Vasif Talıbov iclas keçirdi

Vasif Talıbov iclas keçirdi
  19 Dekabr 2014    Oxunub:1984
Dekabrın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin II Plenumunun iştirakçıları ilə görüşüb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzVision.az-a bildirilib ki, qonaqları salamlayan Ali Məclisin Sədri Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin Plenumunun ilk dəfə Naxçıvanda keçirildiyini bildirib, bu tədbirin muxtar respublikada memarlığın inkişafına və memarlar arasında qarşılıqlı əlaqələrin qurulmasına töhfə verəcəyinə əminliyini bildirərək deyib: Naxçıvanda memarlıq sənətinin qədim tarixi vardır. Memar Əcəmi Naxçıvani tərəfindən əsası qoyulan Naxçıvan memarlıq məktəbi müxtəlif inkişaf mərhələləri keçmiş, qədim memarlıq ənənələri qorunub saxlanılıb.

Ali Məclisin Sədri deyib: Ümummilli liderimiz Heydər Əliyev ölkəmizdə memarlığın inkişafına qayğı ilə yanaşmış, bu sahədə ardıcıl tədbirlər həyata keçirilib. Dahi şəxsiyyətin ölkəmizə rəhbərliyi dövründə tikilən binalar milli memarlıq elementlərinin zənginliyi ilə seçilir. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də memarlıq sənətinin inkişafına xüsusi diqqət yetirilir, ölkəmizin şəhərləri müasir arxitektura elementlərindən və qədim memarlıq ənənələrindən istifadə edilməklə qurulur.

Qeyd olunub ki, tarixən formalaşmış memarlıq ənənələri hər bir xalqın mədəni irsidir. Bu mədəni irsə sahiblik isə onların qorunub saxlanılmasından başlayır. Bu gün muxtar respublikada tarixi abidələrin bərpası diqqət mərkəzindədir. Son illər “Əshabi-Kəhf” Ziyarətgahı Dini Mədəni Abidə Kompleksi, Naxçıvanqala, Nuh peyğəmbərin məzarüstü türbəsi, Xan sarayı, muxtar respublika ərazisindəki buzxanalar və onlarla digər tarixi abidələr bərpa olunub. Hazırda Gülüstan türbəsində və Əlincə qalasında bərpa işləri davam etdirilir.

Ali Məclisin Sədri qeyd edib ki, mütəxəssis hazırlığı hər bir işin əsasını təşkil edir. Bu amil əsas götürülərək Naxçıvan Dövlət Universitetində memarlıq fakültəsi yaradılıb, gənc memarların hazırlanmasına başlanılıb. Memar hazırlamaq çətin və uzun illər tələb edən bir prosesdir. Bunun üçün ilk növbədə ənənə olmalıdır. Ona görə də muxtar respublikada gənc memarlar hazırlanarkən varislik ənənələri qorunub saxlanılır. Eyni zamanda, muxtar respublikada tikinti-quruculuq işləri həyata keçirilərkən əkinəyararlı torpaqlardan səmərəli istifadə, yaşayış məntəqələrində əhalinin rahatlığına xidmət edən binaların tikilməsi, kəndlə şəhər arasındakı fərqin aradan qaldırılması diqqət mərkəzində saxlanılır.

Görüşdə vurğulanıb ki, memarlıq çətin və incə bir sahədir. Layihənin relyefə uyğunlaşdırılması bu sənətin ən vacib elementlərindən biridir. Muxtar respublikanın seysmik zonada yerləşməsi, özünəməxsus iqlim və relyef quruluşuna malik olması tikinti-quruculuq işləri həyata keçirilərkən layihələndirmənin düzgün aparılmasını, milli memarlıq elementlərinin tətbiqini zəruri edir. Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin II Plenumu bu məsələlərin müzakirəsinə də imkan verəcəkdir.

Ali Məclisin Sədri Plenumun Azərbaycan Memarlar İttifaqı Naxçıvan təşkilatının formalaşmasına stimul verəcəyinə əminliyini bildirib, onun işinə uğurlar arzulayıb.

Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə deyib ki, Azərbaycan milli memarlığının inkişafında Naxçıvan memarlıq məktəbinin xüsusi yeri vardır. Bu gün muxtar respublikada memarlığın inkişafı sahəsində ardıcıl tədbirlər həyata keçirilir. Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin II Plenumunun Naxçıvanda keçirilməsi digər məsələlərlə yanaşı, son illər muxtar respublikada memarlıq sənətinin inkişafı sahəsində qazanılan nailiyyətlərin təbliği baxımından da mühüm əhəmiyyət daşıyır.

Elbay Qasımzadə Plenumun keçirilməsi üçün yaradılan şəraitə və göstərilən diqqətə görə minnətdarlıq edib.

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini Dövlətxan Dövlətxanov və digər görüş iştirakçıları da muxtar respublikada memarlığın inkişafı sahəsində görülən işləri yüksək qiymətləndiriblər.

Sonda Ali Məclisin Sədri görüş iştirakçıları ilə birlikdə xatirə şəkli çəkdirib.

AzVision.az


Teqlər:





Xəbər lenti