`Ermənistan sülh istəmir` - İlham Əliyev

`Ermənistan sülh istəmir` - İlham Əliyev
  02 Yanvar 2015    Oxunub:1941
"Əfsuslar olsun ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bu il də öz həllini tapmayıb. Buna səbəb Ermənistanda kriminal, qanlı diktatura rejiminin mövcudluğudur".

Bu sözləri prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibəti ilə Azərbaycan xalqına ünvanladığı təbrik çıxışında deyib.

Prezident İlham Əliyev Ermənistanın sülh istəmədiyini, dəfələrlə Azərbaycan ordusunu təxribata çəkməyə cəhd etdiyini və buna müvəffəq olmadığını bildirib.

"Ermənistan sülh istəmir. Bütün səylərini ona qoyub ki, sülh danışıqları aparılmasın, yaxud da ki, imitasiya naminə aparılsın. Bu il vasitəçilər fəallıq göstərmişdilər, bunu biz qeyd etməliyik. Rusiya, Amerika, Fransa - bu ölkələrin rəhbərləri ardıcıllıqla avqust, sentyabr, oktyabr aylarında üçtərəfli görüşlər keçiriblər. Mən bunu yüksək qiymətləndirirəm və bu ölkələrə minnətdaram. Ancaq Ermənistan bu görüşlərdə özünü səmimi aparmayıb. Bundan əlavə, Paris görüşündən iki həftə keçməmiş işğal edilmiş torpaqlarda genişmiqyaslı hərbi təlimlərə başlayıb. Bu təlimlərin bir məqsədi var idi - Azərbaycanı provokasiyaya çəkmək, təxribat törətmək və danışıqlar prosesinə zərbə vurmaq. Eyni hadisəni biz yay aylarında görmüşdük. O vaxt da erməni təxribatçı qrupları Azərbaycan mövqelərinə hücum çəkmişdilər. Ancaq Azərbaycan Ordusu onlara layiqli cavab vermişdir, 50-dən çox işğalçı məhv edilmişdir. Bu ilin sonlarında da buna oxşar hadisə baş vermişdir. Yenə də Azərbaycan Ordusu düşmənə layiqli cavab verərək onu yerinə oturtdu".

Azərbaycan ordusunun işğal olunmuş tirpaqları geri almaq potensialında və qüdrətində olduğunu deyən prezident İlham Əliyev bildirib ki, ordumuzun büdcəsi dilənçi Ermənistanın büdcəsindən iki dəfə çoxdur.

"İşğalçı dövlət bilməlidir ki, qüdrətli Azərbaycan Ordusu istənilən vaxtda öz ərazi bütövlüyünü bərpa edə bilər. Sadəcə olaraq biz hələ ümid edirik ki, danışıqlar prosesi müsbət nəticə verə bilər və bu ümidi gücləndirən amillər kifayət qədər çoxdur. Bizim siyasi gücümüz, iqtisadi potensialımız, qüdrətli ordumuz var. Gələn il ordu quruculuğuna, ordumuzun inkişafına 5 milyard dollara yaxın vəsait ayrılacaq ki, bu da yoxsul, dilənçi Ermənistanın ümumi büdcəsindən iki dəfədən çoxdur".

İlham Əliyev həmçinin münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalı olduğunu vurğulayıb.

"Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapa bilər. BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilməlidir. İşğalçı qüvvələr Azərbaycanın işğal edilmiş torpaqlarından çıxarılmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Bu, əsas prinsiplərdir. Biz bu prinsiplər əsasında istənilən müqavilənin imzalanmasına hazırıq".

AzVision.az


Teqlər:  





Xəbər lenti