Əli Əhmədovun 2015-ci ildən gözləntiləri
Ə.Əhmədov qeyd edib ki, 2015-ci ildə də ayrı-ayrı sahələrdə həyata keçirilən islahatlar davam etdiriləcək, bunun fonunda iqtisadi, siyasi, mədəniyyət, idman müstəvisində ardıcıl uğurlar əldə ediləcək. Ümumiyyətlə, 2015-ci il Azərbaycan üçün bir neçə istiqamətdə əlamətdar olacaq.
“Gələn il ölkəmizdə parlament seçkiləri keçiriləcək. Hesab edirəm ki, əsaslı ictimai-siyasi sabitliyin və dinamik iqtisadi inkişafın fonunda Azərbaycan xalqının alternativsiz seçimi olan Yeni Azərbaycan Partiyası növbəti dəfə möhtəşəm qələbə qazanacaq. Bu seçkilər Azərbaycanın demokratik inkişaf tarixinin növbəti səhifəsi olacaq.
Bununla yanaşı, 2015-ci ildə Azərbaycanda I Avropa Olimpiya Oyunları baş tutacaq. Qeyd edim ki, I Avropa Olimpiya Oyunlarının Azərbaycanda - Bakı şəhərində keçirilməsi haqqında qərarın qəbul edilməsi tarixi önəm kəsb edir. Bu, ilk növbədə, Avropa Olimpiya Oyunları tarixinə düşəcək, çünki bu oyunlar ilk dəfə keçiriləcək və bu, yeni bir tarixin başlanğıcıdır. Belə bir qərarın qəbul olunması həm də Avropa idman ictimaiyyətinin Azərbaycana etimadından xəbər verir. Əgər Azərbaycanda ilk Avropa Olimpiya Oyunlarının keçirilməsi üçün lazım olan idman infrastrukturu olmasa idi, ölkəmizin bu məsuliyyətli vəzifəni öz üzərinə götürmək imkanları yetərincə dəyərləndirilməsə idi, Avropa Olimpiya Komitəsi belə bir qərar qəbul etməzdi. Həmçinin, Azərbaycanın maliyyə imkanları da böyük və mötəbər tədbirlərin ən yüksək səviyyədə təşkilinə imkan verir. 2015-ci ildə keçirilməsi planlaşdırılan Avropa Olimpiya Oyunları Azərbaycanın özünü dünyada bir daha tanıtması və təbliğ etməsi baxımından yeni bir şansdır. Bu oyunlar münasibətilə çoxlu sayda idmançılar, jurnalistlər, idman həvəskarları Bakıya gələcəklər, onlar Azərbaycanla daha yaxından tanış olacaqlar, paytaxtımızın gözəlliklərini görəcəklər, müasir cəmiyyətimizin şahidi olacaqlar, eyni zamanda, bütün dünya bu oyunları televiziya vasitəsilə yayımlamaqla, əslində, Azərbaycanı təbliğ etmiş olacaq. İnanıram ki, Bakıda keçiriləcək Avropa Olimpiya Oyunları çox yüksək səviyyədə təşkil ediləcək və həmin dövrədək, yəqin ki, paytaxtımızda çox böyük yeniliklərin şahidi olacağıq.
2015-ci ildə Azərbaycanın dinamik inkişafının davam edəcəyinə inandığımı ifadə etmək istəyirəm. Regionların sosial-iqtisadi inkişafı, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, ayrı-ayrı sahələrin tərəqqisi, ikitərəfli və çoxtərəfli əməkdaşlıq münasibətlərinin miqyasının genişləndirilməsi və digər istiqamətlərdə həyata keçiriləcək tədbirlər inkişafın və nailiyyətlərin əsası kimi çıxış edəcək. Neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, şaxələndirmə siyasətinin davam etdirilməsi və qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirilməsi, bütövlükdə, Azərbaycanın inkişafına mühüm töhfələr verəcək, inkişaf strategiyası uğurla yerinə yetiriləcək. Doğrudur, müəyyən layihələrdə gecikmələr ola bilər, lakin mən görülən tədbirlər sayəsində inkişaf siyasətinin davamlı olacağına optimistcəsinə yanaşıram.
Mən 2015-ci ilin Azərbaycan üçün uğurlu olacağına dərindən inanıram. Bu fikri söyləməyə əsas yaradan Prezident İlham Əliyevin iqtisadi siyasətinin obyektiv reallıqlara söykənməsi, səmərəli idarəçilik təcrübəsi, siyasi iradəsidir”.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


