“Orxan Zeynalov Azərbaycana gətiriləcək”

“Orxan Zeynalov Azərbaycana gətiriləcək”
  06 Yanvar 2015    Oxunub:4606
“Gec-tez Orxanı Azərbaycana gətirəcəklər”.
Bunu AzVision.az-a açıqlamasında Moskva sakini Yeqor Şerbakovu qətlə yetirməkdə təqsirləndirilərək 17 il həbs cəzasına məhkum edilmiş Azərbaycan vətəndaşı Orxan Zeynalovun atası Zahid Zeynalov deyib.

Z.Zeynalov qeyd edib ki, oğlu Rusiyada siyasi məhbus kimi saxlanılır. Atası Orxan Zeynalovla görüşə bilmədiyini deyib:

“Oğlumun yanına heç getməmişəm. Yeni ildə də əlaqə saxlamamışam. Bu işlərlə Rusiya məşğul olur. Bayram günlərində də Orxanın yanına heç kəsi buraxmayıblar. Oğlumun yanına getmək istəmirəm də! İndi gərək müharibə edək?! Mənim övladımı məndən çox heç kim istəyə bilməz. Mən ziyalı adamam. Bu bir siyasi oyundur. Bunu nazir də, prokuror da, hər kəs də bilir. Məni heç kəs qınamasın”.

Daha sonra Z. Zeynalov qeyd edib ki, oğlunu Azərbaycana gətirəcəklər:

“Oğlumuz barəsində bircə məlumatımız var ki, o da dövlət tez bir vaxtda Orxanı ölkəmizə gətirəcək. Onu Azərbaycana gətirəcəklər. Rusiya dövləti ona nəzarət edir. Onlar Orxanın səhhətini də nəzarətdə saxlayırlar. Onu Rusiyada siyasi məhbus kimi saxlayırlar. Bizim Rusiyadakı səfirimiz Polad Bülbüloğlu məsələni özü nəzarətdə saxlayır. Onun Azərbaycana gəlməsinin vaxtı dəqiq deyilmir. Amma gec-tez Oraxnı Azərbaycana gətirəcəklər. Moskvada qardaşlarım var. Onlar Orxanla əlaqə saxlayırlar. Orxanın yanına heç kimi buraxmırlar. Bəzən onlar Orxana ərzaq məhsulları da göndərirlər”.

Qeyd edək ki, Moskva sakini Yeqor Şerbakovu qətlə yetirməkdə təqsirləndirilərək 17 il həbs cəzasına məhkum olunmuş Azərbaycan vətəndaşı Orxan Zeynalovun bir müddət öncə apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib. Rusiya Federal Ali Məhkəməsində keçirilən prossesdə O. Zeynalovun vəkili məhkəmə hökmünün ləğv edilməsini və cinayət işinə xitam verilməsini xahiş edib.

Rusiya Ali Məhkəməsi birinci məhkəmə instansiyasının çıxardığı hökmü qüvvədə saxlayıb.

Xatırladaq ki, ötən ilin iyulun 28-də Moskva Şəhər Məhkəməsi O. Zeynalovun 17 il müddətinə azadlıqdan məhrum edilməsi və Y. Şerbakovun ailəsinə 3 milyon rubl təzminat ödəməsi barədə hökm çıxarıb.

Hafiz Əhmədov


Teqlər:





Xəbər lenti