrinin Prezident Administrasiyasının rəsmisi ilə görüş kimi qəbul edir.

G. Aslanlı deyib ki, onların təmsil olunduğu Demokratiya və İnsan Haqları Mərkəzində belə bir görüşün olması barədə müzakirə aparılıb: “Təmsil olunduğumuz mərkəzdə aparılan müzakirələrdə iştirak etmək ayrıdır. Ancaq biz görüş üçün müraciəti imzalamamışıq".


Teqlər:





Xəbər lenti