Sevastopolda bərpa etdirdiyimiz abidənin açılışı olub

Sevastopolda bərpa etdirdiyimiz abidənin açılışı olub
  09 May 2013    Oxunub:1200
Sevastopolda azərbaycanlı döyüşçülərin xatirəsinə ucaldılmış abidənin bərpadan sonra açılışı olub
Ukraynanın Sevastopol şəhərində Böyük Vətən Müharibəsi zamanı Krımın azad olunmasında öz canlarından keçmiş 77-ci atıcı diviziyanın azərbaycanlı döyüşçülərinin xatirəsinə ucaldılmış abidənin Azərbaycan dövləti tərəfindən yenidən bərpasından sonra açılış mərasimi olub.

Ukrayna Azərbaycanlıları Konqresindən AzVision.az-a verilən məlumata görə, mərasimdə Sevastopol şəhər administrasiyasının başçısı Vladimir Yatsuba, Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli, Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev, UAK sədri Rövşən Tağıyev, Krım Azərbaycanlıları İcmasının sədri Rəhim Hümbətov, həmçinin Ukrayna ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Abidənin qarşısında fəxri qarovul düzülüb, iki ölkənin Dövlət himnləri səsləndirilib.

Tədbirdə çıxış edən Sevastopol şəhər administrasiyasının başçısı Vladimir Yatsuba qeyd edib ki, azərbaycanlılar Ukraynanın faşizmdən təmizlənməsində yaxından iştirak ediblər.

Səfir Eynulla Mədətli isə öz növbəsində vurğulayıb ki, 77-ci atıcı diviziyanın azərbaycanlı döyüşçülərinin xatirəsinə ucaldılmış abidə iki xalq arasında dostluq simvolu olacaq.

UAK sədri Rövşən Tağıyev öz çıxışında qeyd edib ki, Böyük Vətən Müharibəsi qəhrəmanlarının xatirəsi daima anılmalı, o qələbəni qazananlar yaddan çıxmamalıdır. R.Tağıyev qəhrəman azərbaycanlıların adlarının əbədiləşdirilməsi üçün bundan sonra da Ukraynanın müxtəlif yerlərində abidələrin ucaldılacağını bildirib.

Krım Azərbaycanlıları İcmasının sədri R.Hümbətov bildirib ki, qəhrəmanlar ölməzdir və xalqın yaddaşında daim yaşayacaqlar. O qeyd edib ki, belə abidələr sülhün qorunmasının nə qədər vacib olduğunu bir daha xatırladır. Tədbirdə Böyük Vətən Müharibəsi ilə bağlı Ukrayna və Azərbaycan dillərində şerlər səsləndirilib.

AzVision.az


Teqlər:





Xəbər lenti