Deputatla komitə sədri arasında `İran davası`
AzVision.az xəbər verir ki, əvvəlcə millət vəkili, parlamentin Beynəlxalq əlaqələr komitəsinin sədri Səməd Seyidov sazişin mahiyyəti haqqında məlumat verib. Onun sözlərinə görə, İram İslam Respublikası ilə belə bir sənədin imzalanması hər iki ölkə arasında münasibətləri yüksək səviyyəyə qaldırır: “Bu sənəd həm də başqa ölkələrin bizim aramızda maneələr yaratmaq istəyinə qarşı ciddi bir siqnaldır. Bu saziş əlaqələrimizdə yeni bir mərhələnin başlanğıcı olacaq”.
Lakin Sabir Rüstəmxanlı bu sənədə konkret bir cümələnin salınmasına etirazını bildirib. Belə ki, bəyannamənin birinci bəndinə görə, “Tərəflər öz ərazilərində bir-birinin dövlət suverenliyi və ərazi bütövlüyü əleyhinə yönəlmiş təşkilatlar, qruplar və ayrı-ayrı şəxslərin fəaliyyətinin arşısının alınması ilə bağlı müvafiq tədbirlərin görülməsinə hazır olduqlarını bir daha təsdiq edirlər”.
S.Rüstəmxanlı hesab edir ki, bu müddəa Azərbaycanda İranda baş verən hadisələrə münasibət bildirmək istəyənlərə qarşı alət kimi istifadə olunacaq: “Belə çıxır ki, Azərbaycanda heç kim İran haqqında heç nə deməməlidir, kimsə desə ki, “İrandakı azərbaycanlılar öz dilində oxumalıdır”, onları təqib etməliyik? Halbuki, İranın “Səhər” kanalı bizi hər gün təhqir edir, bu ölkədə Azərbaycan dili deyənin dilini kəsirlər. Onsuz da biz nəsə deyəndə, Urmiyadan danışan kimi İran səfiri nota verir. Bu müqavilədən sonra ümumiyyətlə səsimizi çıxara bilməyəcəyik. Bu maddə bura qəsdən salınıb”.
S.Rüstəmxalı hesab edir ki, Azərbaycanlıların yarısının İranda yaşadığını nəzərə alsaq, ora öz dövlətimiz kimi də baxa bilərik: “Amma bu sazişdə ayrı maddələr də olmalıydı. Qeyd edilməliydi ki, İran bizimlə düşmən ölkəyə yardım etməsin, ora beynəlxalq nəqliyyat dəhlizlərini açmasın, onlara neft-qaz verməsin. Bu sazişdə belə bir müddəa yoxdur”.
Millət vəkili hesab edir ki, bu bəyannamənin iki başı var və bizə ziyanı daha çox dəyəcək, nəinki xeyiri: “İranla müqavilə imzalayanda, daha diqqətli olmalı, milli maraqlarımızın daha diqqətli qorunmasına fikir verməliyik.”.
S.Seyidov isə öz həmkarına sazişin müddəalarını bir daha diqqətlə oxumağı tövsiyə etdi. Onun sözlərinə görə, İran bütün beynəlxalq təşkilatlarda Azərbaycanın ərazi bütövlüyünü tanıyıb:
“Dağlıq Qarabağ məsələsi ilə bağlı müddəa da konkret olaraq sənədə salınıb. Sazişin ikinci bəndində qeyd olunub ki, “Tərəflər Ermənistan, Azərbaycan və Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həll edilməsinin əhəmiyyətini bir daha təsdiq etdilər”. Bu sənəd Azəbaycanın milli maraqlarına tam uyğundur, ölkəmizin ərazi bütövlüyünə qarşı təhlükə yox, əksinə, Azərbaycanın suverenliyinin İran tərəfindən tanınmasını birbaşa göstərir”.
Anar Kəlbiyev







Vaxtında, Aydın, Lazımlı!


