İdmançı məmurlarımız... – Onlar kimlərdir?

İdmançı məmurlarımız... – Onlar kimlərdir?
  06 Yanvar 2015    Oxunub:19865
Azərbaycan bayrağını mötəbər yarışlarda dalğalandıran, ölkəmizə birincilik qazandıran idmançılarımız dövlət tərəfindən yüksək mükafatlarla təltif olunurlar. Əsasən olimpiya yarışlarında Azərbaycana qızıl medal gətirən idmançılarımıza dövlətimiz tərəfindən bahalı maşın, evlə yanaşı, onlara dövlət qurumlarında vəzifələr də həvalə edilir.

AzVision.az idmançı məmurlarımızı təqdim edir:

Güləş üzrə Olimpiya çempionu Fərid Mansurov Vergilər Nazirliyində işləyir. Tanınmış idmançı nazirliyin istintaq idarəsinin müstəntiqi vəzifəsində çalışır. Tanınmış idmançı 2004-cü il Yay Olimpiya oyunlarında yunan-roma güləşi üzrə 66 kq çəki dərəcəsində qızıl medalına sahib olaraq Olimpiya çempionu adını qazanıb. 2007-ci ildə Bakıdakı dünya çempionatında qızıl medal qazanıb. Azərbaycan Respublikaı Prezdidentinin Sərancamları ilə 2002-ci ildə “Tərəqqi” medalı ilə, 2004-cü ildə isə “Şöhrət” ordeninə layiq görülüb.

Cüdo üzrə Olimpiya çempionu Elnur Məmmədli 2009-cu ildə Polis Akademiyasına qəbul olub. Azərbaycan daxili işlər naziri, general-polkovnik Ramil Usubov Pekin Olimpiadasının qalibinə "polis baş leytenantı" rütbəsini və zabit poqonlarını təqdim edib.

Hazırda Elnur Məmmədli polis kapitanı rütbəsi daşıyır. Tanınmış idmançı 2006-cı ildə cüdo üzrə Avropa çempionu, 2007-ci ildə Dünya Çempionatının gümüş mükafatçısı olub. 2008-ci ilin avqustunda Pekində keçirilən Olimpiya oyunlarında 73 kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək olimpiya çempionu adına layiq görülüb. 2011-ci ilin yanvarında Bakıda keçirilən lisenziya xarakterli "World Masters" seriyası turnirinin qalibi olub. 2011-ci ilin aprel ayında İstanbulda keçirilən Avropa çempionatında 81 kq çəki dərəcəsində ikiqat Avropa çempionu tituluna yiyələnib.

Azərbaycanın ilk beynəlxalq qrossmeysteri Aynur Sofiyeva 2007-cı ilin mart ayından etibarən Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin müavini vəzifəsində çalışır. Bundan əvvəl 1998-2000-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyində aparıcı, daha sonra baş hüquq məsləhətçisi vəzifələrində çalışıb. İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

Xanım şahmatçı 1974-cü ildən idmanın şahmat növü ilə məşğul olur. 6 yaşında gənclər arasında rayon çempionu, 14 yaşında qızlar arasında, 15 yaşında qadınlar arasında Azərbaycan çempionu, 16 yaşında qızlar arasında SSRİ çempionu adını qazanıb. 20 yaşında tələbələr arasında dünya çempionu (2 qızıl medal), həmin ildə 20 yaşadək qızlar arasında dünya çempionatının gümüş medalçısı, 1993-cü ildə Azərbaycan komandasının tərkibində 26 yaşadək gənclər arasında dünya çempionatında gümüş medal qazanıb. Bir çox beynəlxalq turnirlərin qalibi olub. 1990-cı ildə Azərbaycanın ilk beynəlxalq qrossmeysteri, İslam dünyasında isə qadınlar arasında ilk beynəlxalq qrossmeyster adını qazanıb. 2002-2007-ci il tarixlərində Azərbaycan Şahmat Federasiyasının Prezidenti olub.

Tanınmış xanım şahmatçı Zeynəb Məmmədyarova sonuncu bələdiyyə seçkilərində Sumqayıt Bələdiyyəsinə üzv seçilib. Z. Məmmədyarova 41 saylı Sumqayıt birinci seçki dairəsinin nəticələrinə əsasən bələdiyyə üzvü seçilib. Xanım bələdiyyə üzvü adıçəkilən dairədən etimad göstərilən 19 üzvdən biridir və 3-cü ən yüksək səs toplayan şəxsdir.

Sumqayıtlıların 2009-cu ildə bələdiyyənin 18 üzvündən biri kimi etimad göstərdiyi gənc şahmatçı açıq səsvermə yolu ilə Sumqayıt Bələdiyyəsinin sədr müavini vəzifəsinə qədər yüksəlib. O, əsasən bələdiyyənin təşkilati, mədəni-kütləvi məsələləri ilə məşğul olub.

Beynəlxalq qrossmeyster 2000-ci ildə 18 yaşlı qızlar arasında dünya çempionu, Ümumdünya Şahmat Olimpiadasının gümüş mükafatçısı, 2001 və 2007-ci ildə qadınlar arasında Azərbaycan, 2002-ci ildə 20 yaşadək qızlar arasında Avropa çempionu, Ümumdünya Şahmat Olimpiadasının qalibi, 2003-cü ildə dünya çempionatının bürünc mükafatçısı olub. Hazırda Azərbaycanın şahmat üzrə qadınlardan ibarət milli komandasının kapitanıdır.

Karate üzrə Avropa və dünya çempionu Ülvi Quliyev hazırda Azərbaycan Respublikası Milli Məclisinin üzvüdür. 2005-ci ildə 21 saylı Nəsimi birinci seçki dairəsindən, 2010-cu ildə 17 saylı Yasamal 3-cü seçki dairəsindən parlamentə seçilib. Hazırda Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidentidir. Buna qədər Dövlət Gömrük Komitəsinin şöbə rəisi, “Gömrükçü” İdman Sağlamlıq Mərkəzi baş direktorunun müavini olub.

Sərbəst Güləş üzrə olimpiya çempionu Namiq Abdullayev polis polkovnik-leytenantıdır. O, Azərbaycanın "Tərəqqi" medalı və "Şöhrət" ordeni ilə təltif olunub. 2000-ci ildə Sidneydə keçirilən Yay Olimpiya Oyunlarının qızıl, Atlantada keçirilən 1996 Yay Olimpiya Oyunları olimpiadasının gümüş mükafatçısıdır. Üçqat (1995, 1996 və 2003-cü illərdə) Avropa çempionudur. Dünya birinciliyinin gümüş mükafatçısıdır.

Sambo Federasiyasının prezidenti Ceyhun Məmmədov Daxili İşlər Nazirliyində, Nərimanov rayonu cinayət axtarış şöbəsində polkovnik-leytenant rütbəsində işləyir. O, 6 qat Avropa, 7 qat dünya, 2 dəfə Dünya kubokunun sahibi və 1 dəfə gənclər arasında dünya çempionu, idmanın qeyri-olimpiya növündə “Şöhrət” ordeni alan məşhur samboçudur. 2003-cü ildən etibarən Azərbaycan Sambo Federasiyasının prezidentidir.

Stend atıcılığı üzrə olimpiya mükafatçısı Zemfira Meftahətdinova 1994-cü ildən polis orqanlarında işləyir, polis polkovnik-leytenantıdır. Stend atıcılığı üzrə dünya çempionu, 6 dünya , 2 olimpiya rekordu qazanıb. Hazırda "Dinamo" cəmiyyəti tədris-idman şöbəsinin rəisidir. "Şöhrət" ordeni ilə təltif edilib. 2000-ci il Olimpiya oyunlarının qalibi, 2004-cü il Olimpiya oyunlarının bürünc mükafatçısıdır.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev Dövlət Gömrük Komitəsində çalışır. Rütbəsi polkovnikdir. Sərbəst güləşdə göstərdiyi yüksək nəticələrə görə SSRİ-nin Əməkdar İdman Ustası adına layiq görülüb. Azərbaycan Milli Olimpiya komitəsinin "Ədalətli Oyunlar" komissiyasının sədridir.

“Ağ canavar” ləqəbli azərbaycanlı kikboksçu Eduard Məmmədov polis polkovnik-leytenantıdır. 15 qat Azərbaycan, 19 qat dünya, 6 dəfə Avropa, Asiya və Avrasiya çempionudur. İki qat interkontinental kəmərinin sahibi, dəfələrlə peşəkar turnirlərin qalibidir.

Azərbaycan Taekvando Federasiyasının 1-ci vitse-prezidenti Füzuli Musayev Fövqəladə Hallar Nazirliyində polkovnik rütbəsində çalışır. 1986-cı ildən 1997-ci ilə kimi, 20 ilə yaxın polis kimi çalışıb. Cinəyatkarlığa qarşı mübarizənin kiçik inspektorluğundan baş inspektorluğuna kimi qalxıb. Polis Akademiyasını bitirib. O, hazırda Fövqəladə Hallar Nazirliyinin İdman İdarəsinin rəisidir.

7 qat Dünya, 2 qat Avropa çempionu cüdoçu Zülfiyyə Hüseynova Bakı Baş Gömrük İdarəsinin Qaçalmalçılıqla mübarizə şöbəsində inspektor vəzifəsində işləyir. Həmçinin xanım cüdoçu hərbçilərin Olimpiya, dünya və tələbələr arasında dünya çempionudur. Dəfələrlə beynəlxalq turnirlərin qalibi və mükafatçısı olub.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti