Tanınmış şahmatçı bələdiyyə üzvü seçilib

Tanınmış şahmatçı bələdiyyə üzvü seçilib
  24 Dekabr 2014    Oxunub:3377
Tanınmış xanım şahmatçı Sumqayıt Bələdiyyəsinə üzv seçilib.
Azərbaycanın tanınmış şahmatçısı, beynəlxalq qrossmeyster Zeynəb Məmmədyarova Sumqayıt Bələdiyyəsinə üzv seçilib. AzVision.az Z. Məmmədyarova 41 saylı Sumqayıt birinci seçki dairəsinin nəticələrinə əsasən bələdiyyə üzvü seçilib. Xanım bələdiyyə üzvü adıçəkilən dairədən etimad göstərilən 19 üzvdən biridir və 3-cü ən yüksək səs toplayan şəxsdir.

Sumqayıtlıların 2009-cu ildə bələdiyyənin 18 üzvündən biri kimi etimad göstərdiyi gənc şahmatçı açıq səsvermə yolu ilə Sumqayıt Bələdiyyəsinin sədr müavini
vəzifəsinə qədər yüksəlib. O, əsasən bələdiyyənin təşkilati, mədəni-kütləvi məsələləri ilə məşğul olub.

Qeyd edək ki, yenidən Sumqayıt Bələdiyyəsinə üzv seçilən Z. Məmmədyarova Sumqayıtın şahmatçılardan ibarət Məmmədyarovlar ailəsinin üzvüdür. O, şahmatla atası Həmid müəllimin sayəsində hələ 10 yaşında ikən məşğul olmağa başlayıb, 2000-ci ildə 18 yaşlı qızlar arasında dünya çempionu, Ümumdünya Şahmat Olimpiadasının gümüş mükafatçısı, 2001 və 2007-ci ildə qadınlar arasında Azərbaycan, 2002-ci ildə 20 yaşadək qızlar arasında Avropa çempionu, Ümumdünya Şahmat Olimpiadasının qalibi, 2003-cü ildə dünya çempionatının bürünc mükafatçısı olub. Hazırda Azərbaycanın şahmat üzrə qadınlardan ibarət milli komandasının kapitanıdır. Zeynəbin qardaşı Şəhriyar və kiçik bacısı Türkan da beynəlxalq şahmat aləmində güclü şahmatçılar kimi tanınırlar və bir çox beynəlxalq yarışların, turnirlərin qalibləridirlər. Zeynəb Məmmədyarova ali təhsillidir, 2005-ci ildə Azərbaycan Beynəlxalq Universitetini bitirib.

Ailəlidir, 2 oğlu var.

Anar Kəlbiyev



Teqlər:





Xəbər lenti