Azərbaycanlı milyarderin “cənnətində” 5 milyonluq istirahət - FOTOLAR

  05 Yanvar 2015    Oxunub : 4360
Azərbaycanlı milyarderin “cənnətində” 5 milyonluq istirahət - FOTOLAR
Türkiyənin Bodrum şəhərinin sahillərində Rusiya, Azərbaycan, Fars körfəzi ölkələri və ABŞ-dan gələn meqa-yaxtalar, yaxud zənginlərin üzən sarayları üçün nəzərdə tutulan xüsusi liman var.
Bodrum Yalıkovakda, mərmər sahillərdə inşa edilmiş bu limana və yeddiulduzlu istirahət kompleksi “Billionare Club”a yatırılmış investisiya artıq geri qayıdıb. Çünki bu məkanda bir həftəlik istirahət 5 milyon dollara başa gələ bilər.

AzVision.az virtualaz.org-a istinadən xəbər verir ki, azərbaycanlı milyarder-oliqarx, “Palmali” şirkətlər qrupunun sahibi, gəmiçilik maqnatı Mübariz Mənsimovun bu layihəsi haqda Almaniyanın manager-magazin.de portalı yazır.



Məqalədə deyilir ki, “Gökova Bay Bodrum” limanında bu yaxınlarda Dubaydan olan ərəb milyarderi Abdulla əl-Futtaimin 110 metrlik “Radiant” super-yaxtası lövbər salıb.

Abdulla əl-Futtaim Birləşmiş Ərəb Əmirliklərinin ən varlı adamlarından biridir. Onun üzən sarayı ehtiyatla yerində fırlanır. LED işıqlarla örtülmüş, dördmərtəbəli bina hündürlüyündə olan yaxtanın göyərtəsində iki vertolyot var. Təxminən 286 milyon avroya başa gələn dəbdəbəli yaxta nəinki raketdən müdafiə sistemi ilə, eyni zamanda “Sonar” dalğıc qurğusu və piratların qulaq pərdələrini partlatmağa kifayət edən LRAD uzaq məsafəli akustika qurğusu ilə təchiz olunub.

Yaxtanın təchizatına hətta su altında üzməyə imkan verən mini-sualtı qayıq da daxildir.

Bəs bu nədir - paranoyadır, yoxsa zəngin adamın uşaqsayağı əyləncəsi?

Dubaydan olan super-yaxta eksperti, alman fotoqraf Byren Lauen deyir ki, qətiyyən yox. Bu cür super-yaxtalar üçün dəniz təhlükəsizliyini təmin edən bu sistemlər vacibdir. Əks halda onları heç sığortalayan da olmaz.

“Radiant” son aylarda Mənsimovun limanında yan alan yeganə üzən saray deyil. Digər azərbaycanlı milyarder Fərhad Əhmədovun “Luna” adlı yaxtası - iki vertolyot meydançasına, qapalı hovuza, sürət katerinə və bir neçə lüks kayuta malik üzən sarayı da son vaxtlar bu limanda tez-tez görünür. Əhmədov yaxtanı rusiyalı oliqarx Roman Abramoviçdən alıb. Axı uzunluğu 115 metr olan, 50 nəfərlik heyətə malik bu yaxta Roman Abramoviç üçün həddən artıq kiçikdir, elə deyilmi?!

Digər tərəfdən, Mənsimovun milyarderlər üçün nəzərdə tutulmuş məkanında istirahət etmək də hər adamın işi deyil. Məsələn, Rusiyanın “Stoliçnaya” araq brendinin sahibi, şərabçılıq maqnatı Yuri Şeffler “Serene” yaxtası ilə limana yan alaraq burada istirahət üçün bir həftəyə 5 milyon dollar xərcləyib.

Hətta Britaniya şahzadəsi Çarlz da ona çata bilməz: Çarlz və xanımı Kamilla dostları ser Donald Qoslinqlə 75 metrlik “Leander” yaxtasında Mənsimovun limanına yan alıblar. “Billionare Club”da bir həftəlik istirahət və yaxta üçün dayanacaq haqqı onlara 550 min avroya başa gəlib.

Rusiyadan və digər keçmiş sovet respublikalarından olan oliqarxların yaxtaları son vaxtlar tez-tez Bodrum yarımadasına yan alır. Onlar hər şeydən əvvəl Bodruma super varlılar üçün çoxsaylı seçim imkanları təklif edən məkan kimi baxırlar.

Bodrumda gecə həyatının özəyi hələ də dünyanın açıq havada ən böyük gecə klubu hesab edilən “Halikarnas” olaraq qalır. Gecə saat 2-də lazer şüalarının yaşıl zolaqları səmanı dəlir və Bodrumun XV əsrdən qalmış qədim binalarının divarları ultra-yüksək səs dalğalarından silkələnir. Rəqs meydançasının ortasında ancaq Jade Jagger dairə boyu fırlanır. Mayk Jaggerin qızı Bodrumdakı “Secret Garden” restoranında işləyir. Burada dünyanın digər məşhurlarını da tez-tez görmək olar. Məsələn, Naomi Kempbell tez-tez Abramoviçin “yedəyində” burada olur, şahzadə Marqaret, Maykl Keyn və Rotşildləri də tez-tez burada görmək olar.

Mənsimovun Bodrumdakı “Palmarina” limanında uzunluğu 40 metrdən 100 metrə qədər olan 70 meqa-yaxta üçün yer var, “Billionare Club”da isə 710 yataq yeri mövcuddur. Orada varlı müştərilərin tələblərini ödəyən hər şey var. Kompleksə məşhur “Cipriani” restoranı, ticarət mərkəzi, fitnes-mərkəz, vertolyot meydançaları, “Palmalife Marina Suite Hotel” və “Palmalife Marina Boutique Hotel”də füsunkar nömrələr daxildir.

Azərbaycandan olan oliqarx Mübariz Mənsimov bu limana 120 milyon dollar investisiya qoyub.



Günlərin birində səhər tezdən “Gökova Bay”dan “Radiant” yoxa çıxdı. Doğrudanmı ərəb milyarderi yerini daha böyük yaxtaya malik digər milyarderə güzəştə getdi?

Məsələ ondadır ki, cənab Abramoviç özünün yeni “Eclipse” super-yaxtasının tezliklə limana yan alacağını elan edib. Yaxta hazırda yoldadır və Yunanıstan adaları sahillərində üzür. Abramoviçin ad günündə Gökovada olmalıdır. Onun yeni yaxtasının iki vertolyot meydançası, 24 kayutu, iki hovuzu, hidromasaj vannaları, bir neçə diskoteka meydançası var. Həmçinin yaxta üç sürətli katerlə, 50 metr dərinliyə enə bilən mini-sualtı qayıqla təchiz olunub. Heyəti təxminən 70 nəfərdir.

162,5 metrlik “Eclipse” yaxtası Abramoviçə 1,2 milyard dollara başa gəlib.

Bəs bu uzunluqda yaxta Mənsimovun limanına yan ala bilərmi? Axı “Palmarina” 100 metrə qədər yaxtalara dayanacaq təklif edir.

“Abramoviç sonuncu dəfə burada olanda onun yaxtasının təhlükəsizliyinin təmin edilməsi aşağı səviyyədə oldu. Bir həftə boyu bütün internet yaxtanın şəkillərini verdi. Və yaxta bir həftə boyu Kos adasından da görünürdü” - deyə otel əməkdaşı bildirir.

Foto


Teqlər: