İlham Əliyev Sabirabada - FOTOLAR

İlham Əliyev Sabirabada - FOTOLAR
  16 Dekabr 2014    Oxunub:3061
Dekabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sabirabad rayonuna səfərə gəlib.

Dövlətimizin başçısı rayonda bir sıra infrastruktur və sosial təyinatlı obyektlərin açılışında iştirak edib.

Prezident İlham Əliyev əvvəlcə Sabirabad şəhərinin mərkəzi meydanında ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılov dövlətimizin başçısına meydanda aparılan abadlıq işləri barədə məlumat verdi.

Sonra Prezident İlham Əliyev Nizami-Əliləmbəyli-Azadkənd-Sarxanbəyli avtomobil yolunun açılışında iştirak etdi.

Dövlətimizin başçısına yolun texniki-iqtisadi göstəriciləri barədə məlumat verildi. Bildirildi ki, 22 min nəfərin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən bu yol ən müasir səviyyədə inşa edilib. Uzunluğu 46 kilometr olan yolun inşası zamanı 36 su keçidi tikilib, yol kənarlarında 900-ə yaxın yol nişanı və siqnal dirəyi, 12 dayanacaq quraşdırılıb.

Azərbaycan Prezidenti yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Daha sonra Prezident İlham Əliyev Sabirabad şəhərində əsaslı şəkildə yenidən qurulan Mədəniyyət Evində yaradılan şəraitlə tanış oldu.

Qeyd edildi ki, ikimərtəbəli bina ən yüksək səviyyədə, həm də müasir üslubda təmir edilib. Mədəniyyət Evinin 377 yerlik akt zalında Sabirabadın mədəni həyatında baş verən hadisələri qeyd etmək, həmçinin respublika və rayon əhəmiyyətli müxtəlif tədbirləri keçirmək üçün hərtərəfli şərait yaradılıb. Burada zəngin kitab fondu, oxu zalı və 20 yerlik konfrans zalı var.

Sabirabada səfəri çərçivəsində dövlətimizin başçısı Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan uşaq bağçasının açılışında da iştirak etdi.

Prezident İlham Əliyev uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, 100 yerlik uşaq bağçasında balacaların təlim-tərbiyəsi və gələcəyin sağlam vətəndaşı kimi yetişmələri üçün hərtərəfli şərait yaradılıb. Bağçada 3 yaşdan 6 yaşadək 80 uşaq 4 qrupda təlim-tərbiyə alacaq. Burada uşaqların intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması diqqət mərkəzində saxlanılır.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev Sabirabad şəhərinə içməli suyun verilməsi mərasimində iştirak etdi.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov dövlətimizin başçısına məlumat verdi ki, 2030-cu ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Sabirabad şəhəri, Qalaqayın, Suqovuşan, Kürkənd, Əsədli, Bulaqlı, Balakənd kəndlərində 50 min nəfərdən artıq insanın su təchizatının yaxşılaşmasına hesablanan bu layihə çərçivəsində Kür sutəmizləyici qurğularından 62 kilometr uzunluğunda magistral su kəməri tikilib. Layihənin davamı olaraq Sabirabad şəhərində 135 kilometr uzunluğunda kanalizasiya şəbəkəsi inşa olunacaq, çirkab sutəmizləyici qurğu tikiləcək.

Prezident İlham Əliyev Sabirabad rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Dövlətimizin başçısı ölkə üçün indiyədək əsas problemlərdən biri olan içməli su məsələsinin həlli ilə bağlı genişmiqyaslı işlər görüldüyünü dedi. Bildirdi ki, Sabirabadda icrası başa çatan içməli su layihəsi görülən işlərin davamlı olduğunun təsdiqidir. Prezident İlham Əliyev Sabirabad və Saatlı şəhərlərinin və bu rayonların 40 kəndinin keyfiyyətli içməli su ilə təchizatını təmin edən layihənin başa çatması münasibətilə sakinləri təbrik etdi.

Azərbaycan Prezidenti ölkədə sosial məsələlərin əsas prioritet olduğunu deyərək bu sahədə Sabirabadda görülən işlərdən razılığını ifadə etdi. Bildirdi ki, dövlət bütün sosial layihələrin həyata keçirilməsinə bundan sonra da dəstək verəcək.

Dövlətimizin başçısı suyun verilməsini bildirən düyməni basdı.

Sonda xatirə şəkli çəkdirildi.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti