Seçici fəallığı 32.44 faizdir - MSK

Seçici fəallığı 32.44 faizdir - MSK
  23 Dekabr 2014    Oxunub:1211
Saat 15:00-a olan məlumata görə, bu gün Azərbaycanda keçirilən bələdiyyə seçkilərində respublika üzrə seçici fəallığı 32.44 faiz təşkil edib.
Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov deyib.

Onun sözlərinə görə, indiyə qədər 4 819 382 seçicidən 1 563 357 nəfəri səs verib.

R.Gülməmmədov qeyd edib ki, indiyə qədər MSK-nın "qaynar xətt"inə, poçt ünvanına və "facebook" səhifəsinə 80-dən artıq müraciət daxil olub və bunlar da müxtəlif informasiyaların alınması ilə bağlı olub. İndiyə qədər hər hansı şikayət daxil olmayıb.

Qeyd edək ki, bu il bələdiyyə seçkilərində 1607 bələdiyyə üzrə 15 035 bələdiyyə üzvü seçilməlidir.

Seçkilər 118 dairə üzrə keçirilir. Ermənistan tərəfindən işğal olunmuş əraziləri əhatə edən rayonların aid olduğu 7 seçki dairəsi üzrə bələdiyyə seçkiləri keçirilmir.

Səsvermə 5015 məntəqədə həyata keçiriləcək. Bu məntəqələrdən 4887-si daimi, 128-i isə müvəqqəti yaradılan məntəqədir.

Bələdiyyə seçkiləri üçün 37 077 namizəd qeydə alınıb. Onlardan 13 907 nəfərin namizədliyi 8 siyasi partiya tərəfindən irəli sürülüb. Bunlar Yeni Azərbaycan Partiyası, Ana Vətən Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Ümid Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Demokrat İslahatları Partiyası və Böyük Quruluş Partiyasıdır.

Namizədliyi qeydə alınan 23 061 nəfərin namizədliyi özü tərəfindən, 109 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.


Teqlər:





Xəbər lenti