İlham Əliyevdən kapitana: “İndi haradasan?”

İlham Əliyevdən kapitana: “İndi haradasan?”
  19 Dekabr 2014    Oxunub:2816
Bu gün Azərbaycan prezidenti İlham Əliyev “Lənkəran” yedək-təchizat gəmisində yaradılan şəraitlə tanış olub.
AzVision.az-ın məlumatına görə, prezident İlham Əliyev Qara dənizdə Azərbaycan bayrağı altında üzən gəminin kapitanı ilə videobağlantı vasitəsilə söhbət etdi.

Gəminin kapitanı dedi:

- İcazənizlə, möhtərəm cənab Prezident, mən Əmirov Fuad Adil oğlu “Natəvan” gəmisinin kapitanı olaraq Sizi Rusiyanın Taqanroq limanından salamlayım və bütün heyət üzvləri adından donanmamızın yeniləşdirilməsinə, dənizçilərimizin əmək və həyat şəraitinin yüksəldilməsinə göstərdiyiniz yüksək diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildirək.

Qürurverici faktdır ki, son 5 illik fasilədən sonra artıq yenidən Xəzər dənizindən kənarda, dünya sularında Azərbaycan bayrağı altında üzən gəmilərimiz var.

Prezident İlham ƏLİYEV: İndi haradasan?

Kapitan: Hazırda Taqanroq limanındayıq. Gəmiyə yük vurulur. Buradan, inşallah, Türkiyənin İzmir limanına yola düşəcəyik.

Prezident İlham ƏLİYEV: yaxşı ki, Xəzər Gəmiçiliyinin gəmiləri Qara dənizdə də fəaliyyət göstərir. Gəmiçiliyin gözəl gələcəyi var. Aparılan islahatlar, struktur islahatları və Gəmiçiliyin fəaliyyəti ilə bağlı atılan addımlar gözəl nəticələr verir. Daha da böyük nəticələr olacaq. Bu yaxınlarda Gəmiçiliyin fəaliyyəti üçün əlavə maddi dəstək verilmişdir. Əminəm ki, Xəzər Gəmiçiliyi dünya miqyasında çox gözəl və müasir şirkətə çevriləcəkdir.

Azərbaycanda artıq bir neçə beynəlxalq şirkət fəaliyyət göstərir - SOCAR, AZAL və digər şirkətlər. Əlbəttə ki, özəl şirkətlər də bu sıradadır. Ancaq dövlət şirkətləri arasında Xəzər Gəmiçiliyinin öz yeri, böyük tarixi, ənənələri var. Xəzərdə bizim gəmiçiliyimiz həmişə böyük rola malik olub. Biz bu gün müasir şirkət yaratmaqla həm iqtisadi potensialımızı möhkəmləndirəcəyik, eyni zamanda, Xəzər Gəmiçiliyi dünya miqyasında müasir, çox səmərəli şəkildə idarəolunan şəffaf şirkət kimi özünü təqdim edəcək. Sizə uğurlar arzulayıram.

AzVision.az


Teqlər:





Xəbər lenti