631 həkim testlə işə qəbul olunub

631 həkim testlə işə qəbul olunub
  05 Yanvar 2015    Oxunub:1698
Mərkəzləşdirilmiş qaydada test imtahanı ilə 631 həkim işə qəbul olunub. Bəzi regionlarda orta tibb kadrlarına olan yüksək tələbatı nəzərə alaraq yeni yaradılmış Cəlilabad, Quba və Saatlı tibb kollecləri 2014/2015-ci tədris ilindən fəaliyyətə başlayıb.

AzVision.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin 2014-cü ilin yekunlarına həsr olunmuş kollegiya iclasında məlumat verilib.

Qeyd olunub ki, bununla yanaşı, 2014-cü ildə 53 həkim Avropanın nüfuzlu universitet klinikalarında səhiyyənin müxtəlif sahələri üzrə təkmilləşdirmə kurslarında peşə biliklərini artırıbdır. Hesabat ilində rəhbər kadrların gücləndirilməsinə də xüsusi diqqət yetirilib. İl ərzində bu vəzifələrə 42 yeni kadr təyin olunub. Eyni zamanda, informasiya texnologiya infrastrukturunun inkişaf etdirilməsi, elektron proqramlarının tətbiqinin dünya standartları səviyyəsinə çatdırılması da nazirliyin prioritet istiqamətlərdən biri olub. Belə ki, digər dövlət qurumları ilə informasiya mübadilələrinin aparılması məqsədilə 5 rəsmi statistik forma və tibbi arayış tam elektronlaşdırılaraq 500-dən çox tibb müəssisəsində tətbiq edilib.

Səhiyyə sahəsində elektron xidmətlərinin genişləndirilməsi istiqamətində də işlər aparılır. Nazirliyin rəsmi internet səhifəsində yaradılmış “Elektron xidmətlər” bölməsində artıq 28 elektron xidmət fəaliyyət göstərir. Dövlət proqramlarına uyğun olaraq müxtəlif xəstəliklər üzrə tibbi elektron registrlərin yaradılması davam etdirilib. Hazırda registrlərin sayı 16-ya çatdırılıb.

AzVision.az


Teqlər:  



Xəbər lenti