Terror qurbanlarına xüsusi status veriləcək

Terror qurbanlarına xüsusi status veriləcək
  19 Dekabr 2014    Oxunub:1460
Azərbaycanda terror qurbanlarına xüsusi statusun verilməsi nəzərdə tutulur.
Bu barədə Milli Məclisin Sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Hadı Rəcəbli bildirib.

Onun sözlərinə görə, vətəndaş cəmiyyəti adından bununla bağlı parlamentə məktub daxil olub və komitə təklifi dəstəkləyir:

"Qeyd olunan statusun verilməsində terror qurbanlarına şəhid statusu verilməsi təklif olunsa da, komitə məsələdən irəli gələrək daha münasib variant seçib. Bu, terror qurbanlarına tamamilə ayrı, xüsusi bir statusun verilməsidir. Çünki şəhidlər bilərəkdən döyüşlərdə şücaət göstərən, yaxud daha çox müharibə şəraitində olur. Amma terror müharibə olmayan yerlərdə, yaxud insan özü bilmədən də ona rast gələ bilər".

H.Rəcəbli bildirib ki, komitə bu təklifi məktub şəklində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərir və bununla bağlı layihənin hazırlanması üçün nazirliyin maliyyə tutumu ilə bağlı rəyini öyrəndikdən sonra ona müvafiq qanun layihəsi hazırlanacaq. Layihə "Terrorizmə qarşı mübarizə haqqında" qanuna əlavələrdən ibarət olacaq.(Apa)


Teqlər:  





Xəbər lenti