“ASAN xidmət” bir çox ölkələrdə rəğbətlə qarşılanır - Fuad Ələsgərov

  16 Dekabr 2014    Oxunub : 3365
“ASAN xidmət” bir çox ölkələrdə rəğbətlə qarşılanır - Fuad Ələsgərov
“ASAN xidmət” mərkəzlərinə 3 500 000-dən çox müraciət daxil olub və bu müraciətlərin təmin olunmasında könüllülərin xüsusi rolu var.

Bunu Azərbaycan Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov bu gün Sabirabad şəhərinin Heydər Əliyev Mərkəzində ASAN Könüllülərinin I Ümumrespublika Forumunda çıxışı zamanı deyib. Məlumatı “ASAN xidmət”in mətbuat xidməti yayıb.

F.Ələsgərov deyib ki, unikal konsepsiya olan “ASAN xidmət” dünyanın bir çox ölkələrində xüsusi rəğbətlə qarşılanır.

Sonra “ASAN Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyinin sədri Fərid Sadıxlı və Sabirabad “ASAN xidmət” mərkəzinin könüllüsü Rəvanə Davudova çıxış ediblər.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov “ASAN xidmət” mərkəzlərinin fəaliyyət fəlsəfəsinin əsas qayəsinin vətəndaş məmnunluğunun təmin edilməsi olduğunu bildirib.

İ.Kərimov bu məqsədə nail olunmasında könüllülərin fəaliyyətinin əvəzsiz olduğunu, onların mərkəzlərdə fəaliyyəti zamanı dövlət qulluğu, komanda ilə iş və s. sahələrdə müsbət təcrübə əldə etdiklərini qeyd edib.

Forumda çıxış edən Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İbrahimov Sabirabad “ASAN xidmət” mərkəzinin fəaliyyətində məhz bu regiondan olan könüllülərin yüksək fəallıqla çalışacaqlarına əmin olduğunu qeyd edib.

Çıxışlardan sonra forum panel müzakirələr üzrə davam etdirilib. Panel müzakirələrin sonunda Forumun qətnamələri qəbul edilərək “ASAN Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyinin gələcək strategiyaları müəyyən edilib.










Teqlər: