Prezidentin vəzifə verdiyi Cəfərov kimdir? - ARAYIŞ

Prezidentin vəzifə verdiyi Cəfərov kimdir? - ARAYIŞ
  31 Dekabr 2014    Oxunub:16338
Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev Azərbaycan Turizm və Menecment Universitetinə rektor təyin edib. Ölkə başçısının sərəncamına əsasən, Cəfər Məmməd oğlu Cəfərov Azərbaycan Turizm və Menecment Universitetinin rektoru təyin edilib.

Cəfər Cəfərov kimdir?
AzVision.az yeni rektorun tərcümeyi-halını təqdim edir:

C.Cəfərov 1960-cı ildə anadan olub. V.Lomonosov adına Moskva Dövlət Universitetinin Tarix fakültəsini və onun aspiranturasını bitirib, 1987-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək Bakı Dövlət Universitetində əmək fəaliyyətinə başlayıb.

1987-1994-cu illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində böyük laborant, “Azərbaycan tarixi” kafedrasının müəllimi, baş müəllimi, dosenti, 1990-1994-cü illərdə BDU-da Tarix üzrə ixtisaslaşmış doktorluq şurasının elmi katibi, 1992-1994-cü illərdə Tarix fakültəsinin dekan müavini vəzifəsində işləyib.
1994-1998-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə İş üzrə Baş İdarəsinin rəisi vəzifəsində çalışıb.

O, 1998-2003-cü illərdə BMT İnkişaf Proqramı və Azərbaycan hökümətinin “Azərbaycanda QHT/İƏT-lərin institusional potensialının artırılması ilə Vətəndaş Cəmiyyətinin gücləndirilməsi” birgə layihəsinin milli koordinatoru olub.
2003-2004-cü illərdə Beynəlxalq Mətbuat Mərkəzinin (BMM) direktoru vəzifəsində işləyib.

2004-2006-cı illərdə BMT İnkişaf Proqramı və Azərbaycan hökümətinin “Azərbaycan Respublikasında yoxsulluğun azadılması məqsədilə daxili turizmin səmərəli inkişafının təmin olunması üzrə Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm nazirliyinə institusional yardım” birgə layihəsinin milli koordinatoru olub.

C.Cəfərov 5 iyul 2006-cı il tarixində prezidentin sərəncamı ilə Azərbaycan Turizm İnstitutunun rektoru vəzifəsinə təyin edilib. Tarix elmləri doktorudur.

Azərbaycanda keçirilmiş bir sıra, o cümlədən də xaricdə keçirilmiş 50-dən çox beynəlxalq seminar, konfrans və simpoziumların iştirakçısı olmuşdur. Müasir Azərbaycan tarixi, demokratikləşmə, mülki cəmiyyətin inkişafı, dövlət idarəçiliyi, turizmin inkişafı ilə bağlı Azərbaycanda və xaricdə nəşr olunmuş 50-yə yaxın elmi əsərin müəllifidir. Rus, ingilis, türk dillərində sərbəst danışır.

Ailəlidir, iki övladı var.

Anar RÜSTƏMOV


Teqlər:





Xəbər lenti