Bu il hansı dövlət qurumları yaxşı işlədi? - SORĞU

Bu il hansı dövlət qurumları yaxşı işlədi? - SORĞU
  30 Dekabr 2014    Oxunub:12363
Jurnalist üçün xəbər hər şeydən önəmlidir. Ölkədə və dünyada baş verən hadisələri, önəmli xəbərləri operativ şəkildə oxuculara çatdırmaq borcumuz olsa da hərdən informasiya əldə edərkən çətinliklərlə üzləşirik. Jurnalistlər bu problemi daha çox dövlət qurumlarının mətbuat xidmətləri ilə yaşayırlar. Belə ki, bəzi mətbuat xidmətlərinin rəhbərləri jurnalistlərin zənglərinə cavab vermir, telefon qaldırsa belə jurnalisti acılayaraq müsahibədən qaçır, bəziləri bizimlə dostluq etməyə can atır, bəziləri isə varlıqlarını da hiss etdirmirlər. Onların adlarını eşidəndə təəccüblənirik.

Qələm əhli dövlət orqanlarının builki fəaliyyətini “qiymətləndirib”.

Mediya təmsilçiləri at ilində hansı dövlət idarələrinin at gücü ilə işlədiyini, hansıların “yatdığını” AzVision.az-la bölüşüb.

“Mövqe” qəzetinin əməkdaşı Zülfiyyə Quliyeva bu il mətbuatla işinə görə, Rabitə və Yüksək Texnologiyalar, Ekologiya və Təbii Sərvətlər , Vegilər, Səhiyyə, Əmək və Sosial Müdafiə Nazirliklərinin və Dövlət Sosial Müdafiə Fondunun, Təhsil Nazirliyinin işini qənaətbəxş hesab edir.

Jurnalist bu il başını “yastığa qoyub yatan” dövlət idarələrindən də gileyləndi:

“Elə qurumlar var ki, ötən illərdəki kimi, bu il də mətbuatla işlərini düzgün qura bilmədilər. Bu siyahıya çox təəssüf ki, Nazirlər Kabinetini, Nəqliyyat Nazirliyini, Bakı Şəhər İcra Hakimiyyətini, Fövqəladə Hallar Nazirliyini misal çəkmək olar”.

Z.Quliyeva “Azərsu”ASC, Bakı Metropoliteninin mətbuatla işində ciddi dönüş yarandığını da söylədi: “Buna səbəb bu qurumların mətbuat xidməti rəhbərləri işinə mətbuatla işləməyi bacaran insanların gəlməsidir. Bu il jurnalist kimi, Yeni il arzumu soruşsanız deyərəm ki, üzümüzə gələn il Allah bizim mətbuatı gözü görmək istəməyən, jurnalisti istəməyən, jurnalistin üstünə çəmkirən mətbuat xidməti rəhbərlərindən canımızı qurtarsın”.

“Azadinform” informasiya agentliyinin əməkdaşı Fidan Əliyevanın da narazı qaldığı dövlət qurumları var:

“Hər bir jurnalist istəyir ki, öhdəsində olduğu sahələrə cavabdeh olan qurumlarla sıx əməkdaşlıq etsin. Çünki bizim əsas məlumat mənbəyimiz elə həmin qurumlar və onların mətbuat xidmətləridir. Etiraf edim ki, dövlət qurumlarının heç də hamısı biz jurnalistlərlə lazımınca əməkdaşlıq etmir. Lakin insafən deyim ki, mətbuat qarşısında öz işini lazımınca yerinə yetirənləri də var. Bu il də həmin qurumlar bir daha bizim iş prosesimizdə özlərini lazımınca təmsil etdilər. Belə ki, 2014-cü ildə Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK), Gənclər Fondu, Bilik Fondu, Bakı Metropoliteni QSC, Dövlət Sosial Müdafiə Fondu (DSMF) və Milli Məclisdən razı qaldım. Yəni, istədiyim məlumatı mənə çatdırır, öz tədbirlərinə dəvət ediblər. Həmçinin, bu qurumların mətbuat xidmətləri də mənə lazımi məlumatı tutarlı şəkildə çatdırıblar. Qurumların əsas siması düşüşünrəm ki, mətbuat xidmətləridir. Onlar hər zaman mətbuata açıq olsalar, mətbuat da düzgün şəkildə məlumat verəcək”.

APA informasiya agentliyinin müxbiri Hafiz Heydərov isə 2014-cü ildə yalnız Daxili İşlə Nazirliyinin və Baş Prokurorluğun fəaliyyətindən razı qalıb. Jurnalist hesab edir ki, Müdafiə Nazirliyinin mətbuat xidməti Vaqif Dərgahlıdan xəbər almaq Allaha dua etməyə bənzədib:

“Duanın qəbul olunub-olunmayacağı özü sual altındadır”.

Anspress.az saytının əməkdaşı Şahin Həbibov da bəzi dövlət idarələrindən informasiya almağı işgəncəyə bənzədib. Lakin bu il öz informasiyaları ilə mətbuatı “mükafatlandıran”, operativ işləyən dövlət idarələrinin də adlarını çəkdi:

“Xarici İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank, Təhsil Nazirliyi jurnalistləri bu il operativ informasiya ilə təmin edib. Bura Statistika Komitəsi və Standartlaşma Meterologiya və Patent üzrə Dövlət Komitəsini də əlavə etmək olar”.

