SOCAR-dan 75 milyonluq bina ilə bağlı AÇIQLAMA

SOCAR-dan 75 milyonluq bina ilə bağlı AÇIQLAMA
  07 Yanvar 2015    Oxunub:2002
Türkiyənin ən böyük xarici investorlarından olan “SOCAR Türkiyə” sürətlə böyüyən şirkətlərini vahid mərkəzdə toplamaq məqsədi ilə yanvarın 6-da İstanbulun yeni yaşayış və iş mərkəzi ‘Vadistanbul’da sahəsi 19 min kvadratmetr olan bir blokun satın alınması haqqında müqavilə imzalayıb.
Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) AzVision.az-a verilən məlumata görə, sənədə əsasən, yeni bina 2016-cı ilin martında təhvil veriləcək, bundan qısa müddət sonra isə “SOCAR Türkiyə” özünün yeni mərkəzinə köçəcək.

“SOCAR Türkiyə”nin baş icraçı direktoru Kənan Yavuz imzalanma mərasimində deyib ki, Türkiyədə 20 mlrd. dollarlıq investisiya portfelini idarə edən və sürətlə böyüyən şirkətin ehtiyaclarını təmin edə biləcək mərkəzi idarəetmə binası üçün seçim apararkən onlar yalnız bu günü deyil, sabahı da düşünərək hərəkət ediblər: “Gələcəkdəki ehtiyaclarımızı da planlaşdıraraq “Vadistanbul Bulvar”ı seçdik. Hazırki ofisimiz şirkətimizin ehtiyaclarını ödəmək üçün yetərsiz olduğundan müxtəlif binalarda kirayənişin kimi həyata keçirdiyimiz fəaliyyətləri vahid mərkəzdə toplamaqla məsrəfləri azaltmaq, məhsuldarlığı artırmaq niyyətindəyik”.

O bildirib ki, yeni binanı “Odeabank” ilə iki il ödəniş aparmamaq şərti ilə 10 il müddətinə götürülən kredit hesabına maliyyələşdiriliəcək: “Bu kredit əlverişli olmaqla yanaşı, SOCAR-ın Türkiyədə icra etdiyi layihələrə bəslənilən yüksək etimadın göstəricisidir. Layihələrimiz sürətlə irəliləyərkən, şirkətlərimizin bütün funksiyalarının eyni mərkəzdə birləşdirməyin faydalı olacağına inanırıq. Etdiyimiz bu yatırımı əməkçilərin motivasiyasını yüksəldəcək bir vasitə olaraq görürük”.

Mərasimdə vurğulanıb ki, “SOCAR Türkiyə” İstanbulun Ayazağa səmtində həyata keçirilən “Vadistanbul Bulvar” layihəsinə daxil olan 19 min kvadratmetrlik bloku “Odeabank” ilə imzaladığı 2 ili ödənişsiz olmaqla 10 illik kredit müqaviləsi çərçivəsində 75 mln. dollara satın alıb.

AzVision.az


Teqlər:





Xəbər lenti