`Radikal liderlərin Xədicə qədər hörməti yox imiş`- Niyaməddin Orduxanlı

`Radikal liderlərin Xədicə qədər hörməti yox imiş`- Niyaməddin Orduxanlı
  07 Yanvar 2015    Oxunub:2148
`Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasını 2015-ci ildə daha böyük uğurlar gözləyir. Maksimum çalışacağıq ki, noyabrda keçirilən parlament seçkilərində BAXCP ən çox yer qazanan müxalifət partiyasi olsun. Bunun üçün partiyamızın kifayət qədər potensialı da var. Partiyamızın rəhbərliyində təmsil olunan şəxslərin nufuzu imkan verir ki, daha çox mandat qazanaq`.

Bu sözləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı deyib. O, bildirib ki, BAXCP beynəlxalq təşkilatlarda təmsil olunmaq yönündə səylərini də artıracaq:

- Bu istiqamətdə partıyamızın lideri, millət vəkili Qüdrət Həsənquliyevin indiyə qədər gördüyü xeyli işlər var. Bilirsiniz ki, BAXCP-nin son bələdiyyə seçkilərində 300-ə yaxın namizədi olub və 100-dən artığı seçilə bilib. Özüm artıq 4-cü dəfədir ki, bələdiyyə seçkilərində uğur qazanıram. Parlament seçkilərinə də qatılacağam. Bu, artıq mənim parlament seçkilərində üçüncü iştirakım olacaq. Sonuncu parlament seçkilərində ikinci yeri tutmuşdum. Demək olar ki, böyük bir seçki təcrübəm var. Və yaşadığım ərazinin seçiçiləri məni kifayət qədər tanıyır.

- Partiyanız parlament seçkilərində müstəqil şəkildə, yoxsa hər hansı bir partiya ilə əməkdaşlıq formasında iştirak edəcək?

- 2010-cu ilin parlament seçkilərinə BAXCP blok şəkilində qatılmışdı. Vətəndaş Həmrəyliyi, Ədalət, Böyük Quruluş və Təkamül Partiyasının "İslahatcı" bloku ilə seçkiyə qatılmışdıq. Bu blokun yenidən seçkiyə birgə getməsi ilə bağlı indidən hər hansı bir fikir bildirmək tezdir.

BAXCP 2007-ci və 2011-ci ildə 4 partiyanın - VHP, Ədalət, BAXCP və BQP-nin birgə hazirladığı "Konstitutsiya islahatları haqqında" qanun layihəsini Milli Məclisə təqdim edib. Qanunda parlament seçkilərində birmandatlı seçki dairəsi ilə yanaşı, proporsional seçki sisteminin bərpası və Milli Məclis üzvlərinin sayının artırılması, seçkidə qalib gəlmiş partiyanın höküməti formalaşdırması təklif edilib. Məncə, ölkədə çoxpartiyalı sistemi inkişaf etdirməyin ən yaxşı yolu budur. Demək olar ki, artıq keçmiş SSRİ-nin 15 respublikasından yalnız Azərbaycan və bir neçə ölkədə proporsional seçki sistemi yoxdur. BAXCP uzun illərdi ki, bu təşəbbüslə çıxış edir...

- Bu il müxalifət, xüsusilə bu düşərgənin radikal qanadı üçün nə dərəcədə uğurlu və ya uğursuz olacaq?

- Düşünürəm ki, hər dəfə olduğu kimi, bu dəfə də beynəlxalq təşkilatlar siyasi cameənin radikal hissəsindən Azərbaycan hakmiyyətinə qarşı təzyiq kimi istifadə etməyə çalışacaq. Son 20 ilin seçkilərində bu, özünü acıq şəkildə göstərib. Uzun illər bir-birini təhqir edən Əli Kərimli və Müsavat Partiyası mümkündür ki, yenidən "qardaşlaşsın". Son parlament seçkilərinin hamısında bu, baş verib. Bu, Əli Kərimli və ya İsa Qəmbərin təşəbbüsü olmayıb. Buna həmin adamları birbaşa beynəlxalq təşkilatlar məcbur edib. Gözlənilir ki, bu il keçiriləcək seçkidə tarix təkarar olunsun.

Ancaq mənim şəxsi qənaətim odur ki, Azərbaycan cəmiyyəti heç bir halda radikal siyasət aparan bu şəxslərə ciddi dəstək verməyəcək. Bu düşərgə daha böyük itkilərlə seçkidən ayrılacaq. Son bələdiyyə seçkilərində Əli Kərimlinin partiyası 100 nəfər namizəd verə bilmədi. Çünki bunun üçün yerlərdə kifayət qədər təmsilçilərin və bölgələrdə ciddi dəstəyin olmalıdır. Kim Əli Kərimlinin partiyasından namizəd olmağa razılıq verər? Özünə hörmət edən və gələcəyini düşünən şəxs Əli Kərimlinin partiyasında qalmaz. Neçə ki, Əbülfəz Elçibəydən sonra Əli Kərimlinin yanında "matros" Faiqdən başqa heç kim qalmayıb. Başında olan 5-10 gənc də vaxtı gələndə onun kim olduğunu bilib, düşərgəni tərk edəcək.

- Bir qayda olaraq, seçki ərəfəsində ölkədə siyasi sabitliyi pozmağa cəhdlər edilir. Parlament seçkiləri ərəfəsində belə bir prosesin baş verməsi mümkün ola bilərmi?

- Bəli, mümkün hesab edirəm. Bu gün Azərbaycanın milli maraqlarını sevməyən bir çox təşkilat və dövlətlər var. Onlar istəmirlər ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev müstəqil siyasət aparsın. Onlar Azərbaycan dövlətini bu cür görmək istəmirlər. 2013-cü ilin prezident seçkilərində Rusiya acıq şəkildə Rüstəm İbrahimbəyovu ortalığa atmaqla Azərbaycan hakmiyyətinə təzyiq etmək yolunu seçdi. Ancaq sonda gördülər ki, bu yolla uğur qazana bilməyəcəklər və geri çəkildilər.

Noyabr seçkilərində Qərbin belə bir təşəbbüsdə bulunmasını gözləmək olar. Bir məqamı diqqətinizə çatdırım. 20 ildən artıqdır Əli Kərimli, İsa Qəmbər, Rəsul Quliyev , Eldar Namazov və digərləri bütün çıxışlarında bəyan edirlər ki, onlar Qərbyönümlü siyasətçilərdir və Azərbaycanın gələcəyini də Qərbdə görürlər. Ancaq adi bir jurnalist Xədicə İsmayılın həbsi onu göstərdi ki, sən demə, Qərbin siyasi dairələri Xədicə İsmayıla verdiyi dəyəri nə Əli Kərimliyə, nə İsa Qəmbərə, nə Rəsul Quliyevə, nə də Eldar Namazova verir . Bu adamların heç birinin Xədicə İsmayıl qədər hörməti yox imiş...



Teqlər:  





Xəbər lenti