AzVision.az-ın əməkdaşı Anar Kəlbiyev də dövlət idarləri ilə aktiv işləyən müxbirlərdəndir. Odur ki, onun da razı, narazı qaldığı idarələr var. Həmkarımız deyir ki, Bakı Metropoliteninin sözcüsü Nəsimi Paşayev, Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Şahin Əsədli, Bakı Dövlət Yol Polisinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov, Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyev, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın işindən razıdır.

“Amma jurnalistlər üçün çətinlik yaradan mətbuat xidmətləri də az deyil. Əsasən Nəqliyyat Nazirliyi mətbuat xidməti Namiq Həsənov heç bir zənglərə cavab vermir. Ümumiyyətlə mətbuat xidməti nümayəndələri gündəlik sosial şəbəkədə olsaydılar daha yaxşı olardı. Jurnalistlərə onlar buradan sualını yazmaqla cavab ala bilərdi. Belə mətbuat xidmətləri olsa da, onların sayı çox azdır. Öz işini yarıtmayan mətbuat xidmətləri var ki, onlar ciddi cəzalanmalıdır”.

Qafqazinfo.az saytının əməkdaşı Günel Türksoy isə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi və Təhsil Nazirliyini, eləcə də Milli Məclisi medianın informasiya mənbəyi hesab edir. 2014-cü ildə bu dövlət orqanları jurnalistlərə informasiya sarıdan korluq çəkdirməyiblər.

Simsar.az-ın parlament müxbiri Hüseyn İbadlı Dövlət Sosial Müdafiə Fondunu, Fövqəladə Hallar Nazirliyini və “ASAN Xidmət”i vəzifələrinin icrasına görə birinci pilləyə layiq görür. Həmkarımız Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım Stansiyalarının göstərdiyi xidməti yarıtmaz hesab edir:

“Xüsusiylə 9 saylı Binəqədi rayon Təcili Yardım Stansiyası vətəndaşların çağrışlarına vaxtında cavab verməyib. Səbəb kimi hər üç briqadanın çağrışda olduğunu bildiriblər. Stansiyaların bu cür fəaliyyətinə əsaslanaraq deyə bilərəm ki, xəstələr ilkin tibbi yardımın göstərilməməsi səbəbindən ölümə məhkum ola bilərlər”.

Virtualaz.org saytının əməkdaşı İlkin Muradov dövlət idarələri arasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətini daha aktiv hesab edir:

“Bu il ərzində Bakı və ətraf qəsəbələrdə dəfələrlə yaşıllıqların məhv edilməsi halları müşahidə olunub. Ən azından bu nazirliyin mətbuat xidməti operativ şəkildə məsələni araşdıraraq bir neçə dəqiqə ərzində məlumat verib. Düzdür, məlumatların nə qədər gerçəyi göstərdiyini deyə bilmərəm. Amma ən azından bir çox idarələr, nazirliklər kimi sualdan yayınmağa çalışmayıblar”.

AzNews.az saytının əməkdaşı Bahar Rüstəmli isə bu il yalnız Mədəniyyət və Turizim Nazirliyinin işini bəyənir. Xanım jurnalistin fikrincə, adını çəkdiyi nazirliyə ünvanladığı sualların hamısına operativ cavab ala bilir.

Modern.az saytının müxbiri Gülşən Raufqızı həmkarlarından fərqli olaraq dövlət qurumlarından narazı deyil:

“Ümumilikdə işlədiyim nazirliklər, dövlət qurumları arasında narazı qaldıqlarım yoxdur. Müraciətim mövzunun əhatə etdiyi sualdan asılı olaraq ya dərhal, ya da müəyyən müddətdən sonra cavablandırılıb. Bu baxımdan ən çox müraciət etdiyim və razı qaldığım Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəsi müavini Ehsan Zahidov, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbri Anar Qədirli, Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov, Diasporla iş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Esmira Xəlilova, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev, Statistika Komitəsinin məlumatların yayılması şöbəsinin əməkdaşı Sevda Süleymanovadır.

Eyni zamanda bu il mətbuat xidməti rəhbərliyinə sevindiyim iki təyinat olub. Bunlardan biri Oqtay Bayramovun Fövqaladə Hallar Nazirlyinə, digəri isə Nəsimi Paşayevin Metropoliten QSC-ə mətbuat katibi təyin olunmasıdır. Çünki, onlara qədər sözügedən qurumlardan hansısa suala cavab almaq mümkün deyildi”.

Yeganə olaraq iş prinsipi ilə Gülşən Raufqızını qane etməyən Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Rəhimə Dadaşovadır: “Məsələ burasındadır ki, bu xanımın telefona dərhal cavab verməmək kimi bir adəti var. Hansısa mövzuyla bağlı günlərlə zəng vurursan, mesaj yazırsan, axırda acılamağa başlayanda sualı cavablandırır. Yəqin bundan sona mesajlarımı da cavabsız qoyacaq. Ümumi olaraq isə, 1-2 mətbuat xidmətinin rəhbərləri də var ki, verdiyi açıqlamaya uyğun yazıya başlıq çıxarılanda dərhal onun dəyişdirilməsinə çalışır. Arzu edərim ki, bu vərdişlərindən əl çəksinlər. Son olaraq mətbuat katiblərini qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə təbrik edirəm”.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti