Müdirsiz işləyən dövlət qurumları...

Müdirsiz işləyən dövlət qurumları...
  07 Yanvar 2015    Oxunub:11903
Hazırda Azərbaycanda bir neçə dövlət qurumu var ki, orada rəhbər postu boş qalır. Aylardır bu qurumlar rəhbərlərinin yolunu gözləyir. Bunlardan biri Dövlət Statistika Komitəsidir.

Belə ki, komitə sədri Arif Vəliyev ötən il uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. İndiyədək onun yerinə təyinat aparılmayıb. A.Vəliyevin səlahiyyətlərini müavinləri icra edir.

Qeyd edək kiŞ A.Vəliyev 1961-ci ildən 1990-cı ilədək Dövlət Statistika Komitəsində müxtəlif vəzifələrdə çalışıb. 1992-1993-cü illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasında böyük məsləhətçi vəzifəsində işləyib. 1993-cü ilin may ayından Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri vəzifəsində çalışıb. 2014-cü ilin yayında xəstəlikdən dünyasını dəyişib. Hazırda komitə sədrini əvəz edən yoxdur.

Bu günlərdə isə Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) rektoru Siyavuş Qarayev dünyasını dəyişib.

S.Qarayev uzun sürən ağır xəstəlikdən sonra vəfat edib. 1970–1982-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda kiçik, sonra böyük elmi işçi, elmi-tədqiqat şöbəsinin kimya bölməsinin rəhbəri, "Üzvi kimya" kafedrasının dosenti və elmi işlər üzrə prorektorun müavini vəzifələrində çalışıb. 1982-ci ildən indiyədək "Üzvi kimya" kafedrasının müdiri, 1988 – 1997-ci illərdə kimya-texnologiya fakültəsinin dekanı, 1997-ci ildən vəfat edənə qədər Azərbaycan Dövlət Neft Akademiyasının rektoru olub.

Vəfat edən Azərbaycan Dövlət Neft Akademiyasının rektoru Siyavuş Qarayevi hazırda tədris işləri üzrə prorektor Vaqif Qurbanov əvəz edir.

Ötən ilin son sayı Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) baş direktoru Nazim İsmayılov uzun sürən xəstəlikdən vəfat edib.

N.İsmayılov ANAMA-nın yaradıldığı tarixdən - 1998-ci ildən agentliyin rəhbəri vəzifəsində çalışıb. O, “Şərəf nişanı ordeni”, “Tərəqqi” medalı, “Şöhrət” ordeni və “Azərbaycanın Əməkdar Mühəndisi” fəxri adı ilə təltif olunub. 2001-ci ildən ANAMA-nın direktoru olub. O, Azərbaycanda milli humanitar minatəmizləmə potensialının yaradılmasında mühüm rol oynayıb. Hazırda agentlikdə direktor yeri boşdu.

Boş qalan yerlərdən biri də Azərbaycan Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələridir. Ötən ilin mart ayının 11-də HDQ-nin komandanı vitse-admiral Şahin Sultanov vəzifəsindən azad olunub. Daha sonra müdafiə nazirinin əmri ilə I dərəcəli kapitan Şahin Məmmədov HDQ-nin qərargah rəisi vəzifəsinə təyin olunub. Ş.Məmmədov 2014-cü ilin mart ayının sonlarında HDQ-nin qərargah rəisi I dərəcəli kapitan Yunus Məmmədov vəzifəsindən azad olunduqdan sonra HDQ-nın qərargah rəisi vəzifəsinin icrasını həyata keçirib. Həmin vaxtdan Ş.Məmmədov həm də HDQ-nın komandanı vəzifəsini icra edir.

Qeyd edək ki, bir müddət əvvəl Respublika Hərbi Prokurorluğu tərəfindən HDQ-də yoxlamalar həyata keçirilib. Yoxlamalar zamanı HDQ-də qanun pozuntuları aşkar edilib. Aşkarlanmış qanun pozuntuları ilə bağlı Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və qanunazidd əməlləri törətməkdə təqsirli bilinən bir neçə nəfər, həmçinin HDQ-nin sabiq komandanı, vitse-admiral Şahin Sultanov təqsirləndirilən şəxs qismində cəlb edilməklə Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında Bakı Hərbi Məhkəməsinin qərarı ilə barələrində həbs-qətimkan tədbiri seçilib.

Ş.Sultanov Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinib.

Bu günlərdə isə Bakı Hərbi Məhkəməsində Azərbaycan Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunası barədə verilən vəsatətə baxılıb. Onun barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə qərar qəbul edilib və o, azadlığa buraxılıb.

Anar Kəlbiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti